ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Təranə Vəlizadə ilə Eyvazın duet janrında oxuduğu nəğmələr aləmə yayılmışdı... Elşad Qoca yazır

MƏDƏNİYYƏT
18.05.2022, 16:18 Oxunub: 14731
İki nəğmə birləşəndə, yaxud yada düşər xatirələr
Azərbaycan dövlət radiosundan açılan qəfil telefon zəngi xəyalən məni çox uzaqlara apardı. Adaşım Elşad birbaşa mətləbə keçdi: - radionun fondunda cavan yaşlarında dünyasını dəyişmiş tanınmış müğənni Eyvaz Həsənovun tələbəlik illərində oxuduğu bir lent yazısını tapmışam.
Eyvaz haqqında veriliş hazırlamaq istəyirdim, nə ətraflı materialım vardı, nə də kimləri verilişə dəvət edəcəyimi bilmirdim. Sağ olsun Cavanşir müəllimi, mənə Sizin telefon nömrənizi verdi: "Heç uzağa getmə, odey, dostumuz Elşad, Eyvaz Həsənovla yaxşı münasibətləri vardı, onunla danış, hər şey qaydasına düşəcək ", - dedi. Razılaşdıq, adaşımız və Xuraman xanımın zəhməti nəticəsində maraqlı bir veriliş ortaya çıxdı. Verilişdə Eyvazla ilk tanışlığımızdan, onun yüksək mədəniyyətindən, insanlığından, musiqiyə olan məhəbbətindən, ürəkləri oxşayan nəğmələrindən söhbət açdıq. Həm də təəssüfləndik, radionun musiqi fondunda Eyvazın az sayda lent yazıları qalsa da, televiziyada demək olar ki, onun ecazkar sənətindən əsər-əlamət qalmamışdı. Neyləyəsən, bu da bir taledi. Deməli, Eyvazın unudulmaz, özünəməxsus sənətini yalnız radio dalğalarında eşitmək mümkün olacaq. Şəxşən mən Eyvazın Təranə Vəlizadə ilə oxuduğu əvəzsiz duetləri, bir də onun səsinə, mənim fikrimcə, daha cox uyğun ğələn lirik nəğmələri hec vaxt unutmayacağam. Yaxşı ki, onun Təranə xanımla və özünün oxuduğu mahnıların bir qismi radionun fondunda qalıb. Mənim Eyvazın ifasında bəyəndiyim ən uğurlu nəğmələrdən biri, bəlkə də birincisi böyük bəstəkarımız Ramiz Mirişlinin İslam Səfərlinin sözlərinə bəstələdiyi "Dalğalar" idi. Son dərəcə peşəkar bir ifaydı. Bu nəğmənin digər tanınmış ifaçıları da vardı. Ancaq Eyvaz Həsənovun "Dalğalar"ı tamam başqaydı. Sanki bu nəğmə məhz onunçün yazılmışdı, onun səsinə biçilmişdi. Bir sözlə, Azərbaycan radiosunun Eyvaz Həsənova həsr etdyi veriliş mürgülü xatirələri oyatdı, yaddaşıma həkk olunmuş bir-birindən maraqlı məqamları yada saldı. Eyvazla tanışlığımiz mənim tələbəlik illərimə düşmüşdü. 1981-ci ilin yay ayı idı. IV-cü kursda, indiki BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Hərdən dostlarımızla, əsasən də Vasif Quliyevlə "Azneft"də yerləsən və ziyalıların tez-tez yığışdığı çayxanaya gələrdik. O vaxtlar buraya kimlər gəlmirdı, 80-ci illərin tanınmışları- alimlər, yazıçılar, şairlər, aktyorlar. Axşam tərəfi hava sərinləşəndə çayxanada oturmağa yer olmurdu. İsti yay axşamlarının birində Vasiflə bulvarı o tərəf-bu tərəfə ölçdükdən sonra özümüzü çayxanaya saldıq. Bir azdan Vasifin daha yaxşı tanıdığı görkəmli sənətkarımız Qulu Əsgərov, məşhur nağara ustası Çingiz Mehdiyev, müğənnilər Eyvaz Həsənov və Fərman Cəfərov gəldilər. Vasifin dəvəti ilə bizim stolda əyləsdilər. Onu da deyim ki, gələnlərin hamısı ilə tanışlığım vardı, yalnız Eyvaz Həsənovla tanış deyildim. Tanış olduq. Bax beləcə, bizim Eyvazla tanışlığımız basladı. Sonralar tez-tez görüşməyə başladıq. O, çox savadlı, mədəni və geniş dünyagörüşə malik insan idi. Ədəbiyyatı gözəl bilirdi, xüsusən də klassik ədəbiyyatı. Aşıq ədəbiyyatından elə gözəl nümunələr söyləyirdi ki. Özü də tələsmədən, aram-aram. Aşıq Ələsgər yaradıcılığından saatlarla danışardı. Aşıq Ələsgərin hər bir kəlməsi musiqidir, deyirdi. Rəhmətlik bəstəkar-müğənni Qulu Əsgərovla daha çox bir yerdə olurdular. Ümumiyyətlə, Eyvaz onun sənətinə və şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bəzən incə zarafatları olurdu. Sonralar hərdən-hərdən təklikdə görüşərdik. Bu o günlər idi ki, artıq Təranə Vəlizadə ilə Eyvazın duet janrında oxuduğu nəğmələr aləmə yayılmışdı. Get-gedə onların duet repertuarı bir-birindən gözəl nəğmələrlə zənginləşirdi. Onların duetləri sanki hitə çevrilmişdi. Qoy heç kim məni qınamasın, bu mənim şəxsi qənaətimdir, Təranə xanımla Eyvaza qədər də bu janra müraciət edənlər olmuşdu. Ancaq heç kimsədə onlar qədər gözəl, maraqlı alınmamışdı. Bir məsələni də qeyd etmək fikrimcə, yerinə düşər. Bu janra həmin dövrlər elə də çox müraciət olunmurdu. Düzdür, əvvəllər Nərminə Məmmədova, Sinan Səid, Elmira Rəhimova, Yaşar Səfərov, Gülağa Məmmədov, Flora Kərimova, Anatollu Qəniyev, Teymyr Mustafayev, Nəzakət Məmmədova və başqaları bu janrda yaddaqalan, könül oxşayan nəğmələr oxumuşdular. Lakin arada bir boşluq yaranmışdı. Təranə Vəlizadə Eyvaz Həsənov cütlüyü bu boşluğu yüksək səviyyədə doldurdu. Musiqisevərlər bu ifaları böyük maraqla qarşıladılar. Bu cütlüyün bir cəhəti də diqqəti özünə cəlb edirdi. Ayrı-ayrı mahnıların ifasından fərqli olaraq duet oxuyan zaman tərəf-müqabillər bir-birini hiss etməli, tamamlamalıdırlar. Həm də onlarda müəyyən artistlik məharəti olmalıdır. Hərəkətlə, mimika ilə, jestlərlə oxuduğu mahnının mahiyyətini açmağa çalışmalıdırlar. Belə olanda dinləyicilər mahnılardan zövq ala bilirlər. Təranə xanımla Eyvazın möhtəşəm sənətində məhz bu keyfiyyətlər üstünlük təşkil edirdi. Eyni zamanda, bu cütlük biri-birilərinə çox yaraşırdılar. Təranə xanımı çoxlarımız həyatda da, səhnədə də görmüşük. Gözəl xanımdır. Rəhmətlik Eyvaz da yaraşıqlı insan idi. Bütün bunlar Təranə Vəlizadə və Eyvaz Həsənovu tamaşaçılara daha çox sevdirirdi. Fikrimiz aydın olsun deyə onların oxuduqları duetlərdən birinə müraciət edək. Belə bir duet var, Eyvaz oxuyur:
Hər yan çəmən, çəmənzar,
Hər gülün bir ətri var
O güllərin birini
Gəl səninçün üzüm, yar.
Bir azdan Təranə xanımın şaqraq şəlaləni xatırladan səsi eşidilir:
Lalənin bağrı qandır
Bənövşə pərişandır,
Üzmə, üzmə, amandır
Bülbül bizdən inciyər.
Bax, bu "İnciyər" dueti Təranə xanımla Eyvazın ifalarında ən gözəl sənət əsərlərindən biriydi. Xüsüsən də gənclər bu dueti çox sevirdilər. Yaxşı yadımdadır, onların ayrı-ayrı konsert salonlarındakı çıxışları böyük maraqla qarşılanırdı. Səhnə mədəniyyətlərində də bir özünəməxsusluq vardı. Heç kəsi yamsılamırdılar, özlərinə uyğun orijinal ifa maneraları axtarıb tapırdılar. Bu da onların orijinal müğənni kimi formalaşmalarına böyük kömək göstərirdi. Eyvaz həmişə deyirdi ki, sənətdə keçmişi öyrənmədən yenilik etmək mümkün olmur. Ona görə də biz klassik irsə tez-tez müraciət edir, öyrənməyə çalışırıq. Bu baxımdan Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Əbülfət Əliyev, Rübabə Muradova, Qulu Əsgərov və Şövkət Ələkbərova sənəti əvəzsizdir. Onların yaradıcılıqları örnək, görüb-götürmək məktəbidir.
Beləcə Eyvazla dostlaşdıq, axır vaxtlar tez-tez görüşməyə başladıq. Dostluq öz yerində, istər Eyvazın, istərsə də Təranə xanımın sənəti məni sanki ovsunlamışdı. Dövri mətbuatda onlar haqqında bir yazı yazmaq qərarına gəldim. Bir neçə dəfə danışdıq, alınmadı. Gah Eyvazın işi olurdu, gah da mənim. Nəhayət, məsələni qətiləşdirdik. Görüşürük, vəssalam. Elə bu gün, axşam. Oktyabr ayının əvvəlləri idi. Tələsik tələbə yoldaşım Cümşüd İsgəndərlə görüşdüm. Amandır, dedim - kömək elə. Eyvazla bu gün axşama danışmışıq, görüşməliyik. Bir neçə şəkil çəkərsən. Cümsüd eyni zamanda, çox gözəl fotoqraf idi, yazdığı materialların şəkillərini özü çəkərdı. Haydı getdik. Onda Eyvaz ailəsi ilə birlikdə "Baksovet"də kirayədə yaşayırdı. Təranə xanım bizi böyük hörmətlə qarşıladı. Dadlı mürəbbə ilə qəşəng çay süfrəsi açdı. Söhbətdə Xəyalə də iştırak edirdi. Üç-dörd, bəlkə də beş yaşı olardı. O axşam nədən danışmadıq. Şəxsı həyatdan tutmuş sənətəcən. Məlum oldu ki, Eyvaz Aşıq Ələsgərin vətənində, Göycə mahalında telli sazın laylası altında dünyaya gəlib. Sonra muğam beşiyində böyüyüb. Təranə xanım Bakıda böyüsə də əslən Şəkidəndir. Özü də səhv etmirəmsə, Çələbilər nəslindən olduğunu söylədi. Hər ikisi də indiki Asəf Zeynallı adına musiqi kollecini bitirmişdilər. Sonra yollar haçalanmışdı. Təranə xanım indiki Bakı Dövlət Universitetinin filologiya, Eyvaz isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültələrıni bitirmisdilər. Yollar müxtəlif olsa da, tale onları birləşdirib. Ailə qurublar. Bəs musiqi sənətimizdə həmin dövrlər cox da populyar olmayan duet janrına məhəbbətləri hardandır, sualına Təranə xanımın cavabı indiki kimi yadımdadır: - Xalq dastanlarında bu janrın nümunələrinə tez-tez rast gəlinir. Bu janrda müğənni özünə qapılıb qalmır. Əksinə, sərbəstlik verir, özünü ifadə etməyə imkan yaranır. Ona görə də Eyvaza dedim ki, gəl duet hazırlayaq. O da məni dəstəklədi. İlk mahnını da Eyvaz özü seçdi. Bəstəkar Nəriman Məmmədovun şair İsgəndər Coşqunun sözlərinə bəstələdiyi "İnciyər" mahnısını ciddi şəkildə hazırlamağa başladıq. Bu mahnının üzərində əməlli-başlı işlədik. Həyəcanlıydıq. Bu janrda ilk işimiz idi, çox istəyirdik ki, gözəl bir duet alınsın. İnsafən alındı. Azərbaycan radiosu və televiziyası dəfələrlə bu mahnını səsləndirdi. Nə qədər məktublar aldıq. Bizi sevənlər bu janrda fəaliyyətimizi davam etdirməyi məsləhət görürdülər. Yaxşı ki, bəstəkarlarımız belə bir vaxtda bizə kömək əllərını uzatdılar. Duet repertuarımız qısa müddət ərzində zənginləşdi. Bəstəkarlardan Emin Sabitoğlunun "Deyişmə", Oqtay Kazımovun "Məhəbbət dueti", "Gecəniz xeyrə qalsın", Nəriman Məmmədovun "Dağlarda" mahnıları repertuarımızı zənginləşdirdi. Çox keçmədi ki, bizim iştirakımızla Azərbaycan radiosu və televiziyasında "Duet axşamı", "Deyişmələr" səslənməyə başladı.
O günləri yaxşı xatırlayıram. Təranə Vəlizadə və Eyvaz Həsənovun duetləri tamaşaçılar tərəfindən sözün həqiqi mənasında böyük rəğbətlə qarşılanırdı.
Tələbə yoldaşım Cümşüd İsgəndər fürsətdən istifadə edərək xeyli şəkillər çəkdi. Həmin axşam Eyvazın bir bacarığı da məlum oldu. Onun şeir yazmağı da varmış. Bir-birindən gözəl şeirlər oxudu. Kaş o şeirləri də qələmə alaydıq. Çox təəssüf. Onun Təranə xanıma həsr etdiyi bir şeiri bizi daha çox valeh etdi. Eyvazın şeirlərinin dili sadə və aydın idi. Kaş onun şeirlərini toplayıb çap etmək mümkün olaydı. O axşam Eyvazgildən böyük əhval-ruhiyyə ilə ayrıldıq. Onlar haqqında yazacağım yazının planını artıq beynimdə cızmışdım. Uzun çəkmədi, materialı tez hazırlayıb ərsəyə gətirdim. Sən demə, işin elə ən asan hissəsı bura qədərmiş. Problem bundan sonra başladı. O illər ölkədə cəmi-cümlətanı on yeddi-on səkkiz mərkəzi qəzet-jurnal çap olunurdu. Müxtəlif redaksiyalarda oldum, hərəsi də bir bəhanə gətirdi. Bəzən materialı götürdülər, bir müddət saxladılar, qaytardılar. Guya tez qaytara bilməzdilər. Nəhayət, növbə "Qobustan" jurnalına çatdı. Sağ olsun, Tofiq Abdini, materialı qəbul edib oxudu, 1 və 2-ci nömrələrimiz tutulub, yalnız 3-cü nömrədə verə bilərik, dedi. Jurnalın ildə cəmisi dörd dəfə çıxdığını və nömrələrin də mətbəədə vaxtından gec çap olunduğunu nəzərə alsaq xeyli gözləməliydik. Razılaşdıq. Olsun. Material jurnalda dərc olunanda mən artıq Sibirdə, Novosibirsk şəhərində hərbi xidmətdəydim. Tələbə yoldaşım Vasif Quliyevə xahiş etmişdim ki, jurnaldan üç-dörd nüsxə saxlasınlar. Onunla telefon əlaqəsi saxlayanda dedi ki, təbrik edirəm, materialın "Qobustan" jurnalının 1982-ci il tarixli 3-cü nömrəsində "Yaradıcı gənclik" rubrikası altında "İki nəğmə birləşəndə" adı ilə dərc olunub. Mən Bakıya bir də 1984-cü ilin sentyabrında qayıtdım. Eyvazla təsadüfən "Bakı" qəzetinin redaksiyasında görüşdük. Çox sevindi, təşəkkür elədi. - Çox axtardım səni, sonra Vasıfdən soruşdum, əsgərlikdədir, söylədi. Yazı xoşumuza gəldi, dedi. Xeyli söhbətləşdik. Dağı arana, aranı dağa qarışdırdıq. Yeni mahnılardan söhbət açdıq. Bu zəhmətkeş cütlük son iki ildə (mənim əsgərlikdə olduğum illər nəzərdə tutulur) böyük işlər görmüşdülər.
Sonralar da ara-sıra görüşürdük. Daha əvvəlki vaxtlar deyildi. Mənim də ailə qayğılarım artmışdı, işim çoxalmışdı. Eyvaz yeni mahnılar üzərində işləyir, radioda, televiziyada, ayrı-ayrı konsert zallarında çıxış edir, toy məclislərinə gedirdi. İmkan tapan kimi çayxanada görüşüb dərdləşirdik.
Günlərin bir günü işə səhər tezdən gəlmişdim, qapını açıb iş otağıma keçdim. Telefon zəng çaldı, öz-özümə deyindim, səhər tezdən kimdir görəsən? Vasif idi, səsində bir narahatçılıq vardı. Bir az ordan-burdan danışdıq. Sözlü adama oxşayırdı. - Səhər-səhər sənə acı bir xəbər verim, Eyvaz Həsənov rəhmətə gedıb, dünən avtomobil qəzasına düşüb, dedi. Əllərim əsdi. Elə bu zaman tələbə və iş yoldaşım, indi haqq dünyasında olan rəhmətlik Ağasəf Məmmədov otağa girdi. Təəccüblə üzümə baxdı. Özümü toparlayıb vəziyyəti ona danışdım. - Heyif, çox heyif, gözəl insan idi. Allah rəhmət eləsin,- dedi.
Bir müddət özümə gələ bilmədim. Eyvazın qəfil və faciəlı ölümü hamı kimi məni də sarsıtmışdı. Yaradıcılığının çiçəkləndiyi bir dövrdə bu istedadlı və zəhmətkəş insanın ömrü yarımçıq qaldı.
Aradan uzun illər keçib. Azərbaycan dövlət radiosunun unudulmaz müğənni Eyvaz Həsənov haqqında hazırladığı verilis bizi o günlərə qaytardı. Yenidən olub-keçənləri xatırladıq, yada saldıq. Özünəməxsus səsi, sənət yolu və taleyi olan Eyvazın lent yazılarına təzədən qulaq asdıq. Və bir daha Eyvaz Həsənov sənətinin nə qədər unudulmaz, yaddaqalan olduğuna inandıq. Uca Allahdan ona rəhmət, ailəsinə, dostlarına, yaxınlarına və Eyvazsevərlərə səbir diləyirəm.
Elşad QOCA
