ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Səhnə cazibəsinin şirinliyi

MƏDƏNİYYƏT
01.05.2025, 16:02 Oxunub: 55FİRƏNGİZ MÜTƏLLİMOVANIN DOĞUM GÜNÜNƏ ÜNVANLANAN TƏBRİKİN QƏZET "AÇIQCASI"
Adətən aktyorlar tamaşaçı məhəbbətini ildən-ilə uğurlu obrazları ilə qazanırlar və pərəstişkarları onun oynadığı yeni səhnə personajına inam dolu ovqatla baxırlar. Epizod-epizod aktyorun ifasından süzülən maraq tamaşaçıları tədricən ümumi estetik qənaətə gətirir, sevgisinə təzə sevgi qatır, yaddaşına pərəstiş etdiyi sənətkara ehtiram pilləsinin biri də artır.
Az sayda elə aktyorlar da var ki, onların səhnəyə çıxması, ilk sözünü deməsi, yaxud ilk sözsüz hərəkəti ilə tamaşaçıların həzz mexanizmini, səmimiyyət duyğusunu işə salır və sanki onun mütləq uğur qazanacağına inamı qətiyyətlə güclənir. Səhnə-salon bağlantısının ilk telləri yaranır və istedadlı aktyor rəngbərəng ilmələrini vurur. Belə olan təqdirdə tamaşaçının aktyorun peşəkarlığına inamı artır, rəğbət bəslədiyi aktyorun vurduğu naxışların finalda kamil "sənət xalçasına" çevriləcəyinə qəlbində əminlik yaradır.
Bunun üçün mütləq və mütləq aktyorda Tanrının verdiyi ürəkaçan məlahət, emosional cazibə, dadlı şirinlik, təbii səmimiyyət, göz oxşayan zəriflik olmalıdır. Xüsusən aktrisalarda; necə ki, bütün bu keyfiyyətlər Hökümə Qurbanovada, Barat Şəkinskayada, Nəsibə Zeynalovada, Nəcibə Məlikovada, Leyla Bədirbəylidə, Amaliya Pənahovada, Şəfiqə Məmmədovada... vardı. Tanrının belə sevgi payından ənam kimi səxavətlə bəxş etdiyi sənətkarlardan biri də Xalq artisti Firəngiz Mütəllimovadır.
Firəngiz xanım istisnasız olaraq bütün rollarında bir aktrisa kimi məlahətlidir. Bu məlahət duyğulara tumar çəkəndir, gözoxşayandır, peşəkarlıqla yoğrulandır. Milli dram teatrında 1980-ci ildə ilk rolu Qumralla ("Əliqulu evlənir", Sabit Rəhman) Firəngizin səhnə məlahəti xiridar tamaşaçıları cəlb elədi, onların ruhunda səhnədə yaz kəpənəyi kimi "uçan" aktrisaya sevgi hissi oyanmağa başladı. Oyanan sevgi onun bir-birinin ardınca 1981-ci ildə oynadığı Leyla ("Səhra yuxuları", Anar), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Birinci kölgə ("Maqbet", Vilyam Şekspir), 1982-ci ildə ifa etdiyi Qaratel ("Mirzə Şəfi", Nəbi Xəzri), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə) rolları ilə daha da dərinləşdi, genişləndi, özünə ilk pərəstişkarlarını qazandırdı. Televiziyada Tariyel Vəliyevin rejissorluğu ilə hazırlanan "Səni axtarıram" (1983-cü il), "Bağışla", "Səndən xəbərsiz" (Aslan Qəhrəmanov) trilogiyasındakı Gülnar (yöndaşı Elçin rolunda Yaşar Nuriyev idi) obrazı Firəngizin səhnə məlahətini teatr dairəsindən çıxardı, televiziya vasitəsi ilə pərəstişkarlarının sayını milyonlara çatdırdı.
Firəngiz Mütəllimovanın səhnədəki yapışıqlı şirinliyi tamaşaçılara o qədər sirayət edib ki, onlar afişa və ya proqramda Firəngiz Mütəllimovanın adını oxuyanda artıq hər bir tamaşaçının daxilindəki həzzalma prosesi oyanır və intizarla tamaşanın başlanmasına köklənir. Aktrisanın cazibədar şirinliyi onun komediya səciyyəli səhnə personajlarına, kino obrazlarına, televiziya çıxışlarına sanbal verir, gülüşün təbiiliyini gücləndirir, asanlıqla, rahatlıqla, rəğbətlə ona tamaşaçı məhəbbəti qazandırır. Teatrda oynadığı Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Arvad ("Mənim ərim dəlidir", yaxud "Diaqnoz "D", Elçin), Həvva ("Varlı qadın", Əli Əmirli), Nağılçı ("Məlik Məmməd", nağıl-tamaşa), Dilarə ("Ox, qadınlar, qadınlar", Marat Haqverdiyev), Nigar və Nədidə ("Qanlı Nigar", Sadıq Şendil), Kəblə Fatmanisə ("Almaz", Cəfər Cabbarlı), "Atları yəhərləyin" ("Qaçaq Nəbi") filmindəki Sərvinaz obrazları öz real ifası, lirik-poetik yumoru ilə tamaşaçılarda emosional, zərif və xoş ovqatlı duyğular oyadır.
Firəngiz Mütəllimova fitrətən emosional cazibəyə malikdir və onun lirik-psixoloji obrazlarında həm açıq, həm də həssaslığa, məlahətə, şirinliyə bürünmüş "gizli" təbəssüm var. Ümumiyyətlə, məzəli komediyaların səhnə təcəssümündəki cazibə aktrisanın lirik-psixoloji janrlı tamaşalarda oynadığı rollarda tamamilə yeni ifadə vasitələri ilə təqdim olunur. Aynur, Mələk, Gülrux, Gülnaz ("Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani" və "Tənha iydə ağacı", İlyas Əfəndiyev), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Aypara ("Fəryad", Bəxtiyar Vahabzadə), Salehə ("Gülüstanda qətl", Cəmil Əlibəyov), Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Firəngiz ("Təhminə və Zaur", Anar), Tereza ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) obrazlarını xatırlamaq lazımdır ki, dediyim zəriflik, nurlu obrazlardakı səmimiyyət, bədii-estetik dəyərlər bir daha gözlərimiz önündə canlansın.
Təbii səmimiyyət, kövrək zəriflik, bulaq suyu kimi dupduru sadəlik bütün incəliyi ilə hər aktyora nəsib olmur. Cəsarətlə demək olar ki, ləzzətli, dadlı, təravətli, emosional duyğuları coşduran səmimiyyət Firəngiz xanımın qanında-canındadır. O, həyatda da istiqanlı, mehriban, şən bir xanımdır və onun bu psixoloji keyfiyyətləri, janrından asılı olmayaraq, bütün tamaşalarda aktrisanın dadına çatır, oynadığı rollara təzətərlik aşılayır. Dediklərim Xavər və Qaraçı qız ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadinin romanı əsasında Tofiq Kazımovun işləməsi), Tubu xanım ("Qarabağnamə", İlyas Əfəndiyev), Gülzar, Qonşu, Qadın ("Poçt şöbəsində xəyal", "Qatil" və "Arılar arasında", Elçin), Əsmər ("Günah", Rəhman Əlizadə) rollarında yüksək peşəkarlıqla, psixoloji reallıqla təcəssüm tapıb.
Aktrisanın zəngin yaradıcılığına əlvanlıq gətirən bədii təravət verən keyfiyyətlərdən biri də onun göz oxşayan zərifliyinin munisliyidir. Xüsusi qeyd etmək istəyirəm ki, Firəngiz Mütəllimovanın yaradıcılığının zinətlərindən biri olan bu keyfiyyət onun əcnəbi müəlliflərin əsərlərində oynadığı Birinci kölgə və Cadugər ("Maqbet", Vilyam Şekspir), Reya ("Böyük Romul", Fridrix Dürrenmatt), Anna ("Həyatın dibində", Maksim Qorki), Adela ("Dişi canavar", Federiko Qarsia Lorka), Aysulu ("Sokratı anma gecəsi", yaxud "Eşşək dərisi üzərində məhkəmə", Çingiz Aytmatov) rollarında da parlaq və emosional cazibə ilə tamaşaçını heyran qoyub.
Səhnə etikası, yöndaşlarına qarşı diqqətli və həssas olması Firəngiz xanımın yaradıcılığının səciyyəvi cəhətləridir. İstedadının psixoloji lirizmi müxtəlif yaş nəslinə məxsus sənətkarlarla çıxış etdiyi tamaşalarda heyrətamiz dərəcədə təbii, canlı, coşqulu və səmimi görünür. "Əliqulu evlənir"də Ağasadıq Gəraybəyli, Hamlet Qurbanov, "Səhra yuxuları"nda Həsən Turabov, Yaşar Nuriyev, Fuad Poladov, "Xurşidbanu Natəvan"da Amaliya Pənahova, Rafael Dadaşov, Əliabbas Qədirov, "Məhəbbət yaşadır"da Zərnigar Ağakişiyeva, Səməndər Rzayev, Hacı İsmayılov, "Mirzə Şəfi"də Nəcibə Məlikova, Şükufə Yusupova, Bəsti Cəfərova, Muxtar Avşarov, "Mənim ərim dəlidir"də Səyavuş Aslan, "Fəryad"da Mikayıl Mirzəyev, Hamlet Xanızadə, Kamal Xudaverdiyev, "Almaz"da Sabir Məmmədov, Hurəddin Mehdixanlı, "Biganələr otel"ində Zemfira Nərimanova, Ramiz Novruzov, "Təhminə və Zaur"da Məhluqə Sadıqova, Sofiya Bəsirzadə, "Böyük Romul"da Telman Adıgözəlov, "Lənkəran xanının vəziri"ndə Ətayə Əliyev, "Bizim qəribə taleyimiz"də Səfurə İbrahimova, "Qanlı Nigar"da İlham Namiq Kamal, "Gülüstanda qətl"də Həsən Məmmədov, "Dəlilər və ağıllılar"da Eldəniz Zeynalov, "Tənha iydə ağacı"nda İlham Əsgərov, "Sizi deyib gəlmişəm"də Mirvari Novruzova, Səidə Quliyeva kim sənətkarlarla ünsiyyətdə olub. İstisnasız olaraq, bütün aktyorlar Firəngiz xanımla səhnədə olanda onun heyrətamiz dərcədə təbii, canlı, coşqun ifasına heyran qalırlar. Mütəllimova xarakterlər toplusunun əlvanlığı ilə tamaşaçıların sevimlisidir.
Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Mərcan ("Evləri köndələn yar", Anar), Ana və Qız ("Unutmaq olmur", Əlibala Hacızadə), Almaz ("Topal Teymur", Hüseyn Cavid), Nazan ("Yad qızı", Əlibala Hacızadə), Günay ("Səninlə və sənsiz", Marat Haqverdiyev), Şefin arvadı ("İblis qadın", Arturo Raf), Nihal ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə) rollarının bədii-estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.
Firəngiz xanımın dadlı-duzlu parodiya-təqlid bacarığı var. Dəfələrlə şahidi olmuşam ki, rəhmətlik Həsən Turabov teatrda direktor və bədii rəhbər işlədiyi vaxtlarda bir az kefsiz olanda Firəngizi yanına söhbət çağırırdı. Firəngizin gəlişindən heç iki-üç dəqiqə çəkmirdi, Turabov şaqqanaq çəkib gülürdü. Günü bu gün də Firəngiz xanım dəhlizdə görünəndə, az-az bufetə düşəndə çöhrəsindən ancaq təbəssüm yağan sənətkarı hamı gülər üzlə, sevgili şadyanalıqla qarşılayır. Sanki onun təkcə gözləri yox, bütün vücudu gülüşə, təbəssümə, səmimiyyətə, ülfətə qərq olur.
Gizlin deyil ki, bəzi aktyorlardan bol-bol tərif yaz, səsi çıxmır. Ancaq bir "çimdik" tənqid yazanda az qala səninlə küsülü qalır, görüşəndə qaş-qabağı yer süpürür, salamı da ağızucu alır və ya verir. Ancaq Firəngiz xanımın hansısa bir teatrşünasdan incidiyini görməmişəm. Elə bir də buna görə, sevimli aktrisam Firəngiz Mütəllimovaya, əzizim Firəngiz xanıma, duzlu söhbətlərinin heyranı olduğum Firaya ehtiramım, rəğbətim sonsuzdur.
Bu gün onun doğum günüdür və sidq ürəkdən deyirəm: Firəngiz xanım, xoşbəxtsən ki, bu dünyaya nurlu qədəmlərlə gəlmisən, nə yaxşı ki, varsan...
Sənə çox-çox salamlarla, sevinc dolu təbriklərlə, cansağlığı arzuları ilə dostun:
İlham RƏHİMLİ

Digər xəbərlər
