ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Stomatoloq Səkinə Əliyeva – Qadın Əllərinin İşığı

SAĞLAMLIQ
14.07.2025, 15:52 Oxunub: 1168Qadın Əllərinin İşığı
Onun əlləri yalnız dişləri deyil, qəlbləri də sağaldır. Gözlərindən onun təkcə həkim deyil, eyni zamanda, bir ana, bir həyat müəllimi, bir yol göstərən olduğunu anlamaq mümkündür. Hər sözündə sevgi, hər addımında əzm, hər toxunuşunda şəfa var.
O, bir çox qadının xəyal etdiyi zirvəyə səssiz-səmirsiz, təmtəraqsız, amma özünəməxsus qətiyyətlə çatıb. Uğurları haqqında danışanda utanacaq qədər təvazökar, xəstələrini xatırlayanda kövrələcək qədər ürəkli, vətən deyəndə qürurlanacaq qədər milli ruhlu bir qadındır – Səkinə Əliyeva.
O, uzun illərdir stomatologiya sahəsində fəaliyyət göstərir. Minlərlə insanın həyatına toxunub, minlərlə təbəssümə can verib. Ancaq onun hekayəsi təkcə bir peşəkarın uğur hekayəsi deyil – bu, həm də bir qadının ailəsi, peşəsi və cəmiyyət arasında qurduğu qürurverici körpünün hekayəsidir.
Bu günkü dəyişkən və bəzən laqeydlikdən şikayət etdiyimiz dünyada belə bir qadının həyatına işıq tutmaq, onun düşüncələrini və prinsiplərini dinləmək bir məktəb oxumaq qədər dəyərlidir. Bu səbəbdən 1001info.az olaraq sizi – qadın gücünün, mərhəmətin, zəhmətin və sədaqətin təcəssümü olan bir insanla - “SA DENTAL CLINIC”in sahibi Səkinə Əliyeva ilə yaxından tanış edirik.
Sual: -Səkinə xanım, özünüz haqqında danışın. Bu sahəyə - stomatologiyaya gəlişiniz necə oldu?
Cavab: -Həkimlik mənim üçün təkcə bir peşə yox, həyat fəlsəfəsidir. Uzun illər Daxili İşlər Nazirliyinin poliklinikasında işləmişəm. Daha sonra həyat yoldaşımın dəstəyilə klinika açdım evimizin yanında. Və daha sonra bu gördüyünüz klinikanı- daha böyük bir yeri açdım. 50 ilə yaxındır bu sevdiyim işlə məşğulam. Hələ tələbəlik illərindən insanlara yardım etmək istəyi məndə çox güclü idi. Xəstənin ağrısını yüngülləşdirmək, sağlamlığını bərpa etmək – bu, mənim üçün ən böyük xoşbəxtlik idi. Stomatalogiya dəqiqliyi sevir. Əgər mən bu sahəni sevməsəydim, bu illərimi ona həsr etməzdim . İnsan yalnız sevdiyi sənətlə məşğul olmalıdır. Deyim ki, bu sənət mənə təkcə tibbi bilik vermədi, həm də insan psixologiyasını anlamağı öyrətdi. İllərdir yanıma yüzlərlə insan gəlib-gedib. Hər bir xəstə ilə ünsiyyət mənim üçün bir həyat dərsidir.
Sual: -Bu illər ərzində Sizin üçün çətin olan vaxtlar oldumu?
Cavab: - Çətinliklər çox idi. Amma inam və ailəmin dəstəyi ilə hamısının öhdəsindən gəldim. Həyat yoldaşım bu yolda mənim ən böyük dayağım oldu. İlk klinikamız evimizin bir hissəsində yerləşirdi. O zamanlar stomatoloji avadanlıqlar bu qədər əlçatan deyildi. Hər şeyi tədricən əldə etdik – böyük zəhmətlə. Təmiz niyyət və dürüstlük bizim əsas prinsipimiz idi. Tədricən pasiyentlər artmağa başladı, etimad qazandıq və klinikamız da böyüdü. Artıq 20 ildən çoxdur ki, müstəqil fəaliyyət göstərirəm. Bu gün müasir avadanlıqlarla təchiz olunmuş bu klinikada pasiyentlərimizi məmnuniyyətlə qəbul edirik
Sual: -Stomatologiyada Sizi ən çox cəlb edən nədir?
Cavab: -Stomatologiya çox spesifik və eyni zamanda çox canlı sahədir. Burada nəticəni dərhal görmək mümkündür. İnsanlar ağrı ilə gəlir, amma müalicədən sonra gülərək gedirlər. Bu hissi sözlə ifadə etmək çətindir. Diş həkimi olmaq həm incəlik, həm də səbr və dəqiqlik tələb edir. Çünki hər bir müdaxilə həm texniki, həm də emosional məsuliyyət daşıyır. Mən bu sahədə özümü yalnız peşəkar kimi yox, həm də sənətkar kimi görürəm.
Sual:-Pasiyentlərinizlə münasibətdə hansı prinsiplərə əməl edirsiniz?
Cavab: -Pasiyenti sadəcə bir “xəstə” kimi görmürəm. Onlar mənim üçün fərd, şəxsiyyət, bir ailənin üzvüdür. Diqqətlə dinləyirəm, başa düşməyə çalışıram. Empatiya çox vacibdir. Mənim üçün əsas prinsip inam yaratmaqdır. Xəstə sizə inandığı anda, siz artıq onun ağrısını yarıya qədər sağaltmış olursunuz. Bizim klinikaya hər yaşda pasiyentlər gəlir. Gənc vaxtı yanımıza gələnlər bu gün öz övladlarını və nəvələrini də bizə gətirirlər. Bu, mənim üçün ən böyük uğurdur, nailiyyətdir. Hələ bu sahəyə təzə başlamışdım. Amma haqqımda çoxlu yazılar yazılırdı. Xüsusilə bir yazıda “Qızıl əllər” sahibi adlandırmışdılar məni…
Sual: -Eyni vaxtda yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı həkim olmaq mümkündür? Ailə həyatınız və peşə həyatınızı necə uyğunlaşdıra bildiniz? Bu balansı qorumaq çətin olmadı ki?
Cavab: -Heç vaxt asan olmadı. Amma sevgi, anlayış və qarşılıqlı hörmət bu balansı qurmağa kömək etdi. Bütün bu çətinliklərin öhdəsindən ailəmin dəstəyi ilə gəldim. Həyat yoldaşım – o, mənim yol yoldaşım, sirdaşım, müəllimim idi. Məni həmişə irəliyə getməyə ruhlandıran məhz o idi. Həmişə mənimlə birgə addımlayırdı. O, heç vaxt məni incitməyib, ancaq təkan verib, güc verib. Həmişə məni həyata hazırlayıb. İllər keçsə də, onun verdiyi dəstəyin və güvənin təsirini hələ də hiss edirəm…
Oğlum polis sistemində çalışır. Onun bu sahəni seçməsi ilə qürur duyuram. Nəvələrim isə mənim həyatımın mənasıdır. Onların bir-neçə dili bilməsi, müxtəlif bacarıqlara yiyələnməsi, cəmiyyət üçün faydalı yetişmələri məni çox sevindirir. Hər bir insanın həyatında ailə çox vacibdir. Peşə uğurlarımın arxasında məhz ailəm dayanıb.
Sual:- Müasir texnologiyalara münasibətiniz necədir? Klinikada hansı yenilikləri tətbiq edirsiniz?
Cavab:- Mən daim yeniliklərə açıq olmuşam. Moskvada keçdiyim diş əti xəstəlikləri üzrə kurslar mənim dünya görüşümü xeyli genişləndirdi. Klinikada vizograf, implant aparatları, diş təmizləmə cihazları kimi müasir avadanlıqlardan istifadə edirik. Süni intellektin tibbdə tətbiqini maraqla izləyirəm. Ancaq düşünürəm ki, heç bir texnologiya həkimin empatiyasını, ruhunu, insanla qurduğu ünsiyyəti əvəz edə bilməz. Ən mükəmməl alət – həkimin vicdanı və insan sevgisidir.
Sual: -Səkinə xanım, klinikanız haqqında ətraflı danışdınız. Bəs sizinlə çiyin-çiyinə çalışan həkim heyəti barədə nə deyə bilərsiniz?
Cavab: - Mənim üçün bu klinika təkcə mənim uğurum deyil. Klinikamızın gücü onun komandasındadır. Yanımda çalışan hər bir həkim – bu işə könül vermiş, savadlı, məsuliyyətli və ən əsası, insana dəyər verən mütəxəssislərdir.
Onlar sadəcə tibbi biliklərinə görə yox, pasiyentlə qurduqları səmimi münasibətə görə seçilirlər. Hər biri öz sahəsində ixtisaslaşmış, müasir texnologiyaları bilən, beynəlxalq təlimlərdən keçmiş və daim yenilikləri izləyən peşəkarlardır.
Həkim kabinetə yalnız əlində alətlə girməməlidir – ürəyi ilə, anlayışı ilə, səbrilə girməlidir. Mənim komandamda olan hər bir həkim bu yanaşmaya sahibdir. Bəziləri illərdir yanımdadır, bəziləri gənc nəsli təmsil edir. Amma ortaq cəhətləri budur: bu işi sevə-sevə görürlər.
Bəzən deyirəm, əgər bu gün bu qədər pasiyent bizə inanaraq gəlirsə, bu, təkcə mənim əlimin yox, kollektivimizin birgə əlinin, qəlbinin gördüyü işdir. Əgər bizim klinikamıza gəlirsinizsə, bilin ki, sizi yalnız mən yox, bütöv bir ailə, sevgi və peşəkarlıqla dolu bir kollektiv qarşılayacaq.
Sual: -Pasiyentlərə və gənc həkimlərə nə kimi tövsiyələriniz var?
Cavab: - Pasiyentlərə tövsiyəm budur: Dişlərinizi yalnız problem yarandıqda xatırlamayın. Profilaktik müayinələr mütləqdir. Gecikmiş müdaxilə həm maddi, həm də fiziki cəhətdən daha ağır olur
Gənc həkimlərə isə tövsiyəm budur: Təvazökar olun, daim öyrənin və xəstəni insan olaraq görün. Dişə yox, insana müdaxilə etdiyinizi unutmayın. Özünüzü daim inkişaf etdirin, amma bu inkişafı xəstənin rifahına yönəldin.
Sual: -Nəhayət, həyatda Sizi ən çox sevindirən nədir?
Cavab: -Mənim üçün ən böyük sevinc – insanlara faydalı olmaqdır. Pasiyentin mənə təşəkkürlə baxması, nəvələrimin: “Nənə, sən bizim ilham mənbəyimizsən” - deməsi, bu gün həyatda olmayan ömür –gün yoldaşımın sağlığında “səninlə fəxr edirəm” sözləri... Bu münasibət, qəlbdən gələn sözlər bu ömrü elə-belə yaşamadığımı söyləyir.
Sual: -Səkinə xanım, Sizi yaxından tanımaq bizim üçün çox xoş oldu. Sonda soruşmaq istəyirəm: Nə üçün insanlar Sizi və klinikanızı seçməlidirlər?
Cavab: - Əvvəla, bu gözəl söhbət üçün Sizə təşəkkür edirəm. Bəli, hər bir insanın həyatda arzuladığı, qurmağa çalışdığı bir “məbəd” var – mənim məbədim “ Dental Klinika”dır. O, sadəcə bir stomatoloji müəssisə deyil, burada insanlara təbəssüm bəxş olunur, inam bərpa edilir, bəzən isə bir ömür boyu itirilmiş özünəgüvən geri qaytarılır.
Klinikamızda göstərilən hər xidmətin arxasında 50 ilə yaxın təcrübə, əllə yox, qəlblə işləmə fəlsəfəsi dayanır. Bura gələn pasiyent yalnız kresloda oturan bir “növbətçi” deyil. Biz hər kəsi dinləyir, onun üçün ən doğru olanı birlikdə axtarıb tapırıq. Burada pasiyentlər təkcə ağrılarından yox, bir növ, qorxularından da xilas olurlar.
Klinikamızda istifadə etdiyimiz texnologiyalar son nəsildir – digital rentgen, implant sistemləri, diş ağartma, estetik bərpalar, lazer terapiyası və daha nələr-nələr. Amma bizim fərqliliyimiz, üstünlüyümüz təkcə texnologiyada deyil, toxunuşdadır, münasibətdədir, inam yaratmaq bacarığındadır.
Uşaqlıqdan yanımıza gələn pasiyentlər bu gün öz övladlarını, nəvələrini də bizə gətirirlər. Bu, reklam deyil – illərlə qazanılan hörmət, qarşılıqlı güvənin nəticəsidir. Burda tərifə, təmtərağa yer yoxdur. Ən qiymətli “reklam”ımız isə pasiyentin sevincidir, gülüşüdür.
Əgər siz də ağrısız, qorxusuz, xoş münasibətli bir müalicə axtarırsınızsa, bizim klinikamıza gəlin. Burada sizi yalnız müalicə yox, səmimi münasibət, rahat atmosfer və hər şeydən önəmlisi – anlayış və diqqət gözləyir.
Unutmayın, dişlərin sağlam olması yalnız bir estetik görünüş məsələsi deyil, normal, keyfiyyətli həyat deməkdir. Biz o rahatlığı, o keyfiyyəti, o komfortu sizə bəxş etmək üçün buradayıq.
P.S. O, yalnız dişlərdəki ağrıları müalicə etmir, o, insanı hiss edir, anlayır. Onun əlləri qızıl, ürəyi isə bir ana qəlbi qədər saf və genişdir. Hər toxunuşda illərin təcrübəsi, hər baxışda pasiyentin taleyinə hörmət var.
Səkinə xanım təkcə həkim deyil, o, həm də bir qadın kimi öz varlığını ailəsinə, xalqına həsr edən fədakardır. Öz işini elə sevgi ilə görür ki, istər-istəməz düşünsən: “Pasiyentə bu qədər can yandırmaq üçün həkim nə qədər səbrli, nə qədər inamlı, nə qədər “insan” olmalıdır...”
Onunla tanış olmaq, düşüncələrinə şahidlik etmək – sadəcə bir müsahibə məsələsi olmadı, sanki ruh üçün, qəlb üçün bir dərs, bir məşğələ oldu. Təşəkkür edirik, Səkinə xanım. İnsanlara bəxş etdiyiniz təbəssüm üçün... Dünyada bundan gözəl daha nə ola bilər ki?!
SA DENTAL CLİNİC
Ünvan : Tarqovu. Həzi Aslanov küçəsi 52A,
📱(+994)50 205 11 53
