usd-1.7000 eur-1.9400 rub-2.1438
Bakı 22°C 2.4 m/s
Son xəbərlər
05-06-2025
04-06-2025
03-06-2025
02-06-2025
23-05-2025
22-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

EŞQİN RƏNGLƏRİ

details

ƏDƏBİYYAT

04.06.2025, 14:43 Oxunub: 2034

Hüseynbala MİRƏLƏMOV

 

 

(romandan hissə)

 

Müəllif –

Gülçin – 32 yaşında, istedadlı rəssam 

Böyükkişi – 35 yaşında, Gülçinin əri 

Yalçın – 34 yaşında, Böyükkişinin müdiri 

Nemət – 45 yaşında, tanınmış psixiatr

 

NEMƏT

     Gülçin növbəti seansa gələndə tam başqa əhval-ruhiyyədə idi.  Üzündəki hüzn azalmışdı, solğun yanaqlarına rəng gəlmişdi. İçəri girəndən bəri coşqu ilə danışırdı.  Mən onun hər bir hərəkətini  diqqətlə izləyirdim.  Hiss edirdim ki, onun bu coşqunluğunun ardında nəsə qeyri-adi duyğular gizlənir. Gözlərinə sanki bu seansda daha diqqətlə fikir verdim, necə də gözəl idi. Baxışları insanın düz ürəyinin içinə zillənirdi. Onun seansa gələcəyini səbirsizliklə gözləmişdim. Halbuki, mən sadəcə həkim idim, o da mənim pasientlərimdən biri... Emosiyalarım soyuqqanlı olmağıma imkan vermirdi, amma mən təmkinimi qorumağa çalışırdım... Bu dəfə, özümü onunla baş-başa yalnız həkim deyil, bir insan kimi hiss edirdim.

"Həkim, sizin yazdığınız dərmanlar məni xeyli yaxşılaşdırıb" – dedi, sonra yavaşca gülərək əlavə etdi: “Amma Yalçını unutmağı düşünmürəm... ” Seans boyunca, o, yalnız Yalçın haqqında danışdı. Şövqlə hisslərini ifadə etdikcə parıldayan gözləri, qızaran yanaqları, gözəl biçimli dodaqları gözümün qarşısında parlaq işıqlar kimi sayrışırdı.  Qəfildən hiss etdim ki, qəlbimdə qısqanclıq baş qaldırıb. Gülçinin Yalçın haqqında belə alovlu danışması niyəsə qüruruma toxunurdu, daxilən əsəbiləşirdim. “Lənət şeytana...” pıçıldadım, su qrafinini yaxınıma çəkdim, Gülçinə su təklif elədim, istəmədi, özümə süzdüm, dolu stəkanı birnəfəsə başıma çəkdim. Gülçin sevdiyi kişi haqqında necə eşqlə danışırdı! Artıq mən qısqanmağa başlamışdım! Heç ağlıma belə gəlməzdi ki, mən bir həkim olaraq pasientimə qarşı sevgi-qısqanclıq qarışıq belə hisslər duya bilərəm. Özümə sual verirdim — bunlar  doğrudanmı mənim hisslərimdir, yoxsa sadəcə içimdə illərdir yatırdığım bir ehtiyacın yanlış zamanda baş qaldırmasıdır? Onun gözlərindəki baxış, səsindəki  titrəyiş bəzən məni adi bir həkim-pasient münasibətindən çox uzaqlara aparırdı. Bu, məni qorxutmağa başlamışdı.  Çünki mən bu hisslərə nə hazır idim, nə də haqqım olduğunu düşünürdüm. Amma insan ürəyi nə diplom tanıyır, nə də etik qaydalar. Daxilimdə bir tərəf bu duyğuları boğmağa çalışırdı, digər tərəf isə onların varlığını etiraf etdikcə rahat nəfəs alırdı. O an başa düşdüm: bəzi hisslər  seçim deyil, sadəcə baş verir  və sən yalnızca onları daşımağa məhkum olursan.

Bu təlatümü onun hiss etməsini istəmirdim.  Gülçin danışarkən sanki mən onun hər kəlməsinə daha çox bağlanırdım. Onun gözlərində Yalçına olan sevgi o qədər təmiz, o qədər ehtiraslı idi ki, mən indi Yalçının yerində  olmaq istəyərdim... Bu duyğuların nə qədər təhlükəli olduğunu başa düşürdüm. Amma heç bir şey bunu dayandıra bilmirdi – içimdəki hisslər daha da artmağa başlamışdı. Mən harada səhvə yol vermişdim, ürəyimə bu hisslər, bu qısqanclıq haradan yol tapmışdı? Görünür, hər bir kişinin arzusudur ki, onu Gülçin kimi bir qadın belə dəlicəsinə sevsin... O danışdıqca mən düşünürdüm ki, belə sevməyi bacaran bir qadın üçün hər şeydən keçməyə dəyər! O, hər dəfə “Yalçın” dedikcə qəlbimdə qarşısıalınmaz qısqanclıq,  hüzn dalğası yüksəlirdi.

Mən artıq onu eşitmirdim, sadəcə ürəyimdə qopan fırtına ilə mübarizə aparırdım.  Onun hər kəlməsi, hər sözü o fırtınanı daha da şiddətləndirirdi. Mən həkim idim, amma bu qısqanclıq, bu  ağrı, mənim peşəmi aşırdı və bu, düzgün deyildi, qeyri-peşəkar bir yanaşma idi. Gülçinlə seansı necə davam etdirəcəyimi bilmirdim. O, mənim həyatımda bir sınağa çevrilmişdi. Mən  həkim olduğumu unutmamalı idim, ancaq artıq hiss edirdim ki, o, qəlbimdə eşq qığılcımı yaradıb...

Gülçin bütün əzablarını, ən məhrəm sirlərini mənimlə paylaşırdı. Bu, mənim həm xoşuma gəlməyə başlamışdı, həm də əsəbiləşdirirdi. Gülçin sadəcə bir pasiyent deyil, bir cazibə mərkəzi idi. Amma bəyəm mən bunu qəbul edə bilərdimmi? Bu sevgi, bu ehtiras, mənim üçün yolverilməz idi... Özümü ələ almalı, işimə peşəkarlıqla davam etməliyəm. Bir neçə sual verdikdən sonra  yeni resept yazdım, tövsiyələrimə riayət etməsini tapşırdım. İndi mən özüm də ürəkdən arzulayırdım ki, o, bu sevgi vəsvəsəsindən sağalsın, Yalçını unutsun... Növbəti seansı bir həftədən sonraya təyin etdim.

   Gülçin otaqdan çıxandan sonra da vurduğu ətirin xoş rayihəsi  xeyli müddət otağımda qaldı, yaddaşıma hopdu. Gələn həftəni səbirsizliklə gözləməkdən savayı əlacım yox idi...

 

BÖYÜKKİŞİ

    ...Gülçinin sərgisinə xeyli  adam gəlmişdi. Amma mənim gözüm Yalçını axtarırdı. Bir az keçəndən sonra qapıdan direktorum içəri girəndə istər-istəməz sevindim. Özüm də bilmədim niyə?.. Yavaşca Gülçinə yaxınlaşdığını uzaqdan gördüm, özümü görməzliyə vurdum. Yalnız xeyli vaxtdan sonra onların artıq tanış olub söhbətləşdiyini görəndə yaxınlaşıb salamlaşdım. Yalçın heyranlıqla arvadıma və onun çəkdiyi rəsmlərə baxırdı. Daxilimdə bir qısqanclıq dalğası qalxdı, sonra da yoxa çıxdı, düşündüm ki, qısqanmalı nə var, onsuz da Gülçin mənimlə yaşayır, əvvəl-axır yeri mənim yanımdır.  Hiss olunmadan yanlarından uzaqlaşıb sərgi salonunun aşağısına doğru sivişdim. Yalçın ona nəsə deyirdi, Gülçin isə bütün diqqətini ona vermişdi. Mən isə uzaqdan yalnız onları izləyirdim. Kənar müşahidəçiyə çevrilmişdim. Həyatım boyu qısqanclığın nə olduğunu anlamamışam. Amma indi məni qəribə  bir qorxu bürümüşdü. Gülçin Yalçını sevəndən sonra boşanıb gedərsə, nə olacaq? Məişət rahatlığım,  evdəki o təbii harmoniya pozulmazmı? Özümdən bu fikirləri qovuram: “Yox, ola bilməz, aralarında ciddi heç nə ola bilməz...”

   Sərgidən tez çıxdım, zavodda həll ediləcək işlərim vardı. Gecə işimi yekunlaşdırıb evə qayıdanda narahatlığım daha da artmışdı. Qapını Gülçin açdı, üzündə füsunkar təbəssüm parlayırdı. Ancaq mənə qarşı əvvəlkindən daha məsafəli davranırdı, baxışlarında  qəribə bir uzaqlıq yaranmışdı. Yaxınlaşıb üzündən öpmək istədim, yanağını qaçırdıb, “qazın üstündə yemək var, yanacaq” deyib mətbəxə sarı yüyürdü. O, artıq əvvəlki Gülçin deyildi, sanki aramızda olan az-çox doğmalıq hissi  də yox olmuşdu.  Sakitcə yeməyimizi yedik,  hərə bir otağa çəkildi. Gecə onu indiyəcən heç olmadığı kimi arzulayırdım. Yataq otağımızın pərdələri tamamilə qapanmışdı, içəri qaranlıq idi, onun üzünü görmürdüm, amma məni əli ilə itələdiyini hiss etdim. Arxadan qucaqlayıb qüvvətlə özümə doğru çəkdim, “burax, yorğunam” deyə mızıldandı. Yuxum qaçmışdı, ehtirasdan gözüm heç nəyi görmürdü, amma o, israrla müqavimət göstərirdi. Axırda “əl çək, istəmirəm!” deyib qışqırdı.  Səsimi çıxarmadım, hirslənsəm də büruzə vermədim, üzümü çevirib uzandım. Əvvəllər də elə həvəslə ağuşuma atılmasa da, heç olmasa hərdən bir yaxınlığa izin verirdi, indi isə qəti şəkildə  məni özündən uzaqlaşdırırdı. Gülçini tamamilə itirmişdim. Onun başqasına aşiq olacağını  düşünmürdüm, uzağı, kiməsə meyil sala bilərdi. Sonra isə onsuz da birgə yaşamağa davam edəcəkdik. Yuxuya gedə bilmirdim, yerimdən qalxıb balkona çıxdım, siqaret yandırdım. Gecənin sükutunda başımdan üzərindən burum-burum qalxan siqaret tüstüsü havaya yayılırdı. Bir vaxtlar sevgili olduğumuzu xatırladım, hər şeyin artıq keçmişdə qaldığını nədənsə kədərlə xatırladım.  Gülçin çoxdan başqa biri olmuşdu. O, daha mənim istəyimlə yox, öz yolunda addımlayırdı. Mənim içimdəki bütün narahatlıqlar, qorxular bir-birinə qarışmışdı, amma mən bu gecə ona heç nə demədim. O, öz dünyasında idi. Bu dəyişiklikləri qəbul etməli idim. Yerimə qayıdıb uzananda Gülçin yataqda deyildi, iş otağının aralı qapısından işıq süzülürdü, Gülçin palitrası əlində, saçları cazibədar şəkildə dağılmış halda  kətanın üzərində nəsə çəkirdi…

 

YALÇIN

 ...Kabinetimdə kresloya yayxanıb dünənki sərgini, daha doğrusu Gülçini düşünürdüm. Baxışları, saçları, mütənasib bədəni, yumşaq səs tonu bir an da olsun ağlımdan çıxmırdı... O sadəcə gözəl bir qadın deyildi, o qarşısına keçən hər şeyi silib-süpürməyə qadir bir qasırğa idi! Sanki bir sınaq kimi anidən həyatıma daxil olmuşdu.  Bu sınağı qəbul etməyə də hazır idim, ancaq qəlbimin dərinlərində bəlkə də bir az qorxu da vardı. Lakin bütün narahatlıqlara və qorxulara baxmayaraq heç bir qüvvə məni Gülçindən uzaq dayanmağa məcbur edə bilməzdi. O mənim qadınım olacaqdı, vəssalam! 

 Gülçinin nömrəsini yığdım, açmadı. Səbrim çatmadı, yenidən yığdım. İncə səslə  “Alo” dedi, ürəyim titrədi. “Mənəm, Yalçın” dedim.

  • Salam, Yalçın müəllim, gözləmirdim belə tez zəng edəsiniz...
  • Olarmı rəsmiyyəti, “müəllimli”, “sizli-bizli” danışmağı bir kənara qoyaq? Səmimi şəkildə sadəcə adımızla bir-birimizə müraciət edək.
  • Olar, Yalçın... Sərgidən təəssüratın necə oldu, evə gedəndən sonra düşündünmü?
  • Düşündüm, çox düşündüm, cəkdiyin tabloları da, səni də...

Telefonun o başında susdu. O sükutda çox şey vardı. Handan-hana dilləndi:

  • Səninlə tanış olmaq çox xoş idi, ilhamverici insansan...

Bu söz elə bil məni göylərə qaldırdı. Onun səsi,  nəzakəti  bütün mənliyimi sarsıdıb yavaş-yavaş məni öz aləminə çəkməyə başladı. Ondan sonra nəyi necə danışdığımı xatırlamıram. Bircə onu bilirəm ki, nə soruşsa heyranlıqla cavab verir, nə desə cani-dildən dinləyirdim. Danışığımız bitəndən sonra da onu elə görmək istədim ki... Gün içində bir neçə dəfə zəng vurdum, hər dəfə də sevincli, fərəhli səslə mənə cavab verirdi. Heç düşünmürdüm ki, haqqımda nə fikirləşər? Mənə görə, bir kişi qadını bəyənirsə, ondan diqqətini, qayğısını  əsirgəməməlidir. Böyükkişi  onu elə diqqətsizliyi, biganəliyi ucbatından itirmişdi. Mən isə sevgi, qayğı və nəvazişimlə onun qəlbini qazanmaq istəyirdim. Gülçin sevgiyə  layiq qadın idi.

Bir neçə gün beləcə sanki yuxuda yaşadım. Onun zəngləri ilə, səsi, incə zarafatları ilə xoşbəxt oldum. Sanki sərxoş idim, ona dəli kimi aşiq olduğumu hiss edirdim. Bir gün axşamüstü işdən çıxmazdan əvvəl Gülçin zəng etdi.  Xeyli danışdıq, söhbətimizi yekunlaşdıranda çəkingən səslə soruşdu  ki, sabah tablolarımı çəkdiyim emalatxanaya gəlmək istəyirsən? Həyəcandan nəfəsim tutuldu, əvvəlcə nə cavab verəcəyimi bilmədim. Sanki bədənimdən elektrik keçdi, bu əslində Gülçinin məni öz dünyasına dəvət etməsi idi. Qəlbim həyəcanla döyünürdü. “Əlbəttə”- deyə cavab verdim, əlavə etdim ki, ünvanı mesajla yazarsan, sabah mütləq emalatxanaya gələcəyəm. Elə sevinirdim ki, sanki sabah adi rəsm emalatxanasına yox, İstanbulu fəth etməyə gedən sultan idim... Ona olan heyranlığım sadəcə gözəl bədənindən deyil, daha çox  yaradıcı, qaynar ruhundan qaynaqlanırdı. Bilirdim ki, aramızda nə baş versə, bu adi macəra olmayacaq, ikimizin də həyatına təsir edən unudulmaz sevgi hekayəsi olacaq. Səbirsizliklə sabahı gözləyirdim...

 

GÜLÇİN

   ... Yalçından gələn hər zəng mənim üçün sevgi melodiyasına çevrilmişdi. Az qalırdım hər zənginə qol açıb oynayam. Hər dəfə onunla danışanda, həyatımın rəngarəng, gözəl bir tabloya çevrildiyini hiss edirdim. Bizim söhbətlərimiz də artıq sadəcə söhbət deyildi,  əslində bir simfoniya kimi idi, içərisində hər cür sevgi, sevinc, ehtiras, qayğı, diqqət notları vardı.  O, mənim iç dünyamın ən gizli sirlərinə toxunduqca hər şeyin yavaşca öz yerini tapdığını hiss edirdim. Həyatın mənasızlığını, daha doğrusu,  əvvəlki dolğun olmayan, boşa gedən zamanlarımı unudurdum. Yalçının səsi bir şeir kimi qulağımda səslənir, baxışları isə bir tabloda canlanan parlaq  rənglər kimi könlümü oxşayırdı. Telefonun digər ucunda səslənən hər kəlmə qəlbimdə indiyədək yaranmış mənəvi boşluğu doldururdu. Həyatımda ilk dəfə olaraq Yalçınla danışarkən özümü heç vaxt olmadığım yeni bir dünyada hiss edirdim. Hər fikrimi o qədər diqqətlə dinləyirdi ki, söhbətlərimizdə özümdən asılı olmayaraq varlığımın ən gizli yerlərinə səyahət edirdi. Böyüyən bu yeni duyğu  dəlisov bir eşqin başlanğıcı idi. O, bir telefon zəngi ilə, bir baxışla, bir söhbətlə mənim həyatımın bütün nizamını dəyişirdi.

Yalçınla danışmaq mənim üçün yalnız onu deyil, həm də özümü tapmaq demək idi. O, özü də hiss etmədən bir qadının ən gizli arzularını, ən incə duyğularını oxumağı bacarırdı...

Telefonda keçirdiyimiz uzun saatlar ərzində bir an belə tənhalıq hiss etmirdim. O, mənim ən gizli düşüncələrimlə də danışırdı.

Bir neçə dəfə düşündüm – Yalçına olan bu dərin duyğularım nə qədər realdır? Doğrudanmı bu adama aşiq olmuşam? Bəzən özümdən, hisslərimdən şübhə edirdim,  fikirləşirdim ki, həyatımda boşluq olan bir vaxta gəlib çıxdığı üçün ona bağlanmışam. Amma hər dəfə onunla danışdıqca qəlbimdəki  hissin getdikcə necə böyüdüyünün də şahidi olurdum. O, subay idi, dediyinə görə evlənməyi də düşünmürdü. Belə desə də, günlərin bir günü evlənəcəyi ehtimalını fikirləşmək məni indidən dəli edirdi, ağlıma gələndə tez bu düşüncələri beynimdən qovurdum. Onun sevgisi mənim bütün duyğularıma hakim olmuşdu. 

Böyükkişi ilə münasibətlərimiz daha da soyuqlaşmışdı. Onsuz da əvvəl də bir-birimizə isti davranmırdıq, ancaq indi ümumiyyətlə, onunla üz-üzə gəlməməyə çalışırdım. Sanki mənim Yalçına vurulduğumu da hiss edir, hətta daxilən sanki bundan məmnundur. Bilmirəm, bəlkə də mənə elə gəlir. Bu duyğu Böyükkişiyə daha da  ikrah etməyimə səbəb olur. Bircə onu bilirəm ki, artıq Böyükkişinin üzünü də görməyə tabım qalmayıb. Elə o da gəlib sakitcə yeməyini yeyib, duş alıb divanda televizorun qarşısında uzanır.  Əvvəl yenə ayda-ildə bir söhbətləşirdik, indi heç o da yox idi. Amma bu vəziyyət məni qətiyyən narahat etmir. Çünki indi həyatımda Yalçın var. Qadın birini sevib ürəkdən bağlananda digər hər kəs onun üçün sanki yox olur. Böyükkişi beləcə mənim üçün yoxa çıxmışdı…

Yalçın ilk baxışdan mənə təkəbbürlü təsir bağışlamışdı, amma bir-birimizi tanıyıb söhbətləşdikcə onun nə qədər sadə, duyğulu, qadınla ünsiyyətin ən kiçik incəliklərinə belə bələd olduğunu  görürdüm. Onu yenidən görmək həvəsim getdikcə artırdı. Rəssamlıq haqqında dərin bilgilərə sahib olmasa da, öyrənməyə meyilli xasiyyəti xoşuma gəlirdi. İkinci görüşümüzün şəhər kənarındakı rəsm emalatxanamda olmasını arzulayırdım. Onu oraya dəvət etmək  bəlkə elə də ağıllı fikir deyildi, ancaq qadınlar aşiq olandan sonra onsuz da ağılın  yox, hisslərinin səsinə qulaq asırlar. Emalatxanam mənim yaradıcı, çılğın ruhumun bir hissəsi idi. Hər küncündə, hər tablosunda, hər boyasında mənim daxili dünyam vardı.  Yalçını məhz öz dünyama dəvət etmək istəyirdim.

Xeyli tərəddüd elədim, ancaq fikrimi özülüyümdə qətiləşdirdikdən sonra ona zəng elədim.

  • Salam, Yalçım …

Telefonun digər tərəfində Yalçının rahat, sevincli  səsi eşidildi:

  • Salam, gözəlim, necəsən, nə var, nə yox?

Bir az susub ehtiyatla dilləndim:

  •  Yaxşıyam... Bilirsən, sənə bir təklifim var, səni bir yerə dəvət etmək istəyirəm…

Yalçın həminki nəşəsi ilə cavab verdi:

  • Sən məni dünyanın o biri başına da çağırsan, gələrəm, əzizim. Nə təklifdir o elə?
  • Mənim rəsm emalatxanam şəhər kənarındadır. Səni oraya dəvət etmək istəyirəm.

Yalçının heyrəti səsindən hiss olundu:

  • Emalatxana? Əlbəttə, çox maraqlıdır, mütləq gələrəm.
  • Bu təklifim, səni ora dəvət etməyim sənə qəribə gəlmədi ki?
  • Qəribə nə ola bilər ki? Əksinə, çox xoşuma gəldi. Hətta həyəcanlandım... Sənin əsrarəngiz əsərlərinin yarandığı məkanı görməyi çox istərdim.

Yalçının bu sözlərindən sonra həyəcanım sovuşdu, bir az rahatladım.

  • Bilirsən, Yalçın, ora mənim hamıdan gizlədiyim dünyamdı, oranı ancaq sənə göstərmək istəyirəm… Sabah görüşsək, necədir?
  • Yaxşı, gülüm, sən ünvanı yazarsan, birbaşa ora gələcəm…

Ona ora gəl demək elə bil indiyədək hamı ilə arama hördüyüm divarlarımı aralamaq, ürəyimi açmaq idi. Mən o zənglə sanki “Bax, mən buyam” dedim. Boyasız, təmtəraqsız, olduğu kimi… O da elə arxayınlıqla “gəlirəm” dedi ki, sanki çoxdan bəri onu orada gözlədiyimi bilirmiş.  Səsində nə bir başqa sual, nə bir əlavə tərəddüd vardı,  sadəcə “gəlirəm” dedi. Sanki bir sirrimi bölüşdüm və yüngülləşdim. Bir qadının bir kişiyə “gəl” deməsi, bəzən sadəcə fiziki bir dəvət olmur. O “gəl”in içində “məni gör, duy, anla, sev, qoru” nidaları olur. Mən çəkinmədən  Yalçına məni anlamaq üçün bir qapı açdım. O isə içəri keçmək üçün tərəddüd etmədi. Özü olmaqdan qorxmayan cəsarətli bir qadının, istedadlı bir rəssamın  dünyasına gələcəyinə əminliklə söz verdi…

 

MÜƏLLİF

   ...Hekayənin bu yerində həkim dostum Nemət bir az susdu, baxışları uzaqlara zilləndi. Mən onun necə dərin duyğuların məngənəsinə düşdüyünü hiss edirdim.  Dərin bir nəfəs aldı. Nemət bu hekayəni sadəcə danışmırdı, o, yaşadığı və bildiyi bir şeyi təfərrüatına qədər bölüşürdü. Sözlərinin arasında gizlənən duyğular onun da Gülçinə aşiq olduğunu göstərirdi. Bəlkə də özü də bunun fərqində deyildi, amma bir kişidə qadına qarşı belə bir mərhəmət, belə bir empatiya və  qısqanclıq  yaranıbsa, o duyğular istər-istəməz adamı məhəbbətə doğru aparır. 

Neməti uzun illərdi tanıyıram,  zəhmətkeş, əxlaqlı və sakittəbiətli  adamdı. Hər zaman düşünərdim ki, o peşəsinin soyuq qaydaları ilə duyğuları arasında sərhəd çəkə bilir. Amma danışdıqlarına diqqət yetirdikcə görürəm ki,  Gülçin həyatına daxil olandan onun sərhədlər çəkilmiş dünyasındakı dinclik pozulub. Bu sevgi heç də nə cılız, nə də ehtirasa dayanan bir şey deyildi. O, Gülçini bir qadın kimi yox, bir ruhi portret kimi sevdiyini deyəndə, düşündüm ki, bəzən ən böyük müalicə, ən lazımlı şəfa elə sevgidir...

Ancaq Nemətin sevgisi susqun idi. Bəzən sevgini sözlə demək çətindir, hətta mümkünsüzdür. Çünki insan duyğularını qorumaq üçün bəzən susmağı seçir. Elə Nemət də susurdu... Susaraq sevir, baxışlarıyla toxunur, ürəyindəki fırtınaları gizlədirdi. Amma nə qədər gizlətsə də, sevgi özünü göstərir. Onun dalğın baxışlarında,  danışarkən nəfəsindəki  təntimələrdə, danışarkən gözlərinin bir nöqtədə ilişib qalmasında... Hər şey bir həqiqəti söyləyirdi: Nemət Gülçini sadəcə sevmirdi — həm də onu anlayır, hiss edir, onu öz ruhunun bir sirdaşı kimi içində daşıyırdı. O bilirdi ki, bu hissi ifadə etmək olmaz. Həkimin xəstəsinə vurulması peşə qaydalarına sığmasa da, qəlbin qanunları bəzən tamam başqa şeyləri diqtə edir. Mən onu qınamırdım. Qınamaq yerinə, sadəcə anlamağa çalışırdım…

Gülçinin Yalçına olan sevgisinə isə qəlbimdə ayrı bir yer ayırmışam. O qadın aşiq olarkən heç nəyə, heç kimə baxmadı. Onun bu cür sevə bilməsi həm güc, həm də cəsarət idi. O, Yalçını öz dünyasına dəvət edəndə, əslində özünü təqdim edirdi — “daxili emalatxana”sını, dağılmış rənglərini, tamamlanmamış portretlərini... Gülçinin zəifliyi sevdiyindən başqa hər şeyə göz yummasında, özünü unutmasında, gücü isə ayaqda qalmağında, sənətə sarılmağında idi. Onun sevgisi təkcə bir adama deyil, həm də həyata, var olmağa, yaratmağa yönəlmişdi.  Gülçin öz hisslərini kətanlara danışırdı. Bu sevgi — bir qadının daxili savaşından doğulan əbədi bir sevgiydi. Belə sevmək hər kəsin bacaracağı  iş deyil. Bu, yalnız ruhu rənglərlə danışanların, ağrını gözəlliyə çevirə bilənlərin işidir. Gülçin də öz ağrısını sənətə, sevgisini isə həyata çevirə bilən bir qadındır...

 

Yalçın isə əvvəlcə  bu qadına ancaq ehtirasın qarşısıalınmaz gücü ilə cəzb olunsa da, sonralar bu eşqə büsbütün tabe olacağından xəbərsiz halda gözüyumulu bu məhəbbətə doğru irəliləyirdi, hətta qaçırdı. Əvvəlcə Gülçinə sadəcə maraq bəsləyirdi, hiss etdikləri  bəlkə də kişi təbiətindən doğan ani bir arzu id. Ancaq zaman keçdikcə bu duyğuların kökləri dərinlərə enir, ürəyində səssiz, amma sarsıdıcı duyğu çevrilməsi baş verirdi. Gülçin isə onun qarşısında təkcə bir qadın kimi dayanmırdı. O, dəyərli tablo kimi —hər baxanda başqa bir sirrini açan, hər nəzər yetirəndə insanı dəyişdirən bir sənət əsəri kimi idi.  Rəssam Gülçin getdikcə Yalçının da həyat sınağına çevriləcəkdi...

Böyükkişiyə gəlincə... Onun dünyası başqa ölçülərdəydi. Nə sevgini yaşamağı bacarır, nə də qadına hörmət etməyi. Nəinki qadına, getdikcə  o, heç özünə də hörmət etmir... Gülçinin qəlbindəki yaraların çoxu onun etinasızlığının, soyuqluğunun iziydi. O, nə doğru sevməyi, nə də düzgün tərk etməyi bacarmayan biri idi. 

Bu hekayədə Gülçinin sevməyə, Nemətin şəfalandırmağa, Yalçının sevilməyə, Böyükkişinin isə susmağa səbəbləri  vardı...

Mən isə bütün bunları dostum Nemətin danışdığı hekayədən dinləyirdim, sanki gözümün qarşısından hər kadrında obrazların qəlblərinin incə titrəmələrinin,  sükutda gizlənən sözlərinin  dirildiyi filmin səhnələri keçib gedirdi. Eşqin bütün rənglərinin parlaqlıqla gözə çarpdığı rəngli bir sevgi filminin səhnələri...

 

NEMƏT

...İşlərimi yekunlaşdırıb  klinikadan çıxanda hava qaralmışdı. Küçədə qəribə səssizlik hökm sürürdü. Bu boğucu sükut içimdəki hay-küylə amansız  ziddiyyət təşkil edirdi. Küçələr sanki nəfəs almırdı, binalar donmuş, göylər ağırlaşıb yerə doğru sallanmışdı.  Mən isə zahirdə səliqəli geyimim, ölçülüb-biçilmiş addımlarım, sakit və mühakiməli baxışlarımla həmişəki kimi idim. Hər kəsin gözündə əmin, təmkinli və nəzarətli bir həkim... Amma daxilimdə başqa bir Nemət var idi. O, susmaq bilmirdi, danışırdı, haray çəkirdi.  Sanki içimdə iki adam yanaşı yaşamağa başlamışdı. Biri – peşəkar, sərhədlərini tanıyan həkim; digəri isə – səbirsizlikdən ürəyi çırpınan,  duyğularının hökmünə tabe olan çılğın aşiq. Sanki çöldəki sükutun ağır qapısını itələyib gecənin qucağına atıldığım anda hiss etdim ki, içimdə bir vulkan var, uzun müddət yatmış, nəhayət qıvrılıb oyanan bir ehtiras vulkanı. Hər addımda içimdəki səs bir az da yüksəlir, o vulkan bir az da  qaynayırdı... Düşüncələrimin axarı məni yavaş-yavaş Gülçinin xəyalına doğru aparırdı. Onu ağlımdan çıxara bilmirdim. Üzünün, bədəninin cizgiləri yaddaşımın fonunda asılıb qalan rəngli tablo kimi idi. Evə çatıb açarı qapıya salanda ürəyimdən qeyri-adi bir arzu keçdi: kaş ki, məni evimdə Gülçin qarşılayaydı... Qapını açıb boynuma sarılaydı, dodaqlarıma yapışaydı, uzun illərin həsrətlisi kimi onunla öpüşərdik... Qapı açılanda məni  subay kişi evinin özünəməxsus qaranlığı və sükutu qarşıladı. Mətbəxə keçib işığı yandırdım, içki masasının üzərindən viski götürüb azca süzdüm, soyuducudan iki- üç kiçik buz parçası götürüb qədəhimin içinə atdım, demək olar ki, birnəfəsə içdim. Elə ilk dəqiqələrdən acqarına içdiyim  tünd içki beynimi dumanlandırdı, bədənimə xoş bir ağırlıq çökdü. Sərxoş olmağa başladım.  Amma beynim nə qədər dumanlansa da, səhər Gülçinin növbəti seansa gələcəyini xatırlayırdım. Elə sərxoşluğun dumanı altında bu bəhanə ilə ona zəng etmək istədim. Gülçin telefonu açanda özümü yığışdırıb rəsmi şəkildə salamlaşdım, dilim dolaşsa da, ciddi tonla sabah terapiya seansı olduğunu nəzakətlə xatırlatdım. Əslində dərdim seans-filan deyildi, sadəcə sabah mütləq onu görmək istəyirdim. Bir həftəni birtəhər yola vermişdim.  Gülçin incə səsi ilə “gələcəyəm, doktor” deyib sağollaşıb telefonu qapatdı. Mən isə özümü birtəhər yatağıma çatdırdım. Elə pal- paltarlı yerimə sərildim. Elə sərxoş olmuşdum ki, geyimimi çıxarmağa belə halım qalmamışdı.

...Səhər lap ertədən ayılıb duşa girdim, yaxşıca yaxalandım, dişlərimi möhkəmcə fırçaladım ki, axşamkı  içkinin qoxusu gəlməsin. Özümə əməlli-başlı əl gəzdirəndən sonra acı qəhvə dəmləyib içdim. Paltar qarderobumun qarşısında uzun müddət nə geyinəcəyimi düşündüm. Elə geyinmək istəyirdim ki, Gülçinin xoşuna gəlim, diqqətini cəlb edim. Seansların birində sözarası yasəməni rəngi çox sevdiyini demişdi. Yasəmən rəngli kətan köynəyimi geyinib tünd bənövşəyi qalstukumu taxdım. Daranıb-ətirlənib qəlbimdə az qala ilk gənclik həyəcanı ilə evdən çıxdım. Yolüstü bir dəstə yasəmən aldım - Gülçin üçün... Kabinetimin qapısını açıb içəri daxil olanda adətim üzrə hər tərəfə göz gəzdirdim, səliqəsiz sənədləri qaydaya saldım, özümə qəhvə dəmlədim. Divardakı psixodinamik sxemlərə göz gəzdirdim, otağı qəhvə və kağız qarışığı xoş bir qoxu bürümüşdü. Kitab rəfində Freydin, Yunqun kitabları öz dəyişməz mövqelərində baş-başa dayanmışdılar. Günə adətən rəfdəki kitablardan birini vərəqləyərəq başlayardım. Lakin bu gün elə bil gözümə heç nə görünmürdü, bu gün onların hər biri mənim üçün sadəcə dekor, cansız, səssiz əşyalar idi. İndi qəlbimdə baş verənləri nə Freydin libido nəzəriyyəsi, nə Yunqun arxetipləri izah edə bilərdi.  

Gülçinlə ilk dəfə rastlaşanda gözəlliyinin yaratdığı estetik bir auraya bürünmüşdü. Baxışları səssiz idi, amma o sükutun içində bir çağırış vardı. Zərif hərəkətləri, dərin və məchul səsi, danışarkən dodaqlarında yaranan titrək ifadə... Zaman keçdikcə o mənim üçün sadəcə bir pasiyent olmaqdan çıxmış, içimdə dərin qatlara nüfuz edən dəyərli varlığa çevrilmişdi. Onu düşündüyüm an zaman və məkan mənasını itirir, reallıq bulanıqlaşırdı. Gülçinin seansı günortadan sonra olmalı idi.

Fikrimi toplayıb xəstələrimi qəbul etməyə başladım. Bu gün  bir pasiyent belə dedi: “Doktor, mənə elə gəlir ki, sevgi insanın özünü itirməklə özünü tapmaq dilemması arasındakı məqamdır. Mən onu sevirəm, amma bu sevgi məni mən olmaqdan çıxarır, sanki getdikcə başqa birinə çevrilirəm... Özüm də bəzən bu yeni “mən”ə mat qalıram”.

O sözləri eşidəndə elə bildim özümü, daxili səsimi dinləyirəm. O pasientin  simasında özümü gördüm, o cümlələri deyən sanki mən idim. Peşəkarlığa bürünmüş, amma içində aşiq bir kişinin təlatümü ilə yaşayırdım.  Tələbə olanda da müxtəlif vaxtlarda aşiq olmuşdum, amma heç birində indiki kimi duyğular burulğanında qalmamışdım. Bəli, mən Gülçinə vurulmuşdum. Bu hiss, sadəcə bir maraq, ani bir duyğu deyildi. Bu, peşəkar soyuqqanlılığımı alt- üst edən, illərlə qurduğum daxili arxitekturanı söküb-tökən dəli ehtiras idi. Sanki hisslərim məcrasından çıxmış çay kimi məni tanımadığım, qaranlıq və cazibədar sahillərə sürükləyirdi...

...Günortadan sonra Gülçin  gəldi. İçəri girəndə az qaldı ürəyim həyəcandan sinəmdən çıxa... İpək kimi parlaq saçlarını zərif çiyinlərinə tökmüşdü. Əyninə tünd bənövşəyi rəngdə zərif kostyum geyinmişdi.  Danışarkən səsinin  titrək çaları, əllərinin zərif, çevik hərəkətləri ağlımı başımdan alırdı. Mən - illərlə psixoloji strukturları analiz edib çözmüş bir psixiatr, indi bu qadının qarşısında özümə yadlaşırdım. Savadım, təcrübəm, analitik gücüm – hamısı onun önündə mənasızlaşırdı. Onun yanında mən aciz ruh, kövrək bədən, qərarsız qəlb idim. Bu, izah edə bilmədiyim bir vəziyyətdir. Sanki mən özümün içində sıxışıb daşlaşan  obraz idim – Gülçin isə o obrazı yonub ortaya çıxaran bir heykəltəraş... Səhər gələndə aldığım yasəmən dəstəsini ona verəndə gözləri güldü, elə ürəkdən minnətdarlıq elədi ki, dünyadakı bütün yasəmənləri onun ayaqları altına sərmək istədim. Əhvalı da yavaş-yavaş düzəlirdi, əvvəlki kimi ağlamırdı. Yalçınla emalataxanada olan görüşlərini şirin-şirin xatırlayıb sanki yaddaşının küncündən çıxarır və qiymətli xəzinə kimi mənimlə bölüşürdü. Yalçın haqqında danışanda qısqanclıqdan qəzəblənirdim, baxışlarımı ondan gizləməyə çalışırdım. İndiyədək hər şeyə nəzarət edən mən - indi içimdəki eşqə nəzarət edə bilmirdim. Sağollaşıb çıxanda incə barmaqlarını ehmalca sıxıb heç buraxmaq istəmirdim. Bu anın sonsuzadək davam etməsini arzulayırdım. Amma həyat hər arzumuzu nəzərə almır. O, otaqdan çıxandan sonra ürəyimdə ona qiymətli varlığına görə, məni alt-üst edən o daxili fırtınaya görə  pıçıltıyla təşəkkür etdim. O getdi. Lakin ətri otaqda qaldı, nəfəsinin istiliyi pərdələrin arasında dolaşdı. Yoxluğu da mənim üçün dəyərli idi, çünki yoxluğunda da bir an olsun fikrimdən çıxmırdı. Ağlımdan durmadan  fikirlər  titrlər kimi keçib gedirdi: gələn seansa qədər onu bir dəfə qəhvəyə dəvət edib bu dəfə həkim-xəstə kimi yox, iki insan – kişi-qadın kimi söhbətləşmək... Fikrimi qətiləşdirdim, bir neçə gündən sonra zəng edib onu görüşə çağıracağam...

 

BÖYÜKKİŞİ

...Son günlərdə Gülçinin dəyişən tərzi, bəzi qəribə halları məni narahat etməyə başlamışdı... Hər gün o, məndən bir az da uzaqlaşır, getdikcə bir evin içində yaşayan iki yada çevrilirdik.

Yalçınla getdikcə daha da yaxınlaşdıqlarını, telefonla danışmalarını, bütün gün mesajlaşdıqlarını bilirdim. Onların münasibəti məni əvvəllər narahat etməsə də getdikcə işdə Yalçının əhvalında, xarakterində olan dəyişiklikləri gördükcə qorxum, narahatlığım artırdı.   Deyəsən, onlar bir-birinə həqiqətən aşiq olmuşdular. Əvvəllər düşünürdüm ki, Yalçın onsuz da şorgözün biridir, bir az həvəsini alandan sonra Gülçindən əl çəkəcək. Lakin işdə Yalçının gülə-gülə danışdığı telefon zənglərindən Gülçinlə danışdığını təxmin etməyim bir yana, onsuz qala bilməməsini hiss etməyim məni getdikcə kədərləndirməyə başlamışdı. Dəfələrlə olurdu ki, kabinetinə girəndə telefona “bir dəqiqə gözlə” deyib, mənə əli ilə çıxmağımı işarə verirdi. Artıq mənimlə heç nəyi məsləhətləşmir,  danışmırdı. Əvvəllər biz Yalçınla dərdləşir, həyat haqqında maraqlı söhbətlər edərdik. İndi isə mən təkcə Gülçinin deyil, Yalçının da özündən uzaq tutmaq istədiyi adam idim. Gülçin sanki gəlib Yalçının yanında olan hörmətimi də əlimdən almışdı. Qorxum ən çox ona görə idi ki, Yalçın bir gün Gülçinin arzusu ilə məni işdən çıxarar. Ona görə də evdə Gülçinə dəyib-dolaşmamağa , hətta yeri gəldi - gəlmədi yaltaqlıq edib könlünü almağa çalışırdım. Amma onların bir-birinə olan istəyinin ehtirasdan çox, getdikcə daha dərin bir münasibətə çevrilməsi məni içəridən güvə kimi yeyib-bitirirdi.

Bu gün işdə dəhlizdə Yalçınla qarşılaşdıq. Ağızucu salamlaşdı, məni başı ilə kabinetinə çağırdı. Qəribə bir narahatlıq hissi keçirdim, elə bil müəllim qarşısında imtahan verəcəkdim.

Yalçın kreslosunda bir az yayxanaraq oturdu. Əlindəki qələmi barmaqlarının arasında çevirə-çevirə diqqətlə mənə baxdı.

  •  Bilirsən, səni niyə çağırmışam, Böyük? (Hərdən mənə belə deyirdi – bu xitabında həm dostyanalıq, həm də istehza gizlənirdi)

Gözüm onun arxasındakı pəncərəyə sataşdı. Oradan görünən boz səma bulanıq əhvalıma bənzəyirdi.

– Desəniz, bilərəm, Yalçın müəllim… – səsimdə həyat yorğunluğundan və bezikmişlik hissindən  yaranan çarəsizlik vardı.

Bir az susdu, sonra dedi:

– Gülçinin sərgisində olandan sonra arada zəngləşirik, rəssamlıq, sənət haqqında maraqlı söhbətlər edirik, yəqin ki, xəbərin olar, sənə deməmiş olmaz…

Onun səsindəki sınayıcı tonun nə məna verdiyini özlüyümdə çözməyə çalışdım. Desəm, xəbərim var, bəlkə Gülçinə hirslənəcək? Desəm, xəbərim yoxdur, fikirləşməzmi sən necə kişisən ki, arvadına kimin zəng elədiyindən xəbərin yoxdur?! Ölmək ölməkdir, xırıldamaq nə deməkdir, özümü yenə  axmaq yerinə qoydum:

  • Yox, xəbərim yoxdur, Yalçın müəllim, axır vaxtlar zavodda iş-güc başımı elə qatıb ki, Gülçini ancaq gecədən –gecəyə görürəm,  mən yeməyimi yeyib bitirənə qədər o ya çoxdan yuxuya getmiş olur, ya da evdəki iş otağında tablo çəkməklə məşğul olur… Dediyim odur ki, demək olar ki, son vaxtlar Gülçinlə az-az rastlaşırıq - deyib hırıldadım…
  • Hm… Belə de… Sevib evlənmisiz, Böyük?
  • Bəli…
  • Bəs indi sevirsən arvadını?

Nə cavab verəcəyimi bilməyib baxışlarımı qaçırdım, qeyri-müəyyənliklə çiyinlərimi çəkdim. Yalçın həminki soyuq, özündən əmin təbəssümü ilə gülümsədi. Sonra elə həminki əminliklə, guya zarafatyana sözünə davam etdi:

  • Gülçinlə danışqdıqca görürəm ki, o, incəruhlu, yaradıcı, kövrək qadındı, birdən onu incidib-eləmək fikrinə düşsən, dostluğumuz pozular ha, Böyükkişi…
  • Yox, Yalçın müəllim, niyə incidim? Bayaq dediyim kimi, Gülçini gündə bir dəfə ya görəm, ya görməyəm. Onda da danışmırıq ki, susur neçə vaxtdır…
  • Səncə... qadın nə vaxt susur?
  • Sevməyəndə…- Qısa, sərt və hədəfi dəqiq vuracaq qədər düşünülmüş cavab verdim.

Bir anlıq sükut çökdü. O, bu cavabı gözləmirdi, amma eyni zamanda, elə bil bu cavabı almaq üçün o sualı vermişdi.

  • Madam ki, dərdləşirik, Yalçın müəllim, deyim, arvadım məni çoxdan sevmir, bəlkə heç evlənəndə də sevməyibmiş…

Yalçın alt dodağını yavaşca dişləyib fikrə getdi. Özünü təmkinli göstərməyə çalışsa da, bu cümlə onu silkələmişdi.

  • Əgər bir gün bilsən ki, Gülçin kimisə sevməyə başlayıb, neyləyərsən, Böyük? Boşanarsan?
  • Bəzi itkilər səssizcə yaşanır, müdir. Mən artıq bu oyunun məğlubuyam, bundan  sonra Gülçinin kimisə sevməsi  nəyi dəyişir? Biz indi Gülçinlə bir evi bölüşən, bir-birinə yalnız sakitlik və yuva rahatlığı verən iki otaq yoldaşıyıq. Sevgi müvəqqəti hissdir, Yalçın müəllim, sevginin itirilməsi elə də böyük itki deyil…

Yalçın kreslosundan qalxıb pəncərəyə yaxınlaşdı. Arxasını mənə tərəf çevirib dedi:

  •  Bəlkə də sən düşündüyündən daha çox şeylər itirmisən, Böyük. Get, işinlə məşğul ol…

  Ayağa qalxdım. Sürətlə otaqdan çıxıb qapını yavaşca örtdüm. Bu söhbətin gec-tez  olacağını gözləyirdim, söhbət bitmişdi, Yalçın özünə lazım olan cavabları almışdı, onun son sözləri ilə elə bil üstümdən yük götürülmüşdü. Mühasibatlığa doğru yönəldim, nə qədər baxılacaq, yoxlanılacaq hesabatlar məni gözləyirdi…

 

YALÇIN

...İşdən tez çıxıb Gülçinin dediyi ünvana sarı yola düşdüm. Avtomobil də sanki həyəcanımı hiss edir, elə bil qanad açıb Novxanı tərəfə şütüyürdü. Yol boyu Gülçinə olan çılğın, təlatümlü hisslərim  aşıb – daşır. Elə bil, bütün kainat Gülçindən ibarətdir – onun gözlərinin dərinliyi, saçlarının dalğası, barmaqlarının fırçaya toxunuşu…

O məndən uzaqda yaşasa da nəfəsimdə, döyünən qəlbimdə alovu  sönmək bilməyən bir tonqal kimi yanır. Mən sanki onunla birgə nəfəs alır, onunla birgə darıxır, ondan ayrı, amma onunla birgə yaşamağa çalışırdım. Gözlərim gah küçələrin divarlarında, gah vitrindəki bir rəsm afişasında onun siluetini axtarırdı. Onun bircə baxışını düşünmək belə bədənimi titrədirdi. Daxilimdə qəribə bir qüvvə vardı – məni ondan uzaqlaşdırmaq istəyən bir qorxu, bəlkə də tərəddüd. Amma eyni zamanda başqa, daha güclü bir cazibə məni ona doğru çəkirdi. Mən bu daxili savaşda tərəddüdü məğlub edir, hər addımda Gülçinə  yaxınlaşmaq üçün özümlə vuruşurdum. Yol uzandıqca mənim içimdəki ehtiras daha da böyüyürdü.  Onun dünyasında olmaq və  onunla bütün dünyanı unutmaq istəyirdim.

Daxilimdə formalaşan bu hisslər tikanlı bir qızılgülü xatırladırdı – həm gözəldi, həm incidir, həm də canımı yandırırdı. Mən o tikanlara toxunmaqdan qorxmur, əksinə, onların verdiyi ağrını sevirdim. Hər dəfə Gülçinin adını  pıçıldayanda, sanki qanım dalğalanırdı. Onun adı mənim damarlarıma hopmuşdu, mənim  mövcudluq səbəbimə çevrilmişdi. Gülçinin məni öz dünyasına – o sirli, rənglərlə yoğrulmuş emalatxanasına dəvət etməsi məni xoşbəxtlərin xoşbəxti etmişdi.

  Gülçinin göndərdiyi ünvan məni böyük, tünd qırmızı darvazalı həyət evinin qarşısına gətirdi.  Elə əlimi zəngə uzadırdım ki, qapının aralı olduğunu gördüm. Yavaşca daş plitələr döşənmiş səliqəli həyətə daxil olanda sanki fərqli bir zamana keçdim.

Həyətin başında yerləşən emalatxanaya daxil oldum,  tavanları hündür, küncləri kölgəyə qərq olmuşdu. Hər tərəfdə sənətə aid səliqəli xaos hökm sürürdü. Yersiz olmayan bir qarışıqlıq adamın könlünü oxşayırdı. Otağın sol tərəfində, döşəmədən tavana qədər yüksələn böyük pəncərələr vardı. Pəncərələrə bağlanmış ağ, nazik tül pərdələr gün işığını süzüb içəri yayır, sanki rəsmləri və fırçaları yumşaq bir işıqla oxşayırdı. Günorta saatlarında bu işıq otağın içində rəngli toz dənəcikləri kimi süzülür, havada rəqs edən hissəciklərə çevrilirdi.

Emalatxananın mərkəzində böyük bir masa yerləşirdi — üzərində boya ləkələri, fırça izləri vardı. Masanın ətrafında döşəməyə dağılmış kağızlar, yarımçıq rəsmlər, buruqlanmış eskizlər vardı. Hər tərəfdə açıq boya qabları sıralanmışdı – biri yaşılın dərin tonunda, biri qırmızıya çalan narıncıda, digəri mavi dəniz kimi parlaq... Boş bir banka içində suya batırılmış çoxlu fırçalar vardı. Divarlardakı iri kətanların  – bəziləri tamamlanmış, bəziləri isə yarımçıq idi. Bəzi kətanlarda qadın fiqurları – ay işığında bədənə toxunan kölgələr, onların aralanmış dodaqları, qeyri-müəyyən ifadəli gözləri  yer alırdı.  Digər kətanlarda isə abstrakt səhnələr  çəkilmişdi.

Otağın sağ küncündə Gülçinin sevdiyi yasəməni rəngdə geniş divan və kreslolar vardı.  Onun yanında bənövşəyi torşer  dururdu —abajuru bir qədər köhnəlmiş, amma hələ də işıq saçmağa davam edən klassik lampa... Yəqin ki, Gülçin bəzən burada oturub eskizlərinə baxar, bəzən də susqun şəkildə qəhvəsini udumlayıb pəncərədən çöldəki səssiz həyatı izləyərdi.

Emalatxananın bir küncündə isə sanki heç vaxt təmizlənməmiş bir radio yerləşirdi — tənha bir musiqiçi kimi arada bir köhnə caz parçaları səsləndirərdi. Bu musiqi rəssamın hər fırça hərəkətinə ritm verirdi.

Emalatxanada boya qoxusu ilə yanaşı, Gülçinin ətri də hiss olunurdu. Emalatxana elə bir yerdə idi ki, oraya daxil olan kənar adam sanki başqa bir dünyaya, zamanın mövcud olmadığı, yalnız duyğuların və yaradıcılığın hökm sürdüyü məkana düşürdi. Orada hisslər danışırdı. Bu emalatxana, sadəcə rəsmlərin doğulduğu yer deyildi. Bu məkan onun ruhunun evi idi və o evi yalnız o nəfəs alaraq canlandırırdı. Sağa-sola göz gəzdirdim, elə bu vaxt emalatxananın sağındakı mətbəxdən Gülçinin çıxdığını gördüm… Gülümsəyərək mənə yaxınlaşdı, əlini uzatdı. Ehmalca əlini sıxıb salamlaşdım. Əlimi buraxmadan məni tamamlanmamış tablolarından birinin qarşısına çəkib apardı. Tablodan daha çox baxışlarım ona zillənib qalmışdı, saçlarını dağınıq toppuz şəklində toplayıb qələmlə yığmışdı. O, rənglərin, fırçaların  arasında füsunkar sənət tanrıçası kimi dayanmışdı. Əynində açıq, üzərinə boya ləkələri düşmüş  ipək köynək və qısa ətək vardı. İncə beli, gülümsər siması  və barmaqlarında tutduğu nazik fırça ilə o, bu dəqiqə bütün dünyaya hökm etməyə hazır idi!  Tablonun qarşısında dedi:

  • Bax, çoxdandı bu rəsmin üzərində işləyirəm, adı “Çiçək açan qadın”dır... Bilirsən qadın nə vaxt çiçək açır?

Sakit, amma ehtiraslı səslə cavab verdim:

  • Seviləndə... Qadın sevib - seviləndə  ruhu da, baxışları da çiçək açır...

Onun hər hərəkəti, fırçanı kətana çəkərkən qaldırdığı qolundakı əzələlərin incə oyunu, toppuzdan ayrılan tellərinin boynunda oynaması məni ehtiras və heyranlıq içində donub qalmağa məcbur edirdi. Mən kənardan izləyirdim, amma artıq dayanmaq mümkün deyildi. Vücudumun hərarəti yüksəlir, nəfəsim qısılırdı. O isə fırçanı bir an dayandırdı və astaca mənə doğru çevrildi. Göz-gözə gəldik. Onun gözəl, dərin gözlərində hər şey var idi – çağırış, arzu, dəvət… Sözlər artıq əhəmiyyətini itirmişdi.  Sonra əllərini sinəmə qoydu, dodaqlarıma yapışdı... Həmin an öpüşməyimiz artıq təkcə ehtiyac deyildi — bu, qarşılıqlı sevgi etirafı idi, uzun müddətdir içimizdə qaynayan və susdurduğumuz bir alovun partlayış anı idi. Onun nəfəsi, dodaqlarının titrəyişi, bədəninin azacıq irəli əyilməsi — hər şey içimdə dəlicəsinə bir arzu yaratdı. Əllərim belinə dolandı, onu özümə sıxdım. Dodaqları bənzərsiz  idi və ehtirasla alışıb-yanırdı.  Sanki o da uzun zamandır bu anı gözləyirmiş kimi bütün varlığı ilə mənə qapıldı. Öpüşümüz dərin, çılğın ehtirasla dərinləşdi.  Barmaqları kürəyimdə gəzdikcə  bədənimdə hər hüceyrə oyanmağa başladı. Barmaqları incə, lakin qətiyyətli idi — çəkindiyi heç nə yox idi, onu hiss etdikcə, ruhumun içinə qədər istilik yayılırdı.

Emalatxananın səssizliyi bir anda nəfəsimizin, toxunuşlarımızın, sükut içində baş verən hərəkətlərin səsləri ilə doldu. Fırçalar masadan düşdü, bir boya qabı yuvarlanıb yerə çırpıldı — amma biz elə bil heç nə eşitmirdik.  Yalnız bir-birimizi hiss edirdik. O, öpüşlər arasında mənim dodaqlarımdan boynuma doğru sürüşəndə, gözlərimi yumdum və nəfəsimi udmağa çalışdım. Hər toxunuşunda içimdə bir tonqal alovlanırdı.  Əllərimiz bir-birimizin bədənində ehtirasla, amma tələsmədən gəzirdi, sanki bu anı uzatmaq istəyirdik. O, mənim çənəmi, sonra boynumu öpəndə əllərim onun belindən yuxarı qalxıb saçlarının arasında dolandı. Saçlarının qoxusu nəfəsimə qarışdı. Boynunu  ehtirasla öpdüm, Gülçin ahəstə, lakin içdən gələn bir inilti ilə nəfəs aldı. Bu səs  məni məst etdi. Onun bədəni qollarımda əriməyə başladı, sinəsi sinəmə toxunduqca, bir-birimizə daha da qarışdıq.

Otaqda nə işıq, nə səs, nə rənglər önəmli deyildi artıq. Gülçinlə mən bir-birimizə toxunduqca, cansız emalatxana da bizim nəfəsimizlə canlanırdı. Kətanlar sanki susub bizi izləyirdi. Rənglər sanki bizə qarışmaq, bu anın bir parçasına çevrilmək istəyirdi. Gülçin o anlarda artıq sadəcə bir rəssam deyildi. O, öz sevgi fırçası ilə yeni bir “mən” çəkirdi. Mən isə onun bu əsərində əriyirdim. Onun toxunuşlarından sonra elə bil yenidən doğulurdum. Biz susaraq bir-birimizdə yox olmuşduq, amma bədənlərimiz dil açıb danışırdı və  bu dil heç bir sözə ehtiyac duymurdu...

                                                    GÜLÇİN

   Mətbəxin pəncərəsindən Yalçının həyətə girdiyini görmüşdüm. Lakin  irəli getmədim ki, özü bu sirli-sehrli rəngli emalatxanama kimsənin müşayiəti olmadan daxil olub buranın əsrarəngiz aurasına düşsün. Hiss etdim ki, emalatxananın xüsusi ab-havası onu heyran edib. Heyrət və təəccüb içində emalatxananın hər künc-bucağına uşaq marağı ilə baxması, gülümsəməsi diqqətimdən yayınmadı. Onun heyranlıq ifadə edən yaraşıqlı simasına doyunca baxandan sonra irəli yeriyib salamlaşdım, əlindən tutub çoxdandır üzərində işlədiyim “Çiçək açan qadın” tablomu ona göstərdim.   Bu, ən sevdiyim tablolardan idi. Yalçınla tanış olduqdan sonra onu çəkməyə başlamışdım. Bu, sanki mənim psixoloji portretim idi. Yalçın da sevib - sevilən qadının çiçək açdığını deyəndə lap ürəyimdən oldu, çünki elə rəsmimin konsepti də bu idi- sevən qadını eşqin bütün rənglərində kətan üzərində canlandırmaq...

Özümüz də hiss etmədən bir-birimizə o qədər yaxınlaşmışdıq ki, nəfəslərimiz bir-birinə qarışırdı. Bilmədim ki, onun dolğun, ehtirasdan alışıb-yanan dodaqlarını nə zaman öpməyə başladım... 

O anı necə ifadə edə bilərəm?.. Sanki illərlə içimdə lal qalmış bir həsrət dil açdı. Yalçın məni qucaqlayıb öpdükcə qəlbimdə yığılıb qalan duyğular yavaş-yavaş alova çevrilirdi. Gözlərinə baxanda zaman sanki bir anlıq dayanmışdı. Bütün ətraf —müxtəlif ölçülü fırçalarım, açıq qalan boya qutuları, divarların dibi böyu düzülmüş kətanlar və emalatxananı dolduran tanış qoxu — hamısı yox oldu. Yalnız onun baxışları qaldı. Dodaqlarıma toxunanda içimdə sanki vulkan lavaları əriyib axırdı. Bu, təkcə bir öpüş deyildi. Bu, sanki susqun illərin dilə gəlməsi, bədənimdə donub qalmış hisslərin oyanışı idi. Əvvəlcə yavaş, utancaq, çəkingən idi. Amma dodaqlarımız bir-birinə alışdıqca, içimizdəki ehtiras dalğalanmağa başladı. Hər toxunuş bizi dəli edirdi.  Onun əlləri belimə dolananda bədənimdə bir titrəmə hiss etdim. Barmaqları yavaş-yavaş kürəyimdə dolaşdıqca sanki içimdəki bütün çəkingənlik yox olurdu. Öpüşümüz dərinləşdikcə, nəfəsimiz bir-birinə qarışır, bədənlərimiz bir-birinə uyğun bir ritm tuturdu. Əllərim öz-özünə onun sinəsinə toxundu. Barmaqlarım ürəyinin ritmini hiss etdikcə, sanki onun içində də mənim qədər qarışıq, amma eyni zamanda çılğın bir dünya oyanırdı.  O dünya yalnız mənim üçün açılmışdı. Bu,  dünya indi mənim altımda inildəyirdi... Elə bil emalatxanada hər şey səssizcə əriyirdi. Rənglər, fırçalar, divardakı kölgələr... Hər şey bizim nəfəsimizə qarışır, bizim ehtirasımıza uyğun bir harmoniya ilə titrəyirdi. Mən artıq rəssam deyildim, indi rəssam o idi- mən isə onun baxışlarında, toxunuşlarında və öpüşlərində çəkilən bir rəngli portret idim. Bizim öpüşlərimiz dərinlərdən doğulan, iki insanın bir-birinə yavaşca əyilib əbədiyyətin sirrini açdığı bir an idi. Mən onunla bu sirrin içində əriməyə razı idim.

O öpüş bizə susmağı öyrətdi. Sözlər artıq lazım deyildi. Nə demək istədiyimizi barmaqlarımız, nəfəsimiz, bədənimizin hər xırda titrəyişi söyləyirdi. Yalçın o anda mənim yalnız bədənimə yox, ruhuma da nüfuz edirdi. Onun dodaqlarında təkcə ehtiras yox idi — orada seçilmək, sevilmək arzusu vardı. Mən isə bu öpüşdə özümü, qadınlığımı, sənətimin belə izah edə bilmədiyi duyğularımı yaşayırdım. Mənim dünyamın mərkəzində indi yalnız  Yalçın var idi...

 

MÜƏLLİF

Gülçin  həyat yoldaşıyla eyni evdə yaşayıb, tamam fərqli bir həyat sürən qadınlardan idi. Bəzən ərinə çay süzəndə, o fincanda onun sevgisi yox, gündəlik həyatın bezdiriciliyi vardı.  Böyükkişi — həyatda sakitlikdən başqa heç nə axtarmayan, arvadının içində illərlə böyüyən susqun qasırğanı hiss etməyən, yaxud bilərəkdən görməyən adam idi. Onun üçün evlilik bir rahatlıq, bir sistem, bir nizam idi. Sevgi? Bu, çoxdan onun lüğətindən çıxmışdı. Bəlkə də heç vaxt daxil olmamışdı.

Amma qadın, xüsusilə sevgi ilə nəfəs alan qadın, bu cür sakitliyi uzun müddətə qəbul edə bilməz. Gülçin də etmədi. İçində susub yığılan rənglər bir gün fırça ilə başqa qapını “döydü”. Beləcə,  Yalçın — həmin rənglərin dilini anlayan  insan onun həyatına daxil oldu. O, Gülçinə həsrətində olduğu  - hiss edilmək, başa düşülmək, sevilmək hissini bəxş etdi.  Onun fırçalarının arasında, boya izlərində, əllərinin hərəkətində Yalçın Gülçini qadın kimi, sənətkar kimi, insan kimi seyr edirdi və onu bütövlükdə “görürdü”.

Bu sevgi ani bir ehtiras deyildi. Bu, illərlə sükut içində boğulan  bir qadının yenidən nəfəs alma cəhdi idi. Gülçin Yalçının gözlərində öz qadınlığını xatırladı. Onun toxunuşunda unudulmuş dəyərlərini tapdı. Amma bu münasibət — təkcə ehtiras yox, həm də bir az günah, bir az qorxu, bir az da azadlıq idi.

Bütün bu qarışıqlığın içində bir nəfər də var: Nemət. Psixiatr, dinləyici, amma eyni zamanda könlünü gözəl bir qadına güzəştə gedən bir kişi... O, Gülçini dinlədikcə ona aşiq oldu, amma bu eşq, pasiyentlə mütəxəssis arasındakı sirli, toxunulmaz sərhəddə ilişib qalırdı. Nemət susurdu — çünki danışsaydı, həm peşəsini, həm də Gülçinə verdiyi o sabit güvən hissini itirərdi. Onun sevgisi dildə yox, sükutda yaşayırdı. O, Gülçini qorumaq istəyirdi, amma bunu yalnız uzaqdan bacarırdı.

İndi bu üç kişinin — biri laqeyd, biri ehtiraslı, biri susqun — onların dünyasının mərkəzində fırlanan bir qadın vardı: Gülçin. O, toxunmadan toxunmağı bacaran, susaraq danışan qadınlardan idi. Qəlbinə düşən kişi üçün bir sirr, baxan üçün bir ilham, sevməyə cəsarət edən üçünsə həm sevda, həm də fəlakət idi.

Böyükkişi — onun əri, Gülçini itirdiyini bilmədən yanında saxlamağa çalışan kişilərdən idi. Gülçin onun üçün səliqəli mətbəx, təmiz paltar və bəzən də sakit bir nəfəs idi. Amma o, Gülçini görmürdü. Onun içində fırtına olduğunu anlamırdı. Beləliklə, Gülçin onun laqeydliyinin içində özünə qapanaraq tək qaldı və bir gün  içində yaşadığı tənhalıq diyarından çıxıb başqa bir qapını döydü.

Yalçın isə o qapını açan adam oldu. O, Gülçini həqiqətən görməyə çalışdı. Ancaq Yalçın üçün Gülçin indilik  ilham deyildi, hələ ki, sadəcə bir ehtiras idi. Amma bu ehtiras kobud və vəhşi deyildi — bu, palitradakı boyalar qədər rəngarəng, incəydi.

Nemət - mənim sakit, təmkinli dostum… O qadını dinləyə-dinləyə onu sevməyə başlayan, amma sevdiyini etiraf etməyə cəsarət etməyən kişidir. Nemət üçün  Gülçin ağrının şəkli  idi. Onun sevgisi Yalçının ehtirası qədər aydın deyildi — bu, kölgələrdə gizlənən, iz qoymadan sızan bir duyğu idi.

Gülçin üç fərqli kişidə üç fərqli aləmi oyatmışdı. Birisi özünü ona sahib olmuş hiss edirdi, amma əslində ondan çox uzaq idi və heç vaxt sevə bilmədi. O biri onu sevməyə başladı və bu sevginin necə yanğınlar yaradacağına əhəmiyyət vermədən onun cazibəsinə qapılırdı… Digəri isə hiss etdiyi sevgini öz ürəyində saxlayıb onu hamıdan, elə özündən də qorumaq istəyirdi.

Gülçin qadından çox indi bir güzgüyə bənzəyirdi və üç müxtəlif xarakterli kişi öz siluetini, öz xarakterini o güzgüdə  fərqli şəkildə görürdü. Amma hamısının unutduğu bir məqam vardı - bu güzgü çox kövrək idi və ani ehtiyatsızlıqdan qırılıb çilik-çilik ola bilərdi…

( ardı var)

 

Digər xəbərlər