ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
EŞQİN RƏNGLƏRİ - romandan hissə

ƏDƏBİYYAT
18.06.2025, 11:30 Oxunub: 3949
EŞQİN RƏNGLƏRİ
(romandan hissə)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin əri
Yalçın - 34 yaşında, Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
NEMƏT
İşdə otağımın pəncərəsi yaşıllıqlara bürünmüş parka açılır. Yaz günəşinin şüaları altında hərdən orada əl-ələ tutub gəzişən cütlükləri görürəm...Gülçinin bu gün yenə seansa gələn günüdür. Qapını astaca tıqqıldatdılar, sevincək döndüm, Gülçin gəlmişdi. Ağappaq mələk kimi geyinmiş, dalğalı saçlarını çiyinlərinə atmışdı. Salamlaşıb hər seansdan əvvəl olduğu kimi bir müddət kresloda sakitcə oturdu. Əlində böyük kvadrat bir bağlama vardı, ağ kağıza bükülmüş, üzərinə çəhrayı lent bağlanmışdı. Tabloya bənzəyirdi. Düşündüm ki, yəqin ya emalatxanadan gəlir, ya da buradan çıxıb emalatxanaya gedəcək deyə özü ilə hansısa tablosunu götürüb. Qarşısındakı kresloya keçib əyləşdim. Gülümsəyib əhvalını xəbər aldım. Özünəməxsus ətri, gözlərinin dalıb gedən baxışı bir andaca beynimi dumanlandırdı. Sakitcə gülümsəyib, sonra da sirli bir üz ifadəsi ilə əlavə etdi:
- Bu gün sizə bir hədiyyə gətirmişəm, — dedi. Gülümsədi, amma bu gülümsəmənin altında gərginlik sezilirdi. — Avtoportretimdi, güzgü qarşısında özümü çəkmişəm. Sizə də, hisslərinizə də böyük hörmətim var, ona görə mənim üçün də əziz olan bu əsəri sizə bağışlamaq qərarına gəldim. Baxmaq istəyərsiniz?
Ürəyim qəfəsdə vurnuxan bülbülə döndü, nəfəsim kəsildi. Sevindim, həyəcandan məni tər basdı. Sevincək tablonu alıb sevdiyi qadına qovuşmaq həsrətilə yanan aşiq səbirsizliyi ilə üstündəki lenti açdım. Kağızın xışıltısı otaqdakı səssizliyi pozdu. Portreti görəndə elə bildim yer ayağımın altından qaçdı... Yarıçılpaq avtoportret idi. Güzgü qarşısında özünü çəkdiyi möhtəşəm bir rəsm əsəri idi. Əsərin ruhunda məşhur rəssam Frida Kahlonun üslubu hiss olunurdu. Qarşımdakı bu avtoportret bir rəssam qadının nə qədər dürüst və cəsur ola biləcəyini göstərirdi. Gülçin güzgü qarşısında şəffaf gecəlikdə oturub özünü çəkmişdi. Rəsmdə sinəsi açıq gecəliyin altından yumru və gözəl döşləri, ağlı başdan çıxaracaq qədər gözəl göbəyi şəffaf qiyafəsindən görünən dünyalar gözəli bir qadın baxırdı...Tabloda gecəliyi islaq idi, döşlərinin çəhrayı üzümə bənzər gilələri aydınca sezilirdi, əlindəki qədəhdə qırmızı şərab vardı, yarıaçıq dodaqları da elə içdiyi şərab rəngində idi... Rəsmə, daha doğrusu, tablodakı Gülçinə heyran qalmamaq mümkün deyildi. Elə bil bədənimin bütün qanı yanaqlarıma vurdu, hiss elədim ki, sifətim od tutub yanır. Ürəkdən təşəkkür edib tablonu yenidən ağ kağıza bükdüm...
Gülçin bu avtoportreti onun daxili ehtirasının, çılğınlığının ifadəsi idi. Gözlər qaranlıq, eyni zamanda dərin idi. Sanki yuxusuz gecələrin ora kölgələri düşmüşdü. Fon zeytun yaşılı idi. Saçları fırçanın sərt zərbələri ilə çəkilmişdi, dəniz dalğalarını xatırladırdı.
Portretin ən təəccüblü cəhəti isə onun baxışları idi — bir həkim kimi yox, bir kişi kimi dəhşətli dərəcədə hissə qapıldım. Bu portretdəki Gülçin indi seans otağında qarşımda oturan qadından daha real, daha doğma görünürdü. Çünki tabloda bütün hissləri və bədəni ilə qarşımda açıılmışdı.
— Misilsiz gözəldir, — dedim, özümü ələ almağa çalışdım, mən bir həkim idim, bunu unutmalı deyildim.
— Özünü necə hiss edirdin bu tablonu çəkəndə?
— Elə bil birini çox sevib, amma heç vaxt toxuna bilməyəndə necə hiss edirlərsə elə... Bu toxunulmazlıq içində donub qaldığım anı portretə köçürdüm.
Özümü saxlaya bilməyib dedim:
- Bəlkə də mənim içimdəki duyğuları çəkmisən, amma öz varlığında.
- Bəlkə də... — deyib Gülçin gözlərini qaçırdı.
Otağa bir anlıq sükut çökdü. Seansımıza davam etdik, ona evdə edəcəyi bir neçə psixoloji tapşırıq verdim. Xudahafizləşəndə məni qucaqlayıb təşəkkür etdi, yanağımdan öpdü. Bədəninin, saçlarının qoxusu ağlımı başımdan alırdı. Onun dodaqlarına yapışmaqdan özümü zorla saxlayırdım. Amma mən peşəkar həkim idim, bunu unutmamalı idim. Lakin hər peşəkarın da bir zəif nöqtəsi var. Gülçin də mənim zəif nöqtəm idi. Azmış kimi yarıçılpaq avtoportretini də gətirib məni yenidən oda saldı...
Gecə evə qayıdanda portreti açdım. Kitab rəfinin üstündə divara söykədim. Sonra dayanıb uzun-uzadı baxdım. Divarda yerini dəyişdim, işığın enməsini izlədim, üz cizgilərinə düşən kölgələrə, fırça toxunuşlarına diqqətlə baxdım. Nəhayət, portret özünə layiq yerini tapdı — yataq otağımın pəncərəsinin yanında divara asdım. Səhər oyanıb gözümü açanda ilk baxdığım yer oradır.
Sonra kresloda oturub uzun müddət onu izlədim. İçimdəki səs isə susmurdu: "Sən o Gülçini yox, burada çəkilən qadını sevirsən, Nemət. Onun çəkdiyi versiyanı. Onun özü sənə uzaqdır. Qəlbi də, vücudu da başqasına aiddir, sən isə onun göstərdiyi hisslərlə dolu bu kölgəyə aşiq olmusan..."
Elə bil portretdəki Gülçin nəfəs alırdı. Gözlərini məndənçəkmirdi. Sanki mənimlə danışırdı. Deyə bilmədiyi hər şeyi tablosunda deyirdi. Bir neçə saatın içində bu portret evimin ən əziz əşyasına çevrildi, məni özünə əsir elədi. Ayağa qalxıb barmaqlarımı onun üzündəki, bədənindəki cizgilərdə gəzdirdim, gözlərim yumuldu, sanki bütün cazibədarlığı ilə real olaraq qarşımda dayanmışdı. Bu tablonun qarşısında peşəkarlıq bitir, sevən bir kişi peyda olurdu. Sevdiyim qadın artıqyanımdadır. Sakitcə pıçıldadım: “Artıq heç kim Gülçini mənim əlimdən ala bilməz, o mənimlədir, mənimdir, yalnız mənim...”
BÖYÜKKİŞİ
İş günü bitsə də otağımdan çıxmamışdım. Pəncərədən şəhərin üstünü örtən axşam işığını seyr edirdim. Yazın nəfəsi elə bil binanın daş divarlarına hopmuşdu, binaların kölgələri uzun-uzadı yerə uzanmışdı. Hamı çıxıb getmişdi, mənimsə elə bil nə ürəyim, nə ayaqlarım evə getmək istəmirdi. Bu gün İlkanə ilə aramızdakı söhbəti xatırlayırdım...
Əvvəllər onu sadəcə mühasibin köməkçisi kimi tanıyırdım. Son günlər isə hər baxışında, hər danışığında fərqli bir cazibə sezirdim. Bu gün bütün işçilər mənə maliyyə -təchizat hesabatı verməli idilər. Buna görə İlkanə ilə axşamacan sənədlərlə məşğul olduq. O mənə yaxın oturmuşdu, səliqə ilə əlindəki qovluqları izah edirdi, bəzən hansısa məsələnin üstündə dayananda başını mənə tərəf çevirib baxır, gözlərimiz qarşılaşanda bir anlıq susurdu. O sükutda min söz vardı. Mən də o susqunluqda azırdım – bəzən ona qulaq asdığımı unudur, sadəcə səsini, nəfəsini dinləyirdim.
- Böyükkişi müəllim, bu tender məsələsində sizcə qarşı tərəf ciddi görünürmü? — İlkanənin səsi məni xəyallardan ayırdı.
- Düzünü desəm, bilmirəm... Amma sənin fikrinə güvənirəm, sən necə düşünürsən? Qadınların altıncı hissi qüvvətli olur deyirlər, hissin sənə nə deyir?
Gülümsədi, astaca cavab verdi:
- Qadınların da hissləri bəzən yanıla bilər, qadın bu zaman yanındakı kişinin gücünə arxalanmaq istəyir. Siz məsələn, insana elə bir arxayınlıq, inam verirsiniz, adam sizə güvənmək istəyir.
Bir an susduq. Qarşımızdakı kompüterlərin səssiz monitorları da sanki bizi dinləyirdi. Cəsarətimi toplayıb dilləndim:
- Sən mənimlə bağlı düz hiss eləmisən, İlkanə, həqiqətən, hər bir mənada mənə güvənə bilərsən...
- Siz çox dəyişmisiniz, Böyükkişi müəllim, — birdən dedi.
- Nə baxımdan? —baxışlarımı ondan çəkmədən soruşdum.
- Bilmirəm, əvvəllər daha sərt görünürdünüz. Yaxından tanıdıqca görürəm ki, mehriban, istiqanlı insansınız. Amma elə bil qəribə bir yorğunluq var gözlərinizdə.
- İllər və insanlar adamı yorur, İlkanə...
Bu dəfə bilərəkdən “İlkanə xanım” yox, adını dedim, aramızdakı səmimiyyəti artırmaq istəyirdim. O sanki mənə güvən və sevgi ötürürdü.
- Ya da bəzən bir qadın insanın həyatına daxil olub onun həyatını dəyişir, yorğunluğunu alır.
Sözlərimin arxasındakı mənanı anlamasını istəyirdim, düz gözlərinin içinə baxaraq söylədiyim cümlələrdən həyəcanlandığı hiss olunurdu.
Bir anlıq susdu, bu sükutda səmimi bir razılıq vardı. Sonra gözümün içinə qəribə bir ilıq təbəssümlə, sevgiylə baxıb dedi:
- Elədir, bir –birinə uyğun insanlar rastlaşanda həyat cənnətə dönür...
Mən bu anı çoxdan yaşamamışdım – bir qadının baxışından, səsindən, yanımda olmasından doğan qəribə, doğma istiliyi az qala unutmuşdum. O istilik içimi bürüyəndə nə Gülçin, nə də keçmişin köhnəlmiş vərəqləri ağlıma gəlirdi. Gülçinlə aramız artıq bu otağın divarlarından da soyuq idi. O, çoxdan başqa bir aləmin sakini olmuşdu.
Mən isə İlkanənin yanında əyləşmişdim – həyatın özü qədər canlı, sevgi dolu bir qadının varlığında özümü tapmağa başlamışdım.
İlkanə başını qovluqdan qaldırıb üzümə baxdı. Gözlərində işıq parlayırdı. Elə bil ürəyimi oxuyurdu.
- Bilirsiniz, bəzən insan çox yaxınında olan şeyləri illərlə görə bilmir. Sonra bir gün nəsə dəyişir və hər şeyə başqa gözlərlə baxmağa başlayırsan.
Sözlərinin altında gizlənmiş mənanı hiss etdim. Gülüməsyib başımla təsdiqlədim.
— Bəli, haqlısan... O baxışdan sonra geri dönüş olmur, hər şey dəyişə bilir, heç bir şey əvvəlki kimi olmur.
Bircə anlıq sükut içində ikimiz də eyni şeyi düşündük – aramızda hələ adı qoyulmayan, amma artıq real olan hansısa duyğu yaranmaq üzrəydi...
Hesabat bitəndən sonra o, təbəssümlə sağollaşıb otaqdan çıxdı. Onun otaqdan çıxması ilə sanki ətrafa qəribə bir səssizlik çökdü. Gözüm saata dikildi, iş günü bitmək üzrəydi, amma içimdə həyat yenidən başlayırdı.
Masamın kənarındakı Gülçinlə özümün şəkli qoyulan kiçik çərçivə gözümə sataşdı. Bunu evləndiyimiz il çəkdirmişdik, onda hələ Gülçin hamilə idi, ikimizin də xosbəxt olduğu vaxtlar idi. Qeyri- iradi şəkil çərçivəsini üzüüstə çevirdim. Xoşbəxtliyimiz elə o çərçivələrdə qalmışdı. Gülçin artıq mənim həyatımda sadəcə bir fon idi – yüngül, solğun bir rəsm kimi arxada qalmışdı. Onun yerində indi İlkanə adlı başqa rəngli bir tablo canlanırdı.
Qəlbimdəki bu yeni duyğunun hələ adı yox idi, amma bilirdim ki, o duyğu artıq doğulub. Artıq geriyə dönə bilməzdim, dönməyəcəkdim.
O gün iş otağında biz artıq bir-birimizin iç dünyasına ilk dəfə addım atan iki insan idik.
Gecə işıqları yanmağa başlamışdı, pəncərənin o üzündə qaynayan şəhərin işıqlarını seyr edə-edə düşündüm: “ Sevmək- sevilmək sənin də haqqındır, Böyükkişi... Bu dəfə sən bütün səhvlərindən nəticə çıxarıb daha gözəl bir həyat quracaqsan və alınacaq...”
YALÇIN
Gülçinin emalatxanasında sanki başqa zaman mövcud idi, orada yalnız onun qanunları ilə işləyən kətanlı, boyalı, palitralı dünya vardı. Gülçin əlindəki fırça ilə yüngülcə kətana toxunurdu, bədəninin hər hərəkəti sanki rəqs addımlarına bənzəyirdi. O, hər dəfə mənə baxanda, içimdəki ehtiras qasırğası daha da şiddətlənirdi.
Gülçinlə birgə olanda sanki bütünlüklə onun enerjisinə bürünürdüm. Belə qadınlar var, hətta sənə toxunmasalar belə, onlardan ətrafa qəribə bir sevgi, ehtiras istiliyi yayılır. Onunla bir yerdə olanda sanki artıq bədənimdə qan yox, onun palitrasındakı rənglər dolaşırdı. Gülçinlə keçirdiyim hər an, hər toxunuş, hər nəfəs mənim varlığımı başdan aşağı dəyişdirirdi.
Amma həyatımda yolumu başqa səmtə aparan bir istiqamət də vardı – məni Nilufərə aparan, məni Gülçinin bu rəngli aləmindən qoparıb "ağ-qara" bir dünyaya aparırdı.
Evdə artıq atam da evlənməyimlə bağlı dilə gəlmişdi. Ailəmin ümidləri, tələbləri, planları məni boğurdu, həyatımı yaşamağa imkan vermirdi.
— Yalçın, Nilufərgil bu həftə xaricdən qayıdır, vaxt elə bir kofeyə dəvət et onu, oturub danışın, bir-birinizlə yaxından tanış olun,— atamın səsindən səbr və qətiyyət arasında qaldığı hiss olunurdu.
Gülçinlə indi aramda baş verən bu sevgi fırtınası ilə müqayisədə Nilufərin sakit dünyası məni heç vaxt cəlb etmirdi. Amma atamın sözləri və anamın gah qınayıcı, gah çarəsizliklə üzümə dikilən baxışları qarşısında zəifləyirdim.
Axırda əlacsızlıqdan razılıq verdim. Dedim ki, Nilufərlə tanış olacağam, amma xoşuma gəlməsə, evlənməyəcəyəm. Nilufəri öz gələcəyim kimi görmürdüm, daha doğrusu, görmək istəmirdim.
Nilufəri şəhərdəki bahalı restoranların birinə dəvət etdim, evlərinin qarşısından gedib maşınla götürdüm. Atalarımız çoxdan dost idilər, ona görə də atam təkid elədi ki, ayıbdır, qız özü gəlməsin, get sən götür, apar restorana. Buna da razılaşmışdım. Nilufər əslində yaxşı qız idi, təhsilli və zəmanəylə uyuşmayacaq qədər sakit biri idi. Məndən yaşca xeyli kiçik idi, amma hiss edirdim ki, ailəvi dostuq deyə valideynləri onun mənimlə ailə qurmasını istəyir, yəni yaş məsələsinə elə də fikir vermirlər. Əsas odur ki, qızları etibarlı bir evin gəlini olsun. Restoranda Nilufər menyunu sakitcə bağlayıb, “sən mənim yerimə də özünə sifariş verdiyindən söylə” dedi. Razılaşdım, nədənsə onun bu mütiliyi, ilk gündən tabe olması, ixtiyarı mənə verməsi xoşuma gəldi. İstər-istəməz Gülçinlə onu müqayisə elədim. Nilufərin sakitliyi və Gülçinin çılğınlığı. Tamamilə bir-birinə zidd qadınlar idi... Nilufərlə qısa söhbətimizdə bir daha əmin oldum ki, o, öz ailəsikimi bir ailəsinin olmasını istəyir. Onun atası zəhmli, uzun illərdir rəhbər vəzifədə işləyən birisi idi. Evdə daim sözü keçən, zabitəli ər və tələbkar ata idi. Ona görə də Nilufər də belə bir ər arzulayırdı. Söhbətimizdə hiss etdim ki, Nilufərlə evlənsəm, kənarda neylədiyim də onu maraqlandırmayacaq, başı evə, övlada qarışıb öz kiçik dünyasında yaşayan bir qadın olacaq. Bu, mənim evlilik qorxumu azaldırdı. Deməli, evlənsəm də, azadlığım əlimdən alınmayacaq, həyatımın zövqləri məhdudlaşmayacaqdı. Restorandan onu evinə aparanda artıq Nilufərlə evlənəcəyimə qərar vermişdim. Amma Gülçini də heç vaxt həyatımdan çıxarmayacaqdım, o daim mənim qadınım olaraq qalacaqdı. Anama Nilufərlə evlənməyə razı olduğumu deyəndə sevindiyindən ağladı, əllərini göyə açıb “Şükür Allaha, onda nişan hazırlığımıza başlayaq, oğlum” dedi.
Gülçinlə olan gizli münasibətim ürəyimdə bir alov kimi yanırdı. Hiss edirdim ki, bilə-bilə özümü iki fərqli həyatın, iki fərqli dünyanın arasında sıxışıb qalmağa məhkum edirəm. Bilirdim ki, evlənəcəyim evdə xoşbəxt olmayacağam, amma təsəllim vardı ki, ən pis halda Gülçinin rəssam emalatxanası mənim üçün sevgi sığınacağı olacaq, orada sevib-seviləcəyəm. Mənim üçün sevgi, ehtiras, ailə, məsuliyyət və qorxu ilə dolu yeni bir həyat yolu başlayırdı...
GÜLÇİN
Bu gün seansa gedərkən həkimimə hansı tablomu aparacağımı xeyli düşündüm. Hansı avtoportretimi özümlə götürüm ki, həssas ruhumu ifadə etsin? Sonda qərara gəldim: yarımçılpaq halda oturub çəkdiyim o tablonu aparacağam. Bu, həm də o demək idi ki, mən ona etibar edirəm, indiyəcən ruhumun açılmayan tərəflərini də ürəklə onun qarşısında açıram. O, həm həkim, həm də insan kimi məni ən yaxşı anlayan adamdır. O portretlə Nemətin qarşısına çıxmaq təkcə bir sənət əsərinin nümayişi deyildi, öz məhrəm duyğularımı da tamamilə ona həvalə etmək idi.
Daxilimdə qarışıq duyğular dolaşır. Nemətin mənə qarşı olan hissləri, onun məni sevməsi, qayğısı, diqqəti qadınlıq heysiyyətimi, zövqümü oxşayır. Amma bu zövqün altında ağır, acı bir həqiqət də var: qəlbimin dərinliyində yerini heç kimə güzəştə getməyəcəyim birisi – Yalçın dayanır. Nemətin gözlərində daim özümü axtarıram, orada yalnız sevgi deyil, həm də dostluq və hörmət var. Bu da onunla olan mənəvi bağlarımı daha da gücləndirir. Yalçınla bəzi məsələləri açıq danışa bilmirəm, hiss edirəm ki, bəzi hallarda qadınlıq qürurum hər şeyi sonunacan onunla danışıb-bölüşməyə imkan vermir. Amma Nemət həkimə həm də uzun illərin dostu kimi yanaşaraq onunla hər şeyi danışa bilirəm, ondan hər cür məsləhət, tövsiyə alıram. O, mənim təkcə terapistim deyil, həm də yaxın sirdaşımdır.
Bu gün seansdan çıxandan sonra emalatxanaya getdim. Yolboyu Novxanıdakı emalatxanama çatana qədər maşında fransız müğənnisi Edit Piafı dinlədim. Onun səsinin vurğunu idim. Özüm kimi dəli-dolu, çılğın və bəxtsiz qadın olub... Bu gün emalatxanada tək qalıb gecə saatlarına qədər işləyəcəkdim. Yalçın da bir görüşü olacağını demişdi, deməli, emalatxanaya gəlməyəcəkdi. Ondan ötrü darıxsam da, özümü sındırmadım, telefonla danışanda “yaxşı, əzizim, vaxtın olanda gələrsən” dedim.
Emalatxanaya çatan kimi pəncərələri açıb otaqları havalandırdım, əynimdəki hər şeyi çıxarıb qısa, sadə bir köynək geydim, sadəcə iki düyməsini düymələdim. Qəhvəmi içəndən sonra rənglərimi, palitramı hazırlayıb işə başladım. Hava qaralırdı, içəridəki bütün işıqları yandırdım, torşeri yaxınıma çəkdim. Gözləmədiyim halda qapıya açar salındı, ürəyim həyəcandan çırpındı. Bu, Böyükkişi ola bilməzdi, çünki o heç vaxt nə rəsmlə, nə də mənlə maraqlanmırdı, onda açar da yox idi. Bu, dəqiq Yalçın idi, çünki keçən görüşümüzdə emalatxananın ehtiyat açarlarından birini ona vermişdim. Sevincək qapıya sarı getdim, Yalçın idi. Qapıdan içəri girən kimi qucağına atladım. Möhkəmcə öpüb boynuna sarıldım. O da eyni coşqunluqla məni qucaqlayıb öpdü. Divanda oturub üzərində işlədiyim rəsmə baxmağa başladı. “Narahat olma, işinə davam et, mən də bu əynindəki köynəkdə necə cazibədar şəkildə işləməyinə zövqlə tamaşa edəcəyəm” dedi. Gülərək köynəyin yaxasını tamamən açdım, altdan görünən çılpaq bədənimi ehtirasla, sevgiylə süzdü, divana uzanıb gözünü mənə zillədi... Bir az rəsm çəkdikdən sonra, yaxındakı başqa təmiz bir kətanı qarşıma çəkdim və çevrilib dedim:
- Soyun, Yalçın...
Əvvəlcə çaşqınlıqla duruxdu, sonra gözümün içinə baxa-baxa köynəyinin düymələrini açmağa başladı. Mən də öpə-öpə ona soyunmağa kömək edirdim... Yalçın sanki qədim yunan mifologiyasından çıxıb gələn bir qəhrəmanın heykəli idi – möhtəşəm, güclü, eyni zamanda sirli və cəlbedici idi. Güclü çiyinləri, əzələli qolları, qüvvətli əlləri, qıvraq bədəni ilə tamamilə mərmər heykəlləri xatırladırdı. Ona emalatxanamın natura podiumunun üstünə çıxmasını və dediyim şəkildə oturmasını dedim.
Təmiz kətana fırçanın ilk toxunuşlarını etdim, Yalçının naturadan portretini çəkməyə başlamışdım... Fırçamın hər hərəkətində, hər rəngdə Yalçının sevimli bədəninin xətlərini çəkməyə çalışırdım. Duyğularımın, düşüncələrimin, ehtiraslarımın, sarsıntılarımın əksini tam ifadə etmək mümkün deyildi, hisslərim işləməyə mane olurdu.
Onun əzələlərinin titrəməsi, dərindən nəfəs alması nəbzimin ritmini dəyişir, məni ehtiraslandırırdı. Yalçının bədəni həyatın özü kimi əzəmətli, dolğun, canlı və sevgi dolu idi. Hər toxunuşum sanki kətanın üstündə üstündə yumşaq, ehtirasla rəqs edirdi. Hiss edirdim ki, Yalçının səbri çatıb podiumun üzərində dayana bilmir. Kətandan aralanıb ona yaxınlaşdım. Fırçamı palitramın üstündəki rənglərə batırıb onları qarışdırdım. Bu dəfə onun çılpaq bədənində çəkməyə başladım... O əvvəlcə buna təəccübləndi, sonra gülüb dedi:
- Başqa hansı çılğınlığını üstümdə sınaqdan keçirmək istəyirsən?
Gülüb cavab verdim ki, səninlə bütün dəlilikləri eləməyə hazıram... Fırçamı qarışmış rənglərə toxundurub əvvəlcə sinəsində, ürək nahiyəsində gəzdirdim. Orada tünd yaşıl rəngli bir ürək rəsmi çəkdim. Sonra yavaşca fırçamı aşağılara doğru sürüşdürdüm... Onun bədəninin hər əzələsi mənim üçün bir kətana çevrilmişdi. Əlimdə fırça titrəyir, hər toxunuşla, hər fırça zərbəsi ilə daha da həyəcanlanırdım. Üzünə rənglər çəkməyə başladım — yumşaq, şəffaf çalarlarla onun dərisinin təmiz səthinə sanki içimdən gələn gizli hekayələri, arzuları yazırdım. Gözü ətrafında parlaq qızılı və bənövşəyi kölgələr rəqs edir, sanki onun baxışlarının dərinliyini və sirrini simvollaşdırırdı. Alın nahiyəsinə isə yumşaq mavi, sakit dalğalar kimi yayılırdı — sanki onun dərin düşüncələrini ifadə edirdi.
Bədənində isə rəngləri bir-birinə qarışdırdım, yumşaq qırmızılar ehtirasın alovunu, zəngin yaşıl tonlar isə həyatın dirçəlişini və yenilənməsini göstərirdi. Çiyinlərinə yüngülcə toxunub, fırçanın ucu ilə incə xətlər çəkdim — bu xətlər sanki onun gücünü, iradəsini vurğulayırdı. Hər rəng damlası, hər xətt bizim birlikdə yazdığımız eşq dastanının parçası idi.
Bu rəngli xəzinə ilə işləyərkən, bir anlıq sanki dünya dayandı. Səssizlikdə yalnız fırçamın sakit tıqqıltısı və Yalçının nəfəsi vardı. Onun bədəninə rəngləri çəkərkən, öz ruhumu da kətana açırdım, onun bədənində öz izlərimi qoyurdum.
Hiss edirdim ki, Yalçın ehtirasdan alışıb –yanır, özünü güclə saxlayır. Bir addım kənara çəkilib müxtəlif rənglərə boyadığım bədəninə həzzlə kənardan baxdım. Sonra fırçanı, palitranı bir kənara tullayıb eşqin rənglırinə boyanmış sevgilimin qarşısında diz çökdüm. Dodaqlarımı bədənin rənglənmiş yerlərinə xəfifcə toxundurmağa başladım... Yalçın gözünü yumub inildədi. Onu naturadan çəkmək yox, sevmək lazım idi. Allah onsuz da onu ən gözəl bir tablo kimi çəkib yer üzünə yollamışdı, mənə isə bu tablonun rənglərini, cizgilərini öpmək, sevmək qalırdı...
Onun pıçıltıları sanki alov kimi ürəyimi isidirdi. Emalatxananın divarları, kətanlar, rənglər – hamısı bizim aramızdakı bu sevginin şahidi idi. Qulağıma pıçıldadı:
— Bəzən düşünürəm, biz niyə bu qədər ehtirasla yanırıq? Niyə bu alov sönmür?
Öpüşlərdən nəfəsim kəsilə-kəsilə dilləndim:
- Çünki bizim sevgimiz yalnız bədənlə yox, ruhla da bağlıdır.
Yalçının kətandakı rəsmini yarımçıq saxlayıb, onun özündə özünü çəkirdim. Düşündüm ki, bəlkə də ən gözəl portret tamamlanmamış olandır. Çünki yarımçıq qalmış rənglərdə, yarımçıq qalmış hekayələrdə həyat özü gizlənir. O an anladım ki, aramızda baş verənlər sadəcə bir ehtiras deyil, ürəyimizin ən incə tellərinə toxunan, hər gün yenidən kəşf etdiyimiz sirli eşq rəqsidir…
MÜƏLLİF
Nemətin danışdığı və mənim yazdığım bu romanda hər bir obrazın özünəməxsus dərinliyini və zəifliyini görürəm. Nemətin içində gizlətdiyi ehtiyatlı sevgi məni dərin düşüncələrə aparır — o, sanki öz duyğularını qoruyub saxlayır.
Böyükkişiyə gəlincə, onun laqeydliyi, bəzən də yumşaqlığə mənə həyatın mürəkkəbliyini xatırladır. O, keçmişin ağırlığını daşıyan, amma sevgi sayəsində özünü yeniləməyə çalışan bir insan kimi çox təbii təsir bağışlayır.
Yalçın isə ürəyimdə oyanan gənclik həyəcanını canlandırır. Onun azad sevib-sevilmək arzusu insan olmağın, özünü tapmağın qarışıq anlarıdır.
Gülçin isə yaradıcılıq və duyğuların birləşdiyi, həssas və güclü bir varlıq kimi mənə ilham verir. O, sevginin, sənətin, rənglərin dilində danışan qadın obrazıdır. Onun varlığı mənə insan ruhunun, qadın təbiətinin dərin və mürəkkəb tərəflərini göstərir.
Bu dörd şəxsiyyət bir-birindən fərqli, amma eyni zamanda bir-birini tamamlayan simvollardır. Onlar insanın özünü kəşf etməsinin, qorxuların və arzuların canlı nümunələridir.
İnsanları qınamamaq lazımdır, çünki hər kəsin içində özünəməxsus anlaşılmayan və mürəkkəb bir dünyası var. Kimlərisə qınamaq çox vaxt haqsızlıqdır, çünki hər kəsin öz mübarizəsi var, hamı öz qorxuları ilə savaşır. Qınamaq yerinə anlamağa çalışmaq, mərhəmət göstərmək daha insanidir və dəyərlidir. Anlamaq və bağışlamaq ürəyimizi genişləndirir. Cəmiyyətin qaydalarına görə, bəlkə də bu obrazlar düzgün yaşamırlar. Amma mən onları qınaya bilmərəm. İnsanın tam hekayəsini bilmədən, yalnız görünən tərəfi ilə hökm vermək ədalətsizdir. Onlar da hamımız kimi qorxur, sevir, itirir və çoxlu səhvlər edirlər. Bu, onların insan olduğunu göstərir. İnsan olmağın yolu isə həm də səhvlərdən, günahlardan keçir…
(ardı var)
Hüseynbala Mirələmov

Digər xəbərlər
