usd-1.7000 eur-2.0029 rub-2.1438
Bakı 25°C 12.44 m/s
Son xəbərlər
04-07-2025
02-07-2025
01-07-2025
25-06-2025
24-06-2025
21-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

CƏNNƏTİN QAPILARI - BURASI ÇÖYÇƏ !

details

ƏDƏBİYYAT

04.07.2025, 11:44 Oxunub: 540

       HƏM AŞIĞAM, HƏM DƏRVİŞƏM, HƏM DƏLİ...

                                                                     Yaxud,

   MƏNDƏ MƏCNUNDAN FİZUN AŞIQLİK İSTEDADI VAR

     AŞİQİ SADİQ MƏNƏM, MƏCNUNUN ANCAQ ADI VAR!

 

                         Fəlsəfi Düşüncələr ...

 

... Canı- canan diləmiş, verməmək olmaz ey dil...Ol nə sənindir, nə mənimdir,

      Vətənimdir, Vətənimdir, Vətənim!

Və Şəmsi Qoca... eyni zamanda təkcə Göyçə Ədəbi Mühitinin deyil, Böyük Azərbaycanın, yaxın – uzaq Türk dünyasının, Turan fəlsəfi fikrinin saz- söz sənətinin vurğunu olan, Ələsgərşünas, tibb elmləri doktoru, professor, alim  İbadulla müəllim, bu fikir və düşüncələr ilə mənim çiynimə elə bir yük qoyulmuşdur ki, bunun Azərbaycan Yazıçılıar Birliyi- Natəvan adına klubda səslənməsi təsadüf ola bilməzdi. Və bu həm də təsadüfdən doğan zərurətin dahiyanə bir təzahürü idi. Siz bu baxışlarınızla məni yenidən təsdiq etdirdiniz.

Əgər bu qədər “daş” atanlar varsa, deməli yaşıyıram, deməli mövcudam, deməli qalibiyyətə yaxın və üstünəm. Bəlkə də İlahi nurundan bir damla düşüb, öz bərraqlığını – işığını məndən əsirgəməyibsə, bu sadəcə olaraq Tanrı vergisimi, yoxsa Tanrı istəyimi, bilmirəm, çox gözlər qamaşır, özü də çox güclü  bir İlahi enerjisi bu.

Əslində Şəmsi müəllimin bu çıxışı qarşıdakının daha bir təsdiqi deməkdi. Və sözsüz həm də mənəvi dəstək idi. Və... “ dəliliyin  mərtəbəsi”... o ki, “Həm aşığam, həm dərvişəm, həm dəli”. Bu isə zövqverici idi.

Dağın əzəmətini, vüqarını  yaxında olarkən hiss edə bilmirsən, bu gözəllikləri dərk edə bilmirsən. Elə ki, uzaqlaşırsan, tapındıqlarının dağ əzəmətini – dağ kölgəsinin nə demək olduğunu bir daha duyursan. Elə ki, uzaqlaşdın artıq zirvəni bütün əzəməti ilə duyur, heyran olursan. Lap elə bizlərdəki “QocaDağ” Zirvəsi kimi. Və o zirvə ki, Ələsgər Dədəmiz minbir boyalarla- rənglərlə çəkib dağ əzəmətini- dağ ucalığını:

                                    Xəstə üçün təpəsində qar olur,

                                    Hər cür çiçək açır laləzar olur,

                                   Çeşməsindən abi- həyat car olur,

                                   Dağıdır möhnəti- məlalı dağlar!

Fırtınalar o zaman qopur ki, O Dağ zirvəsinin Cənnətində, lap elə gömgöy Gökcə dənizin sahilində dünyaya baxmısan. Uca Dağ Zirvəsindən dünyaya baxan İnsan ... Xoşbəxt ola bildinmi?!.

                                 QocaDağdan Gökcə dənizə baxdım,

                                       Ucalıqlardan dünyaya baxdım...

                                 Lakin, heç xoşbəxt olmadım!

Həyat bizə “dəliliyin” ən yüksək mərtəbəsini öyrədir, bəlkə də göstərir. O mərtəbə ki, xəyanət, müxənnətliyin, satqınlığın ən yüksək mərtəbəsində dayanıb alver edənləri, torpaq satanları para- pul üçün şərəf satan alverçi mərdimazarları- varidatlarını artıranları  gördüm. Di gəl “dəli “ olma! Və məndə nəhayətində “dəli” oldum.  Para- mövqe hesabına ikiqat əyilib salam verənləri gördüm !

Və məhz o vaxtlar idrakda və köksdə nə tufanlar qopmur. Kimlərinsə dərdini- ağıllı olub çəkməsdənsə dəli ol, dərdini çəksinlər. Dərd çəkib “dəli” olmaq özü də bir iş deyilmiş... Dədə Ələsgər belə müxənnətlikləri görəndə “dəli” olmazmı Qeys adlı Cünunlar...

                                    Müxənnət meydanda mənəm deyibdi,

                                    Bu dərd Ələsgərin qəddin əyibdi,

                                    Kor yapalaq kəklik alıb yeyibdi...

                                    Laçın ölüb, o Tərlanlar itibdi !

Bax, dərdin boyüyü elə budur. Necə də bu günkü cəmiyyətin şərhini verir, bu gününü verir bu Şah Beytlər. Dədə Ələsgər- sən elə Dədəsən, Sən Böyüksən, Sən Zirvəsən!

“Qurda- Quşa sallam meylimi”... ( M. Araz), Qurda, quşa anlatdım dərdimi, insan məni anlamaz!

                                      Ahım məni yıxar, ahım dünya yıxar...

                                                    Kimsə məni anlamaz !

Nə etməli, tükənməyən ömrümüzü tükətdik,  onsuz da çox bihudə yellərə verdik illərimizi. İpi çəksək ilmə- ilmə çökər həyatımızın hər dolaşıq anlarımı, yoxsa, hətta illərimi...

“Toxumun ağaca, ağacın toxuma dönməsindən başqa bir şey deyildir bu həyat”. Torpağa düşməmək üçün çırpınmamalı meyvə. Bir şeyin geri dönməsi mümkünmü... o ki, ola geri dönməyəcək həyat ola! Əslində qədər deyilən tale adlı mənhus amil varmı, yoxsa “elə bu qədərmiş bu qədər deyilən amansız hökm- yoxsa pis yazı”.

Yaxşısı budur 19 iyun- 2025 tarix. Bir neçə gün öncə YB- “Natəvan” klubunda, Dədə Ələsgər ruhu himayəçimiz oldu. Hikmətinə hikmət çatmayan Dədələr Dədəsi...

                                   Qəddim əyib qəm xirqəsin geyirəm,

                                   Məhəbbət odundan təam yeyirəm...

Dədələr Dədəsinin hansı misrasına baxsan, ancaq hikmət adlı nurdan qəlbləri al günəş işığına qərq edəcək dürr- gövhər görəcəksən...Şah Beytlər görəcəksən!

                                     Gövhər sözüm məclislərdə sayılı,

                                     Arif ondan mətləb qanıb ayılı...

                                     İbadət eyləyən mömin sayılı,

                                     Səxavətin ondan çoxdur saxası!

Qananlar üçün dünya Hatəm səxavətinə bərabər tutulub İnsan adlı gövhərdə. Bu hikməti bizlərə bir daha xatırladan, Şah Beytlərə qoşub könlümüzə işıq salan Göyçəli Dədə Ələsgər, Sənin Əzəmətindən nələr deyilsə, yenədə azlıq edər.

Çünki... Cənnətin Qapıları, Burası Göyçə!

Şəninə nə dastanlar söylənmədi, nə gözəlliklər dil açmadı sazında- sözündə Göyçə! Hələ lap erkən çağlarından dünyanın faniliyinə, insanın bu əbədi aləmdə qonaq olduğunu Dədə Ələsgər erkən gənc yaşlarından dərk etmişdi. Və Ələsgər adlı bu cavanın digərlərindən fərqi onda idi ki, O, artıq İlahi nurunu, Allah vergisini, sufi təsəvvüf baxışlı ruh dünyasının  şəriət- təriqət, Mərifət- həqiqət üzərində bərqərar olduğunu bilirdi...

                                        Şairin sinəsi haqq bazarıdı,

                                        Satdığı kəlimələr ləl- mirvaridi...

Və unutmadığımız ən uca məqam yenə Dədə Ələsgərdə “İnsanda insanlıq  səxavət olsun. Neynirəm ki, cahu- cəlalı varıymış”. Budur bizlərin Göyçə adlı elin qutsal fəlsəfəsindən dünyaya bəyan edən Dədə Ələsgər adlı Şah Beytlərimiz! Erkən çağlarından bilirdi bu hikməti Ələsgər adlı Aşiq- Aşıq, sonralar Dədə olacaq Zirvə! GöyGözlü Göyçə və onun Ələsgər Zirvəsi.

Və budur... kitabın təqdimatı gedir. Özü də “Natəvan”da, o yer ki, kimlər- hansı dühalar gəlib keçməyib. Binanın YB kimi yaradıcı aləmin  ilkin fəaliyyəti haqqında məlumat ala bilmədim.

Sözsüz ki, bu bina yaradıcı dünyamızın – ruh aləmimizin, mənəviyyat dünyamızın məbədgahıdır. Buradan kimlər gəlib keçməyib ki... Uca S. Vurgun, Rəsul Rza, Nigar Rəfibəyli, Balaş Azəroğlu, Mədinə  Gülgün, Mirvarid Dilbazı, Əli  Kərim, Qulu Xəlilov, Fərman Kərimzadə, Xəlil Rza, Məmməd  Araz, Bəxtiyar Vahabzadə, Anar, Oktay Rza, Cingiz Abdullayev, Fikrət Qoca, İlqar Fəhmi, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə və s. Saydıqca sayılacaq yaradıcı dünyanın mənəviyyat ziyaliları, Aydınları!

 Azərbaycan Türk dünyasının ən zəngin ənənə və yaradıcı aləminin əks- sədası vardı bu əzəmətli binanın divarlarında. Belə bir məkanda Dədə Ələsgər hikmətinin nuru ilə bu daş- divarın paklıq nuruna qərq olması nə demək- bu özü belə mənim kimi yaradıcı insanlar üçün sadəcə elə bir böyük dəyər ki, hətta o tədbirə ən yüksək qiyməti sözlərlə ifadədən acizəm.

Nədən ki, belə bir məbədgahda Dədə Ələsgər hikməti klubun divarlarında əks – səda verir. Doğru Aşıq Ələsgərlə bağlı bu məbədgahda dəfələrlə saysız məclislər keçirilsə də, mənim üçün- mənim kitabım üçün çox yeni idi. Belə bir məbədgahda Dədə Ələsgər hikməti bu klubun divarlarında təkcə əks- səda vermir, sənət dünyasının, əbədiyyət aləminin ünlü simaları, bəlkə də ən gözəl könül- qəlb dünyasının sğz xriridarları birər- birər kino lenti kimi gözlər önündən gəlib keçir. Və ən gözəli isə o ki, səda gəlir... “Mən də yaşamışam”- yaxud, “Bizdə yaşamışıq”. Zəngindən daha zəngin olan sənət məbədgahının söz sərrafları, Sizdən öyrəndik, Yeriniz Cənnətdir!

Gəlmişlər, Gəlmişik, Gələcəklər! Dünyanın yazılan və yazılmayan qanunları bunu diqtə edir bizə! Eşq adlı Füzuli Babamız onu da der ki, “Ver sözə eyha ki...”.

Belə bir mədəniyyət və elm- mərifət ocağında bu sənət nəhənglərinin hərarəti hopan bir yerdə dayanmaq hünər və cəsarət istər. Bu hünər və cəsarəti mənə təlqin edən Dədə Ələsgərin hikməti və Göyçə adlı İlahi yurdun qutsallığından doğan fəlsəfi ruhu, nəhayətində Atam İsmayıl Əliyevin kod- gen daşıyıcılığı olmaq bəxtiyarlıq demək imiş!

Az bir müddət əvvəl nəşrdən çıxan “Göyçə Ədəbi Mühitinin Şah Beyti Dədə Ələsgər” adlı elmi- tədqiqat, fəlsəfi əsərlə meydana çıxmaq olduqca məsuliyyətli idi. Bunu bilirdim. Yalan nə söyləyim, bu Uca- Azman sənətkarın yaradıcı dünyasına nəzər atmaq, söz demək və “mən də varam” demək çətin idi.

Lakin söz sərrafları, sənət aləminin fədailəri məni özümə inanmağa məcbur etdi. Tibb Elmləri üzrə Alim, professor, Əməkdar elm xadimi - əməkdar müəllim İbadulla Ağayev, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, gözəl tarixçi, şair- publisist Şəmsi Qoca, gözəl şair, publisist Qəşəm Nəcəfzadə, tədqiqatçı alim Qurban Əliyev, Dədə Ələsgər irsinin ən gözəl tədqiqatçılarından olan , eyni zamanda Ələsgır Ocağının maliyyə dəstəyi ilə əhatə olunmasında yaxından iştirak edən Ələsgər- Göyçəsevər həkim Abbas Bağırov , həkim- söz adamı Şirazi İbrahimov, xeyriyyəçi Rəşid Süleymanov, fəlsəfə elmləri dolktoru, şair Yaqub Balıoğlu, şair Nizami Qərib, şairə, “Yurd” jurnalının redaktoru Zəhra xanım, dilçi- filoloq, AJB- nin üzvü Lamiə Cəlilova və s kimi çıxışlar olduqca təqdirəlayiqdi. Hərəsinin öz dəsti- xətti, öz yeri.

Sənət məbədində Azman Dədə Ələsgər Şah Beytinə verilən ən uca dəyərlərin rövnəqləndiyi gün deyək həmin günə. Deyilən hər söz, çıxışlar özlüyündə Dədə Ələsgər adlı zirvənin Göyçə adlı ruh gözəlliyinə, insan sərraflığına hesablanıb...

                                 Hər dahi Nizami, hər şair Səməd,

                                 Hər əlinə saz götürəndən Ələsgər olmaz!   - Aşıq İsmayıl

Və yenidən Şəmsi müəllimin fikirlərinə qayıdıram. Ulu Fizuli və Ulu Dədə Ələsgər, hər iki Ustad necə də bir- birlərinə oxşayırlar;

                                    Məndə Məcnundan fizun aşiqlik istedadı var,

                                    Aşiqi sadiq Mənəm, Məcnunun ancaq adı var!

Füzuli Babamız və  hikmətlər Ustadı Dədə Ələsgər:

                                      Ələsgərəm oldum dəli- divanə,

                                      At müjganın sinəm qoydum nişanə...

                                      Sallanışın bənzəyir huri- qılmana,

                                      Kəbəm- Qibləm, din- imanım yavaş get!

Öz İlahi- Uca dininə sadiqlik və sevdiyini müqəddəs məkanlara bənzətmək- bərabər tutmaq - ən böyük səcdə bu! Və hər Oğulun- hər Aşiqin işi deyil bu :

                                      Adım Ələsgərdi, əslim Göyçəli,

                                       Ələst aləmində demişəm bəli,

                                       Həm Aşığam, həm dərvişəm, həm dəli!

                                       Canım gözəllərin yol qurbanıdı.

Həm Aşiq, həm Aşıq- saz tutub, söz  qöşan, həm dərviş təsəvvüf, sufi  baxışlarının şəriət, təriqət, mərifət, həqiqət  mərtəbəsinə ustadın yolçuluğu və dəli- divanə bir Aşiq, öz eşqinin dəli- divanəsi ! Və bu mərtəbə Füzuli dühasıyla Dədə Ələsgər Aşiqliyinin divanəliyi- Ulu Zirvəsi!

Elə bu yerdəcə biixtiyar xalq mahnısı kimi bildiyim ən gözəl Azərbaycan şərqisi içərimdə səslənir:

                                        Sənsiz bu dünya gülməz ey könül,

                                        İnsan muradına yetməz ey könül,

                                        Nədəndir başımdan getməz ey könül,

                                        Budurmu vəfası ilk məhəbbətin ...

                                        Hər yara sağalıb unudular da...

                                       Unudulmaz yarası ilk məhəbbətin!

 Dədə Ələsgər tərəfindən ən gözəl qoşmalar, ən gözəl bəstələr Ələsgər – Səhnəbanu divanəliyinə aid saysız- hesabsız nəğmələr dillər əzbəridir.Unutmadığım amil, AlaGözlü Səhnəbanu da Aşiq Ələsgərin Kəbəsi- Qibləsi idi. İndi varmı belə sevgilər...özü də ömür boyu sürəcək !

Və ən Ali mükafat, o mükafat ki, Aşiq- Aşıq- Dədə Ələsgər süsüylə- nuruyla süslənmişdi. Göyçə adlı İlahi yurdun nuruyla işıqlanmışdı. Göyçə adlı İlahi Ocaq və Dədə Ələsgər hikmətinin ruh aləminin  mənəviyyat daşıyıcılığı idi bu süslü- zər- zibalı “Aşıq Ələsgər 200” yubiley medalı. Şərəf duymalı... və mən də şərəf duydum. Bir daha mənə əyan oldu ki, Göyçəyə gedən yollar Qarabağdan keçsə də, nəhayətində Gökcə dənizin AlaGözləri , Dədə  Ələsgər yurdu bizlərin yolunu gözləyir.

Nədən ki, Ulu Türk Yurdunun övladlarıyıq biz! Və nə bəxtiyar bizlərə. Və üstəlik də Dədə Ələsgər və Göyçə adı ilə fəxr duyan , böyük sevgi ilə o yurda aşiq olan – sevdalanan insanlar, Vətənimizin hər yanı gözəldir. Sözsüz, ama Göy sözü qədim əski türk mifologiyasında qutsal- müqəddəs məkanlara verilən yer adıdır. Məhz bu addan yaranmışdır Göy- çə adı, Göyçə adlı diyar. Və bir qədər incə desək Göyçək Göyçə demək bu.

Əski türklər qutsal hesab etdikləri, saydıqları məkanları, torpaqları- varlıqları belə, yer- göy adlarına belə “göy” adını vermişlər. Əlbəttə, o bir isim olsa belə, məs., Göy Tanrı, Göy adamı, Göy Qurd, Göy Bayraq, Gök Çadır, Göy – Boru nəhayətində Gök- cə, Göy- çə!

Və sözsüz ki, Göy Türk Xaqanlığı adı da bu qutsal adlardan yaranmış, meydana gəlmişdir. Bəzən Boz Qurd kimi ifadə etsək də Göy- Qurd deyimi də əski türk  inanclarında tez- tez rast gəldiyimiz inanclardandır:

                                       Hər gecı, hər gecə uyğularımda...

                                       Gözü Göydən daha mavi,

                                           Ağzı  Atəş kimi bir Qurd,

                                        Və sevgili bir Yurd,

                                            Hər gecə, hər gecə uyğularımda!

                                                                                       R. Behrudi

  Hər bir kimsə özü üçün, öz baharı, öz dünyası üçün süslənir. Əgər Səhnəbanu- Ələsgər dastanı xoş bir sonluqla sonlansaydı, əgər... ola bilməzdi bu, çünki Ələsgər İlahi qüdrətiynən Zirvə olmaq üçün doğulmuşdu. Bunu İlahi istəmişdi, İlahinin özü belə istəmişdi. Çünki Tanrı Onu qutsal məkanın qutsallığı kimi dünyaya, Vətənə  bəxş etmişdir. Onun hikməti- İnsanlığı, İnsanı məhvdən qurtarmaq üçün meydana gəlmişdir. Bəşəriyyəti, İnsanlığın könül dünyasını min bir rəng çalarları ilə, tablolar kimi bəzəmişdi öz əvəzsiz xəzinə olan söz varidatı ilə.

Məcnuna dəli deyilsə də, Füzuli Babamız, Ələsgər Dədə kimi Aşiqlər onu da dedilər ki, biz Məcnundan ötə sevdalıyıq torpağa, insana! İnsanlığa Aşiqik.

Ama Füzuli adlı sevdamız onu da dedi ki, “Füzuli rindu- şeydadır, həmişə xəlqə rüsvadır”...Orası da var ki, “böylə bir sevdadan usanmazlar, Vətən adlı yarımın hər cəfası xoşdur mənə”.

Və mənə Atamdan yadigar qalan xatirələrdən: “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı”...

Və belə- belə işlər. Atamın aforizmsayağı mənə anlatdığı bu dəyərli – fəlsəfi anlam daşıyan fikri  hələ çox yerlərdə öz qızına gərək olacaqdı.

600 il öncə yaşamış Füzuli və Onun dəli sevdası... 200 il öncə yaşamış Göyçəli Dədə Ələsgər, demə hər ikisi Məcnuni aşiq- sevda yolçusu, o yol ki, adına Qara Sevda da deyirlər. O sevda ki, ilahiyə, Tanrı- Yaradan adına bəslənən bir Aşq bu!

“Dəliliyin Müdrikliyi” yatır elə bu istər Füzulidə, istərsədə Aşiq- Aşıq, Dədə Ələsgərdə...

              ...Bundan sonrası, bundan sonrası olmur! Bundan o yanası yalnızca qəm- kədər olur. Yoxluq içində var olan Söz bu dəli- divanə Aşiqləri vəsf etməyə gücü çatırmı?!.

Qələmə aldığım, qorxa- qorxa, həyacanla yaza biləcəyimmi dediyim – Ama yazdığım heyranı olduğum heyrət etdiyim Füzuli dühalı Ələsgər Dədə, nəsə deyə bildimsə, Sən Adlı- Dədə adlı o Zirvıyə boylana bildimsə ...

Dedilər ki, boylandın. Özü də ləyaqətlə, səmimiyyətlə. Və Böyük sevgiylə. Gözəlim Lamiyə müəllimə isə dedi ki, Dədə Ələsgər 40 qapılı bir hikmətdən  xəbər verir. Məncə 40 – ci qapıya ya yaxınlaşdım, ya da tuş oldum!

Lakin hələ də səni vəsf etməyə, duymağa – anlamağa can atıram !

“Ana Südü kimi halalındır”- Xətai Ələsgərliyə məxsus bu sözlər kim olsaydı, onu yerindən titrədər, gözləri dolardı. Göyçə adlı eldən, saz- sözdən dərs alanları, Elmdən- ədəbdən dərs alanları halal gördüm – Ot kökü üstə bitər, əsl nə isə.

Biz hər birimiz ailəmizin, soy- kökümüzün gen daşıyıcısıyıq. Əsil- nəsil, nəcabət, kök elə belədən yaranmayıb.

Sağ ol könlüm, Var ol Ruhum, Var ol qutsal Göyçəm ki, məni belə könlü-  qəlbi nəğməli yaratmısan! Uca Yaradan sənə minnətdaram, çünki hər ürəkdə könül- qəlb olmur! Göyçə adlı İlahi Yurdun ərmağanı bu. Dədə Ələsgər yetirən torpağın qutsallığı bu.

 

P. S.          Anamı səslədim, Atamı çağırdım, mənimlə fəxr duyacaq bacım Şəfəqə səsləndim...

       Məni rahat buraxmır...

             İçimdəki qəm- kədər,

        Bu- gün, sabah kül ollam,

            Qalmışam yana- yana.

        Tövbə duası kimi,

                Pıçıldadım adını,

          Səsim sənə çatdımı...

               Eşitdinmi Ay Ana!        - R. Behrudi

Və” Mənim alın yazımsa yoxuşlarda susamaq”... nə etməli, bir içim su xatirinə bir Sizif əməyi xərcləməkdəyik. Budamı alın yazısı, ama nə həqarətli yazı!

Səbr elə... yenədəmi səbr, Nəsimi adlı fədainin neçə yüzilliklərdən fəryadı gəlir...

                                        Dilbər öldü, ey Nəsimi, səbr elə, qılma fəğan,

                                        Mən bu gün səbr eyləsəm, dəxi fəğanı neylərəm?!.

Və bu da son, ama bu son, son deyil ki. Yeni başlanğıclar üçün yeni- yeni yazı- pozulara imzalar atmaq, ümid hər zaman var. Çünki  “O nə dilərsə, O olur”.

Zərrədən- Şəmsə hər şeyi yaradan Allahdır! O İlahi vergisi- nuru ki, Ələsgər Dədəmizə də Yaradan göndərmişdi!

“ Göyçə Ədəbi Mühitinin Şah Beyti Dədə Ələsgər” adlı fəlsəfi- elmi, tədqiqat əsərinin təqdimatına Müəllif ehtiramı

                                                        

 Sayğılarla: Məlahət İsmayılqızı, 03. 07. 2025

       AYB-nin, AJB- nin üzvü, “Qızıl Qələm” media mükafatı,”Aşıq Ələsgər200”Yubiley medalı

 

 

 

 

 

Digər xəbərlər