ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə...
jpg-1752492031.jpg)
ƏDƏBİYYAT
14.07.2025, 14:52 Oxunub: 558Hüseynbala Mirələmovun “EŞQİN RƏNGLƏRİ” romanından hissə...
NEMƏT
Həmin səhər Bakının küləyi şəhərin üzərinə sərt-sərt əsirdi. Pəncərələrin küləkdən titrəyən uğultusuna yuxudan ayıldım. Bu gün şənbə idi, istirahət günüm idi, klinikaya getməyəcəyəm. Yatağımın yanındakı kiçik tumbanın üstündən telefonu götürüb saata baxdım, hələ saat 8 olmamışdı. Qalxıb bir stəkan su içib yerimə uzandım. Elə təzədən yuxuya gedirdim ki, telefon zəng çaldı. Gözlərimə inanmadım – Gülçin idi. Tələsik zəngi açdım. Titrək, çaşqın, bir ucu ümidə, bir ucu inamsızlığa bağlanmış səsi ilə, “Nemət, bu gün emalatxanaya gələ bilərsən? Dəstəyinə ehtiyacım var…” dedi. “Əlbəttə, bir azdan durub çıxıram” dedim…
Tələsik qalxıb duş alıb hazırlaşdım. Titrək səsinin arxasındakı fırtınanı hiss edirdim. Maşına doğru gedən addımlarım səki daşlarının üzərində ürəyimin döyüntüsünə bənzər bir ritmlə səslənirdi. İçimdə qəribə bir savaş qopurdu: həkim borcumun tələb etdiyi soyuqqanlılıq bir yanda, kişilik duyğularımın qopartdığı təlatüm bir yanda.
…Emalatxananın qapısını açanda, içəridə boyaların, kətanların o tanış qoxusu üzümə çırpıldı. O, pəncərə önündə oturmuşdu. Otağın işıqları sönülü, pərdələr çəkili olduğuna görə otaq yarımqaranlıq idi. Gözlərini uzaqlara zilləmişdi, sanki qaranlığın dərinliyində nəyisə axtarırdı. Addımlarımın səsinə başını çevirdi.
O baxış, o gözlər... O baxışlarda həm qürur vardı, həm sındırılmış ümidlər, həm də bir uşaq kimi köməyə möhtac yalvarış…
– Gülçin... – dedim. Səsim boğazımda ilişib yumruq kimi düyünlənmiş duyğuların arasından zorla çıxan pıçıltıya çevrildi. – Səni bu hala salan o acı eşqdir, çıx bu alovdan, Gülçin... İcazə ver, səni sağaldım...
O isə boş baxışlarla baxırdı... Sanki sözlərim pəncərə şüşəsinə dəyib geri qayıdırdı. Amma gözlərində bir işartı doğdu. Bir küncdə sıxışıb qalmış son ümidi...
– Mən, yoruldum, Nemət. Bilirsən, sabah Yalçının toyudur, – dedi, səsi sanki dənizin üstündən küləyə qarışmışdı. – Ruhumun bu qədər yanmasını istəmirəm artıq. Hansı xəstəxanaya desən, gedib yatılı müalicə almağa hazıram, dözə bilmirəm artıq. Belə davam etsə, yaşaya bilməyəcəyəm.
Dizlərim əsdi, yanında oturub əlini əlimə aldım. Yavaşca əlini çəkib gözünü yaşının sildi.
– Gülçin, səni dostumun özəl klinikasına yazdıracağam. Ayrıca palatada sakit, rahat şəraitdə müalicə alacaqsan. Orada səni elə müalicə edəcəyik ki, ruhun yenidən doğulacaq. Mən özüm orada hər şeyin qayğısına qalacağam. Mən varam, Gülçin, sən tək deyilsən...
Gözlərindən iki damla yaş süzüldü. O göz yaşlarında qırılmış qəlbinin ağrısını görürdüm.
– Yaxşı... Sabah Yalçının toyundan sonra götür məni haraya istəyirsən, apar, bircə bu ağrı bitsin.
O səhər çox danışdıq, çay içdik, o ağlaya-ağlaya danışırdı, mən dinləyirdim. O, artıq boşanma üçün məhkəmənin gün təyin etdiyini də dedi. Uzun - uzadı Yalçın haqqında danışdı. Ona son tövsiyələrimi və təsəllilərimi verib emalatxanadan çıxdım. Yalçının toyu günü onu diqqətdə saxlamalı idim, həmin gün onun ən ağrılı günü olacaqdı. Sonra isə əmin idim ki, müalicə ilə hər şey düzələcək. Dəniz tərəfdən əsən külək maşının pəncərələrinə çırpılırdı, elə bil ki, təbiət özü də Gülçinin ağrısına şərik çıxmaq istəyirdi.
Yolboyu əllərim sükanın üzərində gərilmişdi, içimdə isə iki nəfər vuruşurdu: həkim Nemət və kişi Nemət. Həkim Nemət deyirdi:
“Sən bu qadının xilaskarı olacaqsan, onun ruhunu təmizləyəcəksən, doğru yolda dayan, peşə borcunu unutma!”
Amma kişi Nemət başqa şeylər pıçıldayırdı: “Bax, o qadın sənin üçün bir pasiyent deyil artıq. O, sənin xəyallarında gecə yuxularını qaçıran, səsini eşidəndə ürəyinin titrədiyi qadındır. Sən də bir kişisən, sən də onun yanında olmaq istəyirsən... Sən də ona əlini uzatmaq, onun göz yaşını silmək, saçlarını sığallamaq istəyirsən...”
Vicdanımın dərinliyindən isə bir səs ucalırdı: “Sən onun xilaskarı olmağa borclusan, Nemət... Sevgini içində basdır, hisslərini boğ, sən indi yalnız bir həkimsən. Əgər bu hisslərə uysan, həm onu, həm özünü məhv edərsən...”
Mən isə bilirdim: bu səs həqiqətin özüdür. Qurtuluş - yalnız hissləri boğmaqda, sevgini ürəyimin dərinliyinə gömməkdə idi. Çünki indi mən yalnız bir həkim idim — onun xilaskarı, onun həyatınınəmanətçisi idim...
BÖYÜKKİŞİ
Həyat çox qəribədir. Bəzən insan özü də bilmədən elə bir yerə, elə bir zamana düşür ki, orada taleyin ssenarisi dəyişir, bir anlıq təsadüf insanın illərlə qurduğu düzəni alt-üst edə bilir. Mənim İlkanə ilə tanışlığım da belə bir təsadüf idi – qəfil leysana düşən adamın gözləmədiyi anda sığınacaq tapması kimi...
Həyatda bəzən adam elə məqamlara gəlib çıxır ki, özünü elə bil kənardan izləyir. Sanki başqasının həyatını, başqasının hərəkətlərini müşahidə edirmiş kimi özü-özündən soruşur: “Bu doğrudanmı mənəm? Bu addımları atan, bu sözləri deyən mənəmmi?” Mənim İlkanə ilə hər günüm də, Gülçinlə məhkəmə salonundakı son baxışlarımız da məhz belə məqamlar idi.
Bir dəfə axşamüstü kafedən çıxanda birdən güclü yağış başlamışdı. Küçədə insanlar sağa-sola qaçışırdı, biz isə qol-qola girib iki dəcəl uşaq kimi yağışın altında gəzişirdik. İlkanənin saçları yağışdan islanmışdı, gözləri sevincdən parıldayırdı. Dedi ki, həmişə arzulamışam ki, sevdiyim adamla yağış bizi islatsın. O an içimdən keçdi: “Kaş bu anı ömürlük saxlaya biləydim...”
Amma həyat təkcə yağış altında romantik anlar deyil. Həyat həm də imzalanmış kağızlar, məhkəmə qərarları, boşanma protokollarıdır.
…Məhkəmə günü səhər yuxudan oyananda içimdə qəribə bir sakitlik vardı. Nə qəzəb, nə kədər, nə sevinc hiss edirdim. Sanki ürəyimin içində böyük bir otaq vardı və o otaq bomboş idi.
Əynimi geyindim, güzgüdə özümə baxdım. İllərdir içimdə donub qalmış hisslərin izi belə qalmamışdı. Gülçin boşanma ilə bağlı danışığımızdan sonra əşyalarını da götürüb getmiş, Novxanıdakı emalatxanada yaşamağa başlamışdı. Razılaşmışdıq ki, boşanmadan sonra ev mənə , emalatxana isə ona qalacaqdı.
Məhkəməyə getdiyim hər küçə, hər bina mənə tanış idi, amma elə bil bu şəhəri ilk dəfə görürdüm.
Məhkəmə binasının qarşısında bir anlıq dayandım. Bina soyuq və sakit görünürdü, divarları sanki illərin acı xatirələrini içində gizlədirdi. Dərin bir nəfəs alıb pilləkənlərə tərəf addımladım. Hər addımda ayaqlarım ağırlaşır, sanki görünməz bir yük çiyinlərimə daha da otururdu. O pillələr mənə sonsuz dərəcədə uzun və yorucu gəldi.
Nəhayət, içəri daxil oldum. Binanın içindəki sükut qəlbimdəki narahatlığı daha da artırırdı. Dəhliz boyu addımladım, ətrafda qapalı qapılar, solğun işıqlar və astaca eşidilən pıçıltılar vardı. O an dəhlizin sonunda bir siluet diqqətimi çəkdi. Yaxınlaşanda gördüm ki, bu Gülçin idi. O, sakitcə dayanmışdı, baxışları yerə dikilmiş, sanki fikrə getmişdi.
Sakitcə salamlaşdıq. Nəsə deməyə ehtiyac yox idi — hər şey baxışlarımızdan aydın olurdu. Ürəyimdə yalnız bir düşüncə vardı: bu sınaq saatını birlikdə, səssiz və dözümlə keçmək...
O, pəncərəyə tərəf getdi. Günəş işığı onun saçlarına düşmüşdü, çuxura düşən gözləri, solğun yanaqları yuxusuz qaldığı gecələrdən xəbər verirdi. Bir vaxtlar sevmişdimmi bu qadını? Bəlkə də... Amma indi o mənim üçün sadəcə tanış bir obraz idi.
Məhkəmə zalında hamı öz yerini aldı. Hakim ağır-ağır sənədləri gözdən keçirirdi. Katib protokolu oxuyurdu. Sözlər qulağıma çatırdı, amma sanki başqa bir dildə danışırdılar – yad, hissiz, soyuq bir dildə.
“Boşanma tələbi razılıq əsasında təqdim olunub...”
“Birgə nikahdan övlad yoxdur...” “Əmlak bölünməsi ilə bağlı iddia qaldırılmayıb...”
Gözüm yenə Gülçinə sataşdı. O, başını aşağı salmışdı, barmaqlarını əsəbi halda ovuşdururdu. Onun bu halı içimdə qəribə bir sızıltı yaratdı. Mən onu sevmirdim, amma onun bu halını da görmək istəmirdim. Bəlkə də heç bir kişi bir vaxtlar həyat yoldaşı olmuş qadını bu cür sınmış görmək istəməz.
Boşanma qərarı elan olunanda ürəyimdə nə bir sevinc, nə bir fərəh hiss etdim. Sadəcə içimdəki boşluq sanki nəsə rahatlığa bənzər bir hisslə doldu. Sanki illərlə bir damın altında yaşadığım, bir süfrəyə oturduğum bu qadın indi bir anda yad bir insana çevrilmişdi.
Məhkəmə bitəndən sonra binanın çıxışında bir anlığa dayandım. Geri çevrilib qayıdanda Gülçinlə üz-üzə gəldim. Ona baxdım, sakitcə “ bağışla, Gülçin…” dedim. O da sakitcə başını yelləyib yavaşca məni qucaqladı: “Yolun açıq olsun, Böyükkişi, belə olması bəlkə də ən yaxşısıdır” dedi.
Ondan aralanıb maşına oturdum. O da öz avtomobilinə sarı addımlayırdı. Sanki yeriyə bilmirdi, səndələyirdi. Onu baxışlarımla maşına ötürdükdən sonra işə tələsdim.
Çatan kimi boşandığımı İlkanəyə xəbər vermək istəyirdim. Amma ofisə girər-girməz Yalçın zəng edib məni otağına çağırdı. Söhbətin mövzusunu təxmin edə bilirdim. O, zavodun inzibati binasının ikinci mərtəbəsindəki kabinetində məni gözləyirdi. Pəncərədən içəri süzülən günəş şüaları otağın künclərindəki toz hissəciklərini işıqda oynadırdı. Yaxınlaşıb qarşısındakı kresloda oturub, “Buyurun, Yalçın müəllim” dedim. O, qarşısındakı qovluğa baxırdı, qəfildən başını qaldırıb birbaşa dedi:
— Böyükkişi, sənə bir neçə sözüm var. Zamanıdır, bu söhbəti edək.
Səsi sakit idi, amma içində qalibiyyət və bir az da ironiya gizlənmişdi. Mən cavab vermədim, susub nə deyəcəyini gözlədim.
— Eşitdim Gülçinlə boşandın bu gün?— Yalçın yüngül bir təbəssümlə dedi, —Bütün rəsmi işlər tamamlandı məhkəmədə?
Ağır-ağır başımı tərpətdim.
— Hə, tamamlanıb…
Yalçın başını azca qabağa əyib, səsini yumşaldaraq, amma üstünlüyünü gizlətmədən davam etdi:
— Bilirsən, indi rahat deyə bilərəm... Biz xeyli müddətdir Gülçinlə bir yerdəyik. Daha aramızda gizli bir şey yoxdur. Bunu bilmək sənin üçün də yaxşı olar. Sabah mənim toyumdur... — bir anlıq susdu, - və əlbəttə, toyuma səni də gözləyirəm. Sən də gələrsən, bilirsən...
Yalçın səsini bir az da yüksəltdi, sanki son nöqtəni qoyurdu:
— Amma bir şeyi bil. Sabah evlənsəm də, Gülçini tək qoymayacağam. O, mənim həyatımın bir parçasıdır. Mən daim onun yanında olacağam. Hər zaman...Sən onun həyatından çıxdın, amma mən onunla olacağam.
Dərindən nəfəs aldım. Ürəyimin dərinliyində nəsə bir sızıltı hiss etdim. Amma susdum. Yalçın qarşısındakı qovluğu barmaqları ilə yüngülcə döyəcləyərək sanki mövzunu dəyişdi, amma oxunu hələ də mənə tuşlamışdı:
— Eşitmişəm, burdan bizim əməkdaş İlkanə ilə aranızda bir münasibət var. Hətta evlənmək fikrindəsən. Allah xoşbəxt eləsin sizi. Çalış, İlkanəni də Gülçin kimi tək qoyma, onu da tənha buraxma…
Otağa bir neçə saniyəlik ağır sükut çökdü. Yalçın ayağa qalxdı, sanki söhbətin sonuna gəldiyini bildirmək istəyirdi.
— Səninlə başqa bir işim yoxdur, Böyükkişi. Zavodda işinə davam et. Mən sənə qarışmıram, amma dediklərimi unutma.
Sağollaşıb sakitcə otaqdan çıxdım. Qəribə bir ağırlıq çökmüşdü üstümə. Əvvəllər onun üzərimdə üstünlük quraraq danışması vecimə omurdu. Nədənsə indi əvvəlcə Gülçin, sonra İlkanə haqqında danışması qüruruma toxundu. Söhbətimizi unutmağa çalışdım, İlkanəylə görüşmək üçün tələsik addımlarla binanın birinci mərtəbəsinə endim…
GÜLÇİN
Məhkəmə binasına yaxınlaşanda ayaqlarım elə bil məni daşıya bilmirdi. Küçənin səs-küyü, avtomobillərin uğultusu, insanların danışıq səsi – hamısı mənə yad idi. O səslər sanki uzaqdan, dumanlı bir aləmdən gəlirdi. Ürəyimdə qəribə bir sakitlik vardı, amma o sakitliyin altında tufan qopurdu. Sanki daxilimdə iki qadın vuruşurdu – biri bu nikahın sonuna şükür edən, azadlığına qovuşan bir qadın; o biri isə illərlə qurduğu ailənin dağılmasına, illərlə daşıdığı soyadını itirməyə, ömrünün bir parçasının yandırılıb atılmasına ağlayan bir qadın.
Məhkəmə zalına daxil olanda qapının cırıltısı da az qala əsəbimə toxunurdu. Böyükkişini gördüm – baxışları bir nöqtəyə dikilmişdi, elə bil mən burda yox idim. O baxışlarda sevgi yox idi, nifrət yox idi, sadəcə sükut, boşluq, bir kişi yorğunluğu vardı. Mən onun üçün heç vaxt arzuladığı qadın olmamışdım. Bunu bilirdim. İndi də onun üçün sadəcə bir yük idim, xatirələrin tozlu bir səhifəsi idim...
Bütün bu illər gözümün önündən kino lenti kimi keçdi. Susqun bir süfrə başında oturmağımız, danışmadan, sevişmədən bir-birimizin yanında uzanıb yatdığımız gecələr... Boşanma qərarı elan olunanda elə bil ürəyimin içindən bir qapı qopub yerə çırpıldı. Azad olmuşdum. Amma sevinə bilmirdim. Və həmin an Yalçının sözlərini xatırladım. Sabah toyunun olacağını dediyi o səhnəni… Mən indi azad idim, bəs o? O, günü sabahdan başqasına aid olacaqdı... O, mənim üçün daha bir yuxu kimi qalacaqdı, evil kişi olacaqdı. Daha azad şəkildə, qorxusuz-hürküsüz əl-ələ şəhərin içində gəzə bilməyəcəkdik. İçimdəki qadın hayqırmaq, qaçmaq, yox olmaq istəyirdi. Eyni vaxtda sanki hər şeyi itirmişdim. Məhkəmədən birbaşa emalatxanaya getdim.
Emalatxananın qapısını açanda Yalçını orada gördüm. İçəridə oturmuşdu. Masanın üstündə böyük bir dəstə qızılgül vardı. Gözlərində qorxu, təəssüf, sevgi qarışıq bir işıq parlayırdı. Mənə baxdı, halımı gözlərimdən oxudu.
Onu görəndə yanağımdan yaşlar süzüldü. O damlalarda bir qadının tükənmiş arzuları vardı.
– Mən azad oldum... – dedim pıçıltı ilə. – Amma nə fayda, sabah sən mənim deyilsən artıq...
Yalçın yaxınlaşdı, əllərimi tutdu. Əlləri isti idi, ürəyimin buzunu əridirdi.
– Bu gün subay olaraq sənin yanında olduğum son gecədir, amma unutma, həmişə səninlə olacağam, o evlilik cəmiyyət üçündür, amma sən mənim ürəyimin ehtiyacısan. – dedi. Bədənim titrəyirdi, içimdə bir yanğın var idi ki, onun odunu heç leysan da söndürə bilməzdi.
Yalçın məni qucaqladı. Bilirdim, bu gecə dərin mənada düşünüləndə vida gecəmiz idi, bəlkə də o evlənəndən sonra da görüşəcəyik. Ancaq daha belə olmayacaq. Nə söhbətlərimiz, nə sevişmələrimiz belə - indiki kimi olmayacaqdı. Sabahdan etibarən mən onun üçün qadağan olunmuş meyvəyə çevriləcəyəm. Doğrudur, qadağan olunmuş meyvənin dadı şirin olur, amma gec-tez o meyvəni yediyinə görə cənnətdən qovulursan… Amma indi, bu dəqiqə o bütün varlığı ilə mənim idi. Bu gecə mənim son ümidimin də külə döndüyü gecə idi…
YALÇIN
Emalatxananın qapısını açanda bədənimdən bir titrəmə keçdi. Qapı elə bil qarmaqarışıq duyğularımın kilidini açdı. İçəri girdim, sükut məni qucaqladı. Kətanlar, boyalar, palitralar – hamısı elə bil susaraq bu gecənin şahidi olmağa hazırlaşırdı. Əlimdə bir dəstə qızılgül tutmuşdum. Amma o güllər mənim içimdəki əzabın yükünü yüngülləşdirə bilmirdi. Gülçin evdə yox idi. Divanda əyləşib gözləməyə başladım, bilirdim ki, harada olsa, emalatxanaya gələcək.
Gözüm qapıya dikilmiş şəkildə nə qədər oturduğumu, nə qədər vaxt keçdiyini bilmədim. Gülçin içəri girdi. Üzündəki ağrı, gözlərindəki qırılmış ümidin kölgəsi məni məyus etdi. Gözlərinə baxdım, baxışında dərin, qaranlıq bir uçurum vardı. Mən o baxışa düşdüm, o baxışda boğuldum.
– Mən azad oldum... – dedi. Səsi elə incə idi ki, elə bil bu gecənin sükutunu pozmaqdan qorxurdu. – Amma sən… Sən sabah ömürlük başqasının olacaqsan...
O sözlər bıçaq kimi qəlbimə sancıldı, sakitcə onu öpüb divanda oturdum. Gedib ikimizə də çay gətirdi, sakitləşmiş kimi görünürdü. Televizordan hansısa platformaya daxil olub mahnı qoşdu. Nesrin Sipahinin incə, məlahətli səsi ətrafa yayıldı:
Aşkın kanununu yazsam yeniden,
Kimi ümitleri yel alır gider…
Kimi benim gibi sever gönülden,
Kimi senin gibi el olur gider.
Dünyanın bir yazı, bir kışı vardır,
Her yolun bir sonu, bir başı vardır
Her aşkın sonunda gözyaşı vardır-
Akar damla-damla sel olur gider…
Boş yere bekleme geçen günleri
Böyledir ne yazık ezelden beri,
Kimi benim gibi sever gönülden,
Kimi senin gibi el olur gider…
– Gülçin... – dedim. – Heç kim səni məndən ayıra bilməz. Mənim qəlbimdə sən varsan. Bunu heç kim, heç bir nikah poza bilməz.
O kədərlə, məğlub bir qadının təbəssümü ilə gülümsədi. Görürdüm, halı, əhvalı heç yaxşı deyildi, vəziyyəti nisbətən düzəltmək üçün dedim:
Bəlkə gedib içməyə nəsə alıb gəlim? Gərginliyin azalar…
Güldü və dedi:
Mənə bu gecə şərab lazım deyil, bu gecə içmədən də sərxoşam. Mənə sən lazımsan, şərab-filan deyil. Yalçın, bu gecə sənin subay kişiolaraq mənimlə olduğun son gecədir...
Onun sözləri həmişə içimdəki divarları yıxırdı. O divarlar illərlə mənim kişi qürurumu, cəmiyyət qarşısındakı maskamı qorumuşdu. Amma onun yanında mən bütün maskalarımı çıxarıb atırdım, son dərəcə rahat olurdum. Nə utanmaq, nə qorxmaq, nə də gizlənmək ehtiyacım qalmırdı. Yalnız biz ikimiz qalırdıq, bir-birini dəlicəsinə sevən bir kişi və bir qadın… Hər toxunuşda, hər baxışda, hər öpüşdə bizi çılğın bir sevişməyə götürən yolumuz vardı… Dodaqlarının ağzımdakı tamı, dərisinin, saçlarının özünəməxsus qoxusu hər dəfə ağlımı aparırdı.
Son vaxtlar Gülçin mənə göz yaşları içində, titrək nəfəslərlə, amma daha çılğın, daha dəlicəsinə sarılırdı. Dodaqlarımız bir-birinin adını pıçıldayırdı, dilim də onun bütün bədən üzvlərini sevgiylə tapıb onlarla danışırdı… Yarıaçıq, sevimli dodaqlarından ehtirasla tökülən “Yalçın…” adını sanki bircə-bircə gilas kimi dərib yeyirdim. Sevişə-sevişə fırlana-fırlana, divardan – divara, divandan kresloya necə keçdiyimizi bilmirdik, hardasa nələrsə yerə düşüb qırılırdı, nələrsə dığırlanıb divar boyu sürüşürdü, nələrsə taqqıltı ilə aşırdı… Sevgimizin qasırğasındanelə bil emalatxana hissə-hissə uçulub tökülürdü. Amma heç nə vecimizə olmurdu, heç bir-birimizdən aralanıb dağılan, tökülən nələrin olduğuna fikir vermirdik.
Bədənimiz bir-birinə elə yapışmışdı ki, sanki iki fərqli varlıq deyildik, eyni vücudda bir can, bir nəfəs olmuşduq. Saçlarının qoxusu məni sərxoş edirdi, qaranlıq otaqda onun nəfəsinin isti buxarı üzümü yandırırdı. Barmaqlarım onun bədənində sanki yollarını çoxdan itirmiş, indi isə tapdığı hər izdə azıb qalan bir yolçu kimi dolaşırdı. Gözləri qapalı olsa da, sanki baxışları göz qapaqlarının ardından alov kimi məni qarsırdı. Qulağıma titrək, ehtiraslı səslə pıçıldadığı hər söz içimdə ildırım kimi çaxır, damarlarıma alov kimi yayılırdı.
Ayaqlarımız dolaşa-dolaşa, nəfəsimiz bir-birinə qarışa-qarışa bəzən yıxılıb gülür, bəzən ehtirasın sərxoşluğunda bir-birimizin üzündə, boynunda eşqin izlərini qoyurduq. Çöldə gecənin sükutu içində bəzən bir külək pəncərələri sarsıdır, amma bu səslər bizim qasırğamızın içində itib gedirdi. Divarda asılmış güzgüdə hərdən qırıq-qırıq əksimiz göz qırpımında görünür, sonra yenə yox olurdu — elə bil biz özümüz də bu dünyaya aid deyildik, başqa dünyada, başqa bir reallıqda yaşayırdıq…
Bir yandan musiqi davam edir, gözəl türk mahnıları bir – birini izləyirdi:
Madem ki istiyorsun öyleyse durma git,
Beni düşünme rahat ol yalnız kalabilirim …
Sen de bilirsin hiçbir acı
Sonsuzadek sürmez ,
Hatta her an yeniden sevebilirim…
Olmazdı ben de biliyorum
Haklısın haydi git,
Korkma seninle gerçekten dost olabilirim
Aslında ben de uzun zamandan beridir
Sana ayrılmak istediğimi söylemedim…
Haydi git
Git... Git... Git...
Gitme, dur ne olursun,
Gitme, kal, yalan söyledim…
Doğru değil ayrılığa daha hiç
Hazır değilim.
Aramızda yaşanacak yarım kalan
Bir şeyler var
Gitme dur daha şimdiden
Deliler gibi özledim…
Mahnılardan daha artıq qulağıma pıçıldadığı sözlər məni yandırıb-yaxırdı:
Söz ver, Yalçın, söz ver… Nilufəri belə sevməyəcəksən, onun saçlarına toxunanda bu cür titrəməyəcəksən… Söz ver ki, dodaqlarını onun dodaqlarına toxunduranda belə yanmayacaqsan, mənim dodaqlarımın dadını unutmayacaqsan… Söz ver, onun gözlərinə baxanda ürəyin bu cür qopmayacaq… Qoy onun qucağı sənə soyuq gəlsin, qoy onun nəfəsi səni isitməsin… Söz ver ki, gecəyarısı onu qucaqlayanda bu cür yanmayacaqsan, bu cür alışmayacaqsan… Söz ver ki, Nilufərin bədənində həmişə məni axtaracaqsan… Söz ver ki, onun qoynunda heç vaxt bu cür özünü itirib məst olmayacaqsan… Söz ver, Yalçın…
Onun barmaqları üzümə, saçlarıma, boynuma elə incə, elə titrək toxunurdu. Göz yaşları yanaqlarıma axırdı, pıçıltıları məni daha da ehtiraslandırırdı. Bir-birimizin nəfəsində, göz yaşında, toxunuşunda unudulmaz bir xatirəyə çevrilirdik…
MÜƏLLİF
Həyatqarmaqarışıq, bəzəngözəlliyiilə valehedici, bəzənqaranlıqkölgələriilə ürpərdicibirtabloyabənzəyir. Butablonunrəngləriniinsanlar özləriseçdiklərinizənnedərlər. Amma çoxvaxtfırçaonların əlində deyil. Taleyingörünməz əliofırçanı tutur, bircizgi çəkir, birləkə salır, birkölgə əlavə edirvə insanbaxıbheyrətlənir: “Mənimhəyatımniyə burəngdədir?”
Nemət fədakar bir insandır. Gülçini klinikaya aparmaq üçün gecəsini gündüzünə qatır. Sevdiyi Gülçini xilas etmək istədikcə, əslində özü də yava-yavaş tükənir, amma aşiq olduğu üçün bunun fərqinə varmır. Böyükkişi isə indiyəcən həyatını qaydalara, formallıqlara, daş kimi sərt prinsiplərə bağlamış bir adam idi. Ailə onun üçün bir qala, o qalada yaşayan Gülçin bir əsir idi. Qala dağıldı, Gülçin azad oldu…
Gülçin azad olmağına oldu, amma bu azadlıq ona xoşbəxtlik, sabitlik gətirdimi? Boşandığı anda o azadlığın dadını duya bilmədi. Çünki azad olmaq yalnız kağız üzərindəki bir imza ilə olmur. Azad olmaq ürəyin azadlığıdır, ruhun zəncirlərdən qurtulmasıdır. O isə hələ də ürəyindəki Yalçının sevgi zəncirinə bağlı idi. O sevmək üçün doğulan, amma sevgisində yanıb kül olan bir qadın idi...
Yalçın isə iki seçim arasında hər ikisinə tabe olmağa çalışır. Amma insan iki tərəfə birdən gedə bilməz. İnsan ya ürəyinin arxasınca gedər, ya vicdanının. Yalçın ikisini birləşdirmək istədi və bunun mümkün olmadığını o gecə – emalatxananın sükutunda, ay işığının Gülçinin göz yaşlarına qarışdığı gecə anladı...
Həyatda hər kəs öz qaranlığında yol axtarır, amma o yolun haraya aparacağını heç kim bilmir. Çünki yolları müəyyənləşdirən taledir…
(ardı var)
