ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
O, müasir Azərbaycan ədəbiyyatının ən məhsuldar simalarından biridir. Bu gün doğum gününü qeyd edən yazıçı-dramaturq...

ƏDƏBİYYAT
25.06.2022, 14:28 Oxunub: 2462 O, müasir Azərbaycan ədəbiyyatının ən məhsuldar simalarından biridir. O, söz sərrafı, söz xiridarıdır. Sözün ilahi yükünün dəyərini bilənlərdəndir. Bilir ki, bu dünyada əvvəl müqəddəs söz yaranıb. Bu həyatda onu yazmaq qədər məmnun edən ikinci nəsə yoxdur və bu, ürəyinin səsidir... Bu ürəyin sahibi haqqında deyirlər "elə bil üzündən nur yağır"... Görünür, ziyalı sözündəki ziya da elə bu nurdan gəlir... Söhbət bu gün doğum gününü qeyd edən dəyərli ziyalı Hüseynbala Mirələmovdan gedir.
Yazıçı-dramaturq, professor Hüseynbala Mirələmov müsahibələrində qeyd edir ki, “ona görə yazıram ki, bu həyatda məni yazmaq qədər məmnun edən ikinci nəsə yoxdur. Özümü tanıyandan, kağız-qələmlə ünsiyyətim başlanandan yazmışam, orta məktəbin dördüncü sinfinə gedəndən üzü bəri yazıram və ömür vəfa eləsə, indən sonra da eyni şakərimdən əl çəkən deyiləm”.
Ədəbiyyatımıza orta məktəbdə yazdığı “Bir tikə çörək” hekayəsi ilə gələn yazıçı bu gün həyat qədər həyati hekayələri, povestləri, romanları, pyesləri ilə tanınıb, böyük oxucu kütləısinin sevgisini qazanıb, əsərləri dünyanın bir çox dilinə çevrilib.
1001info.az olaraq əlinə qələm aldığı gündən bu günə kimi ürəyinin səsinə qulaq asan, ədəbiyyatımızı dəyərli əsərləri ilə zənginləşdirən Hüseynbala Mirələmovu təbrik edirik, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
1001 info.az daim yaradıcılıq axtarışında olan ədibin 7-ci sinifdə yazdığı hekayəsini təqdim edir.
Bir tikə çörək
Bahar günlərindən biri idi. Səhər yağışından sonra günəşin qızılı şüaları buludların arasından süzülərək məxmər kimi çölləri, yaşıl yamacları al qumaşa boyamışdı.
Gəlini evdə olmadığı üçün Kübra xala çadrasını başına atdı, zənbili götürüb kiçik nəvəsi Elçinlə bazarlığa getdi. Kübra xala bazarı gəzə-gəzə çörək mağazasının yanına gəldi. Mağazada hər cür çörəklər, qoğallar satılırdı. Özü də bütün yeyinti şeylərindən ucuz! Bəli, çörək boldur. Kübra xalanın nəzərləri bir anlıq mağazadakı çörəklərin üstündə donub qaldı.
Xəyal onu qanadlarına alıb çox uzaqlara apardı...
...O zaman Kübra xalanın 28 yaşı ancaq olardı. 10 ilə yaxın idi kənd yoxsullarından birinə ərə getmişdi... Aclıq illəri idi. Kənd yoxsulları hər gün varlıların evlərində nökərçilik edib, bir parça çörək qazanırdılar. Onlar sübhçağı işə gedər, şər qarışanda öz darısqal daxmalarına qayıdardılar.
Günlər, həftələr ağır-ağır ötüb keçirdi. Ardı-arası kəsilməyən yağışlar dayandı, xəzan fəsli öz yerini qişa verdi.
Nuravud kəndinin Aşağı- Oba adlanan hissəsi o qədər sükunətli və darıxdırıcı idi ki, uzaqdan köhnə qəbiristanlığı xatırladırdı. Kiçik daxmalarda yaşayan yoxsulların dərdi böyük və ağır idi.
Aşağı Obada yaşayan Kübra xalanın daxmasında həyat çox acınacaqlı və kədərli keçirdi. Əri Feyruz kişi öldüyü gündən, Kübra xala hər gün evlərində min cür əzab-əziyyətə qatlaşır, ərinin nişanəsi kiçik Məmmədi saxlamaq üçün, varlıların söyüş və təhqirlərinə belə dözməli olurdu. Kübra xala iki gündür xəstədir, onun bədəni qızdırma içində yanır... Ana sanki öz qızdırmasının hərarəti ilə bu ocaqsız komanı qızdırmaq istəyirdi. Onun başı üstündə iri qulaqlı papağını gözlərinə qədər basan 12-13 yaşlarında bir oğlan durmuşdu. Uşağın çuxura düşmüş kiçik qara gözləri, soyuqdan tir-tir əsən nazik barmaqları, xəzan vurmuş payız yarpağıtək saralmış bənizi ona həddindən artıq yazıq bir görkəm verirdi. Anasına baxdıqca ürəyindən qara qanlar axırdı. Bir də, axı anası xəstə olduğu gündən onlara heç kəs çörək gətirmirdi. Məmməd elə bilirdi çörək anasından ötrü qiymətli dərmandır, anası çörək yesə, tezliklə sağalacaq. Aclıqdan Məmmədin özünün də ürəyi uçunub gedir, ayaqüstə dayana bilmirdi. Dizlərinin taqəti kəsilsə də son gücünü toplayaraq anasının həyatını təhlükədən qurtarmaq üçün hər cür əzab- əziyyətə dözməyi qət etdi.
Balaca Məmməd anasının saralmış üzünə, çuxura düşmüş gözlərinə bir də baxdı. Dərindən ah çəkib köks ötürdü və iti addımlarla qapıdan çıxdı.
Məmməd çətinliklə Yuxarı Obaya çatdı. Obada heç kəs görünmürdü. O, bir tikə çörək tapmaq üçün özünü hündür hasarla əhatə olunmuş evin həyətinə verdi. Həyət-bacada heç kəs görünmürdü. Məmməd həyətdə bir müddət hərəkətsiz dayanıb yazıq-yazıq qapıya baxdı. Bədbəxtlikdən uzun müddət qapını açan olmadı.
Onun nəzərləri həyətin yuxarı başındakı kiçik it yuvasına sataşdı. Lakin it gözə dəymirdi. Deyəsən o da sahibi kimi qarnını doyurub yatmışdı. Məmməd qorxu içində irəlilədi, itin yuvası ağzında bir tikə çörək gördü. Yavaş-yavaş irəli gəlib çörəyi götürdü. Bir tikə çörək parçası sanki onun donmuş əlinə hərarət, yaşarmış gözlərinə sevinc gətirdi. Məmməd həyət qapısından çıxmaq istəyəndə hardansa peyda olan it onun üstünə cumaraq şalvarının bir qıçını şırıqladı. O, güc-bəla ilə özünü çöl qapıdan bayıra atdı. Məmmədin qəlbini bürüyən qorxunu əlindəki bir parça, quruyub qaxaca dönmüş çörəyin sevinci əvəz edirdi. Amansız külək elə bil bu balaca oğlanın qəlbində yaranmış sevinci ona çox görərək, yerdəki, havadakı qarı süpürərək qəzəblə onun üzünə çırpır, gözlərinə dolduraraq irəli buraxmaq istəmirdi. Uşağın inadla irəliləməsindən sanki qəzəblənmiş çovğun onu basmarlayıb qarın üstünə yıxdı. Məmməd nə qədər çalışsa da qalxa bilmədi.
Yavaş-yavaş qaş qaralır, külək şiddətlənirdi. Lakin Məmməd tapdığı çörək parçasını öz donmuş əlində möhkəmcə sıxaraq sanki küləyə deyirdi: "Yox, yox verməyəcəyəm! Xəstə anam yolumu gözləyir, anam bu çörəyi yesə, mütləq, mütləq sağalacaq. Külək var qüvvəsi ilə yenidən nərə çəkərək sanki gücsüz uşağın inamını qırmaq üçün daha dəhşətlb uğuldayırdı.
Kənd yoxsulları axşam obaya qayıdarkən Məmmədi də gətirdilər. İtin qabağından götürdüyü bir tikə çörək parçası - hələ də onun donmuş əlində idi. Qonşular ocağı qalayaraq Məmmədi ayıltdılar...
- Oğul, zənbilimi çörəklə doldur, - deyə Kübra xala dilləndi.
Çörək satan kişi qarının onunla zarafat etdiyini düşündü, lakin üzündəki ciddiliyi, gözlərindəki atəşi görüb doğrudan da bunun həqiqət olduğuna inandı.
-Nənə, ay nənə, bu qədər çörəyi neyniyirsən, - deyə Məmmədin oğlu Elçin Kübra xalanı sanki yuxudan oyatdı.
- Yox, yox, ay bala, uşaq düz deyir, iki kiloqram lazımdır, - deyə Kübra xala dilləndi. Sonra dərindən ah çəkərək: "Eh, dünya, dünya! O günlər bir daha geri qayıtmasın", - sözlərini kədərlə pıçıldadı.
Hüseynbala MİRƏLƏMOV,
"Leninçi" qəzeti,
7 noyabr 1961-ci il
