ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Əlvida, Dostum - Xalq yazıçısı Anar yazır

ƏDƏBİYYAT
17.07.2025, 16:37 Oxunub: 110Əlvida, Dostum
Yayın ən isti günündə - (qırx dərəcə) acıdan acı xəbər gəldi: Rəhman Bədəlov dünyasını dəyişib. "Dünyasını dəyişib" ifadəsini "vəfat edib", "ölüb" ifadələrindən üstün tuturam. Bu ifadədə bir ümid yeri var. "Bu dünyanı" dəyişdisə, deməli, hökmən başqa bir dünya da var və orada bir daha görüşəcəyimizə ümid bəsləmək olar.
Son illər Rəhmanla az-az görüşürdük, amma ömrümün ən məhrəm insanlarından biri kimi, sədaqətli dost kimi, zəngin mənəviyyata malik insan kimi, nəhayət, iddasızlıq, təvazökarlıq rəmzi kimi, o, həmişə qəlbimin içində, yaddaşımın ən munis, ən etibarlı yerində idi.
Rəhmanla 1956-cı ildə, ölkənin tarixində, özəlliklə bizim nəslin taleyində müstəsna yeri olan bir zaman kəsiyində tanış olmuşduq.
1956-cı ilin avqustunda SSRİ-ni bütün dünyadan təcrid edən "dəmir pərdə" azacıq aralanandan sonra xaricə səfər edən və gənclərdən ibarət ilk qruplardan birinin tərkibində Çexoslovakiyaya yola düşdük. Səfər yoldaşlarımdan biri uşaqlıq dostum bəstəkar Emin Sabitoğlu idi. Qatarda Rəhman Bədəlovla tanış olduq. Son dərəcə maraqlı, bilikli, ünsiyyətli Rəhmanla səfər boyu tanışlığımız möhkəm dostluğa çevrildi. Sonralar Bakıda Rəhman Eminin və mənim başqa dostlarımızla da tanış oldu - Araz Dadaşzadəylə, Vaqif Səmədoğluyla, Elçinlə. Ali təhsilinə görə inşaatçı-mühəndis olan Rəhmanın meyli daha çox humanitar sahəyə aid idi. Ədəbiyyatı, musiqini, kinonu nəinki sevir, peşəkarcasına dərindən duyurdu. Vaqif Rəhmana şeir həsr etmişdi, Elçin onunla fəlsəfi nəzəri mübahisələr aparırdı. Amma Rəhmanın taleyində ən böyük rolu Araz oynadı.
Rəhman Politexnik institutunu bitirmişdi, Arazın atası Akademiyanın vitse-prezidenti Məmməd Arifin köməyi ilə böyük bir iş baş tutdu. İxtisası tamam başqa sahəyə aid olan Rəhmanın fəlsəfə üzrə namizədlik, sonra da doktorluq dissertasiyası müdafiə etməsinə imkan yarandı. Bu, əlbəttə, Rəhmanın fitri istedadıyla, dərin bilikləriylə bağlı idi, o, bu sahələrdə fəaliyyət göstərməyə tam hazır idi. Amma bu həm də Məmməd Arif və Araz Dadaşzadə ailəsinin böyük xeyirxahlığı ilə şərtlənirdi. Fəaliyyət sahəsini dəyişməklə bərabər, Rəhman həm də həyatının daha bir son dərəcə mühüm işini gördü. Orta və ali məktəbi rus dilində bitirmişdi, Azərbaycan dilini o qədər də yaxşı bilmirdi. Onunla hətta dost zarafatları edirdik. Araz Romikin (biz onu dostcasına belə adlandırırdıq) "müvəffəqiyyət" sözünü "müfəffəqiyyət" kimi tələffüz etməsinə təkrarsız gülüşüylə gülüb şəşş edirdi. Az bir zaman içində Rəhman doğma dilimizi mükəmməl öyrəndi və mən onun yazılarında Azərbaycan türkcəsinin belə incəliklərini duymasına mat qalırdım.
Rus və Qərb ədəbiyyatına aludə olan Rəhman get-gedə Azərbaycan ədəbiyyatının zənginliyini daha dərindən mənimsəyirdi. Nəhayət, ədəbiyyatımızın ən nəhəng abidəsi "Kitabi-Dədəm Qorqud"a aludə oldu və bu əsərlə bağlı qiymətli tədqiqatlar apardı, Mirzə Cəlil Məmmədquluzadənin vurğunu oldu. "Kitabi-Dədəm Qorqud"a həsr olunmuş "Pravda i vımısel v qeroiçeskom eposa" adlı kitabını mənə bağışlayarkən yazdığı ithaf sözləri məni həmişə riqqətləndirir:
"Çox-çox illər əvvəl, başqa bir həyatda Rəsul və Nigarın evlərində Anar mənə "Kitabi-Dədə Qorqud"dan parçalar oxuyurdu, mən isə darıxdığımı gizlətməyə çalışırdım. İndi mənə o günləri xatırlamaq qalır və o evə təzim etmək istəyirəm. Sanki Qorqud içimdə boylanırmış, mən isə canlı mənəvi sərvətlərə qovuşurdum". Rəhman demiş, "başqa bir həyatda" yaşanılmış günlərimiz mənim də hafizəmdə dipdiridirlər. Rəhman da diridir, əsərləriylə, mənalı ömrüylə, etibarıyla, xeyirxahlığıyla.
Təkrarsızlığıyla.
Əlvida, Romik, əlvida, Rəhman, əlvida, Dostum.
15 iyul 2025
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
