usd-1.7000 eur-1.9334 rub-2.0684
Bakı 12°C 3.15 m/s
Son xəbərlər
29-04-2025
28-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası keçirildi

details

MƏDƏNİYYƏT

30.04.2025, 11:38 Oxunub: 524

 

Aprelin 29-da Bakı Bələdiyyə Teatrının Özbəkistan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası keçirildi.

Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanovun təklifi əsasında hazırlanan “Ötən günlər” tamaşası Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan

premyerada Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, 

Xalq artisti, professor Firəngiz Qurbanova, Xalq artistləri-Rafiq Əzimov, Həmidə Ömərova, Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov, eləcə də tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tamaşa başlamadan öncə Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildi.

Daha sonra söz Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva verildi.

G.Əfəndiyeva öz çıxışında Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrindən, Bakı Bələdiyyə Teatrının yaradıcıları Xalq artistləri Amaliya Pənahova ilə Yusif Muxtarovun daima tarixi mövzulara müraciət etməsini və bu ənənənin hazırda da qorunmasını diqqətə çatdırdı. Özbəkistanın Xalq şairi, Yazıçılar İttifaqının Dram üzrə Yaradıcılıq Şurasının sədri Usmon Əzim, Özbəkistanın Xalq artisti, Əlişir Nəvai adına Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Ramazanov da öz çıxışlarında iki ölkə arasında olan münasibətlərdən, Bakı Bələdiyyə Teatrının müraciət etdiyi əsərin, əsərdə baş verən hadisələrin öz aktuallığını hələ də qoruyub saxlamasını xüsusilə vurğuladılar.

Nəhayət tamaşaçıların alqış sədaları altında pərdə açılır və səhnəyə tamaşaçı auditoriyasını XIX əsrin ortalarında Özbəkistanda hökm sürən feodal cəmiyyətin, ədalətsiz ictimai quruluşun insanların həyatını cəhənnəmə çevirməsi təsvirini yaradan aktyorlar gəlir.

Tamaşada bir əsr öncə baş verən hadisələrin öz aktuallığını qoruması  insanı düşünməyə vadar edir.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan mədəni əlaqələri hər il yeni müstəvidə inkişaf etdirilir. Belə mədəni hadisələrdən biri də Özbəkistan yazıçısı, dramaturq Abdulla Qədirinin “Ötən günlər” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşadır.

Abdulla Qədirinin bu əsəri ilk dəfə XX əsr Azərbaycan dilçiliyinin görkəmli simalarından olan Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə tərcümə olunub.

Yazıçı həmin dövrü "tarixin ən çirkin və qara günləri" adlandırır, mənəvi ehkamları ifşa edir, feodalizmin iyrənc üzünü açıb göstərir. Eyni adlı romanın motivləri əsasında hazırlanan pyesin müəllifi yazıçı, tərcüməçi Kənan Hacı, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşanın yaradıcı heyəti: Musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, rəqslərin quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğlu, kamança və neydə ifa sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadədir.

Tamaşada iştirak edirlər: Tural Əhməd (Atabəy), Rəşad Kəsəmənli (Hacı Yusif bəy), Hüsniyyə Mürvətova (Əməkdar artist-Özbək xanım), Sabirə Rüstəmzadə (Gümüş), Əfqan Soltanov (Əməkdar artist- Mirzəkərim), Səmayə Sadıqova (Əməkdar artist- Aftab xanım), Toğrul Rza (Divanə),

İsmayıl Atakişiyev (Həsənalı lələ), Mehman Abdulla (Xudayar xan),

Elməddin Zakirli (Həmid), Zülfiyyə Məmmədova (Zeynəb),

Firəngiz Babayeva (Cənnət), Aydın Əliyev (Əməkdar artist- Çar polkovniki, Çar məmuru), Rəşid Soltanov (Naməlum adam).

Bakı Bələdiyyə Teatrının rəhbərliyi “Ötən günlər” səhnə əsərinin yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Günay xanım Əfəndiyevaya, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bahrom Bahodiroviç  Aşrafxanova, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Mədəni-humanitar məsələlər üzrə müşaviri Otabek Sadullayeviç Ramazanova, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundova və “Azermash” CP baş direktoru Otabek Uluqbekoviç Saliyevə dərin təşəkkürünü bildirir.

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb.

Teatr bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edib. Teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.

Fuad BİLƏSUVARLI

 

Digər xəbərlər