usd-1.7000 eur-1.9334 rub-2.0684
Bakı 15°C 4.87 m/s
Son xəbərlər
30-04-2025
29-04-2025
28-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mənə məktub yaz...-Şahnaz Şahin yazır
 

details

YAZARLAR

01.05.2025, 06:06 Oxunub: 177

 

Orta məktəbdə bizə öyrədiblər ki, dünyada hər şey hərəkətdədir, sükut ölüm deməkdir. Əslində bircə açar
qırx qapıya düşsə də, hər qapıya ayrı- ayrı açarlar axtarılıb, son nəticədə qapıların qırxı da bu günədək
bağlıdır. Darvinin çürük təkamül nəzəriyyəsi çoxdan əhəmiyyətini itirsədə (bilmirəm, heç ona haçansa
inanan olubmu ?!) hələ də orta məktəb dərsliyində insanın əmələ gəlməsi prosesi kimi təbliğ olunur. 
Deməli, bugünkü nəslin də azad düşünmə haqqına girmiş oluruq və Allah bilir, neçənci dəfə özümüzü
aldadırıq... Nə isə bu özgə, bəlkə də uzun bir söhbətin mövzusu ola bilər...
El içində belə deyirlər ki, ən gözəl təzə ən yaxşı köhnədir. Baxırsan ki, otuz- qırx il öncə dəbdə olan geyim
forması saç düzümü, tərz və üslub bu günümüzə daşınır, özü də çox sevilir. Hələ bir nostalji də yaşayırıq,
sevinirik ki, yeni nəsil bilmədiyi, görmədiyi, qiyabi tanıdığı ənənəni qəbul edir və nə yaxşı ki, edir... Daha
bəzi "ədəbiyyatçı"lar kimi "mən varam, dünya var" illüziyası ilə xumarlanmır... Bu gün keçmişə söykənir,
dünəndən doğulur, sabahı isə yaradır.Keçmiş həqiqətdi, onu gizlətmək, inkar etmək olmaz..
...Məni bir ədəbiyyatçı kimi həmişə qapalı, sirli məqamlar cəlb edir. Məsələn, orta məktəb partasının
üstünə ya qələmlə, ya da bıçaqla qazıyıb nəsə yazanlar onda da vardı, indi də var, güman ki, sabah da
olacaq . Fərq orada yazılan sözlərdədi.
Mən keçmişdən gəlmişəm,
Qəbul edəcəksənmi?..
Könlümdən keçənləri
Duyub biləcəksənmi?..
Dağlarda duman vardı,
Söylə hələ qalırmı?
Yenə həzin küləklər
O nəğməni çalırmı?..

  Əlbəttə, keçmişdən gələn təkcə mən deyiləm, şübhəsiz sizin də aranızda belələri yox deyil.
Sevgi payını, taleyinə yazılan qisməti axtaran, onu heç gözləmədiyi vaxtda tapıb elə tanıdığı kimi itirənlər
də olur, bəxtəvərlərlə yanaşı. Elə 90 yaşlı amerikalı qadın kimi. Gənclik illərində çox az adam gündəlik
yazır, bura etiraf etməyə cürəti çatmadığı ürək sözlərini, mübhəm hisslərini, ömrün yaddaqalan tarixi
anlarını qeyd edir, özünü özüylə bölüşür...
Təsəvvür edirsiz, gəncliyin köpüklü dənizə bənzəyən təlatümlü çağında sevən, sevilən, amma mənfur
müharibənin qırdığı ürək, yarımçıq qoyduğu ömür, darmadağın etdiyi həyat...
Əvvəlcə ilk sevgi hədiyyəsi olan, sonra müharibədə həlak olmuş gənc oğlanın ürək çırpıntıları, sevgi
etiraflarını bu günümüzə daşıyan bir muzey eksponatına çevrilən gündəlik... Həyatın hər bir anı
sürprizlərlə, təzadlarla doludur. Açdığı qapını sonda kimin bağlayacağını bilmir insan. 70 il sorağında
olduğu sevgili, bu illərin iztirablarına boyanan pirani saçlar, həsrətdən solan bəniz, gənclik təravətini
itirmiş sima, zəifləmiş ürək, itirmiş səadətin naməlum ünvanına zillənən tutqun baxışlar...
Mark Avreli öyrədirdi ki "sevən adam möcüzələrə inanmırsa, batıb". İlk sevgi etirafları, həyəcanlə qəlbin
çırpıntıları, duyğuları sözə çevirməyin yüz yol ölçülüb biçilməsi... Görüşəndə isə bütün düşündüklərinin bir
andaca beynindən sovrulması!
Görəsən sevginin açmadığı ürəyi başqa nə ilə açmaq olar ?.. və görəsən sevgi hər ürəyi özünə mənzil
seçirmi? Məncə, məhəbbət candan gəlir, ürəkdən, qandan gəlir, Uca Tanrıdan gəlir, ona görə də
hər ürək sevə bilməz.

Dünyanın tək ehtiyacı, yeganə xilas yolu olan məhəbbət.., gözlə görünməyən, əllə tutulmayan, yaşı
dünyanın özündən qoca, özü həmişə cavan məhəbbət... Sevməyənlərin varlığına inanmadığı, sevənlərin
səcdə qılıb iman gətirdiyi məhəbbət. Əbədiyaşar, ulu , müqəddəs hiss... Şair və yazıçıların qibləsi, ilham
mənbəyi, ruhun və cismin vəhdət məqamı, insanı yerdən alıb asimana qaldıran duyğu, yonub, cilalayıb
sonda onun özünə də daha mükəmməl şəkildə təqdim edən eşq...


... Sənsizdim, tənhaydım, kimsəsiz idim,
Öz içimdə batan həzin səs idim.
Dünya özü boyda dəmir bir qəfəs,
Mənsə bu qəfəsdə boğulan nəfəs...


Məhəbbət yuva quran ürəklərdə qəzəb, kin, nifrət, nislik, paxıllıq, xəyanət ... kimi neqativ hisslərə yer
olmaz.Sevginin övladı yaxşılıqdır, qarşılıqlı hörmətdir, qayğıdır, sədaqətdir, halallıqdır, əmin-amanlıq,
sülh, bir sözlə gözəllikdir. Sığal çəksən, quru budaq da canlanar, qayğı göstərsən, şoran torpaq
çiçəklənər. Amma ən çətini sevginin etiraf etməkdi. Dünənəcən bizə elə gəlirdi ki, yalnız insanlar sevgi
münasibəti qurur. Sən demə bir- birinə qonşu duran ağaclar da öz aralarında söhbətləşirmiş.
Bir zaman adamlar məktub yazardılar sevdiklərinə, öz pünhan hisslərini ağ vərəqə hopdurub
çatdırardılar. Məktublar günlərlə yol gedər, yol gözləyən gözlərdən yol salardı. İndi isə sürət əsri, internet
dünyasında yaşayırıq, bir neçə saniyə kifayət edir “mesaj”la istədiyin insana yetişməyə. Amma ki, o dadı,
duzu yoxdu, belə o, hiss və həyəcanı çatmır e, qadan alım. Bəlkə səhv edirəm, elə düşünən varsa, mənə
məktub yaza bilər...

Şahnaz ŞAHİN

Digər xəbərlər