Qarovulçu adəti üzrə, sübh namazına qalxıb boyun-boğazına soyuq su çırpdı. Yaxşıca yuyunub qurulandı, dəstəmaz aldı. Eşiyə çıxıb, həyət-bacaya kənardan göz gəzdirdi, əlinin bərəkətinə baxıb qürrələndi.
Hər şey cağbacağ yerində: bağ-bağat tər-təmiz, vaxtaşırı bolluca su verib, əkib-becərmişdi, özü demişkən, gül gülü, bülbül bülbülü çağırır, baxdıqca, qulluğunda durduqca təravətlənir, nazlanırdı. Bax, budey, qoca bağbanın ruhunu oxşayan güllər, - min cür rəngləri, ləçəkləri, laləzar çəmənlik, alağı, çör-çöpü yox, bal tök barmaq yala və divar boyu cərgələnmiş bol-bəhrəli meyvə ağacları: hamısı, hamısı ətə-qana gəlmişdi...
...İntəhası, neyniyəsən ki, iş tərs gətirəndə, xəşil diş sındırar...
Ağzı yumulmuş bayquş hardan peyda oldu?
Və qərib gecələrin birində qəfil gəlişi ilə necə ulamağa başladısa, ipin ucu qırıldı, kələfi pozuldu... xeyir-bərəkət, hörmət-izzət - hər şey yağlı əppəy olub qeybə çəkildi...
İki həyət o tərəfə, bayquş özünə, sanki cəhənnəm yuvası qurmuşdu: deyilənə görə, sahibi nə qələt eləmişdisə, tutub içəri salmışdılar, hələ indi də cəzasını çəkir... Düşər-düşməzinə görə yaxın durub almaq istəyən yoxuydu, ot-əncər, qurd-quş basmışdı oraları.
Bəduğur bayquş, qolu-qıçı qırılmış, qaşına-qaşına, gəlib keçmişdi kor ocaq başına, qaranəfəs zinhar tökməyə başlamışdı...
Və bir gün, bağın yiyəsi işə gedərkən, dönüb gözətçinin şüşəsini döyəclədi. Ədəb-ərkanlı, təmkinli bir adam qəzəbindən bulud kimi tutulmuşdu: "A kışşiii!.. - salamsız-kəlamsız, heç vaxt olmadığı kimi... - O tərəflərdə neçə gündü bir bayquş donqarıb, gecələr ulamaqdan yorulmur. Görürəm, heç vecinə deyil sənin, ancaq mən onun səsinnən yata bilmirəm bütün gecəni, qor dolur yatağıma..."
Bağın yiyəsi qulluq sahibi idi, diqqətcil, böyük-kiçik bilən, hamıya əl tutub hayan duran. Heç bircə gün keçməmişdi, səhər yenə işə gedəndə, əlinin işarəsiylə, acıqlı soruşdu ki, nooldu?!
- Allahın quşudu da, məəllim... - Demişdi ki, qarovulçunun sözünü kəsib, sifətini turşutdu:
- A kişi! Bura bax, Allahnan nə işin var sənin!? Lənətə gəlmiş o quşu tapıb vurmaq lazımdı! Tüfəngi havayı yerdən nə söykəmisən o divara? Neynirsən elə, bilmirəm, əlinə duz bas, yuxuna zəhər qat... amma yum onun ağzını! Səsini eşidən kimi, ətim ürpəşir...
O, nə fikirləşdisə, duruxdu, yaxın gəldi, könül alırmış kimi, səsinin avazını aşağı salıb:
- Səən gəl, eşit məni, əmi! - dedi. - Yadındamı, kənddə başıma gələnlər? Rəhmətlik dədəm, sənin dostun, sonralar danışırdı ki, bəəəsss, mən bələkdəykən, elə qırxım çıxan günü, anam gəlir məni yelləməyə. Görür nəəə??? Baaaxxx, bu sinəmin üstündəcə, bir boz gürzə ...qıvrılıb yatıb. Qorxudan, nə təhər haray-həşir salırsa rəhmətlik anam, hamı tökülüb gəlir... İstəyirlər öldürsünlər, babam, yaranal bir kişi ürəkli cumub, təpinir onlara. Salavat çəkib ovsunlayır, "çıx get, Allahın heyvanı", - deyir, - "çıx öz yolunla get, yuvana çəkil!" İlan, ovsunlanmış kimi, başın qaldırıb fısıldayır, açılıb düşür beşikdən, otluğun içinnəncə qeybə çəkilir...
O, qarovulçunun papirosundan birini götürüb yandırdı. Meyli olmasa da, acı tüstünü şövqlə çəkdi ciyərlərinə:
- Həə, sonralar babam deyərdi ki, düz eliyib qoymadım, bala, bu, bəxt ilanıydı, günahdı, öldürmək olmazdı onu... Belə ilanlar hər yetənə pənah gətirib sinəsində yatmaz... Görürsən də, a kişi, məəəənnn, ilanla da yola gedənəm... Sən gəl, tovlama mənim başımı! Nə gizlədim, bayquşun özünnən də, səsinnən də zəhləm gedir. Yuxum zinhar olur... Vur, rədd elə onu, sən allah...
Qarovulçu uzun, arğac kişiydi, həyəcanlananda soyuq tər basırdı, gözü-qaşı əsirdi. Hiss edirdi ki, kotan kimi bərk kötüyə ilişib. Papirosdan bir qüllab vurub, fikrə getdi. Dərdini kimə desin, bu işə necə əlac eləsin?!.
Neynəsin yazıq, haranın daşın salsın başına?! Hardan uçub gəldi qanadı qırılmış, qocanın ağrımayan başına necə dəsmal bağladı?!
Adama ta nətəhəər deyərlər: ya bayquşu öldürüb ağzını yummalı, ya da, onun yerinə özün rədd olub getməlisən!..
Yaman yerdə axşamlamışdı, burda deyillər eee... "heç bayquşun da dar olmasın qəfəsi!.."
***
Tələsik həyətə, qoşa qol kimi çarpazlaşan küçəyə çıxıb, çökdü qapının ağzındakı oturacağa, yanğısını söndürürmüş kimi, papirosunu axıracan, lap sinəsi dolanacan çəkdi. Həyət-bacalardan, dolaşıq məhlələrdən burulub gələn yellər onun tərləmiş qasığınacan yayılıb can verdi.
Əyri döngənin o başınnan gələn hənirtiyə çevrildi. Üzbəüz bağın gözətçisi şellənə-şellənə gəlirdi, qoy görək, az idi arıq-uruq, biri də gəlsin dabanı cırıq...
Qarovulçu ağzını əydi: "Bayquşun dimdiklədiyi həşərat da yaxşıdı bunnan, qələt eləyib beləsinə əl uzadıb, ürək açarlar, ay başıboş?!"
Ertəsi gün, it tayadan düşməmiş, qapıbir həyətin yolunu birgə təmizləyəndə, o, dilini dinc qoymadı, bayquş söhbətini açıb məsləhətləşdi qonşu gözətçi ilə, "əl tut, köməkləşib, bir yerdə bu işə bir əncam çəkək", - dedi. Zalım balası o gedən yağlı əppəy olub, yoxa çıxmışdı, gündüzlər itir, gecələr çıxır üzə - bayquş kimi... Bütün günü də dəm, o qədər vurur ki, iylənib cəmdəyə dönür...
"Bir bayquşun kor nəfəsinə dəyməz, dingiş köpəyoğlu!" - qarasınca deyindi onun. - "Budey, genə hardansa doldurub tuluğun, şalvarın darta-darta, elə yeriyir, elə bil, qırx eşşəyin sağınınnan gəlir..."
Sıtqı sivrilmiş kimi, yelləndi: "Qoy yaxın gəlsin qaranəfəsin balası, görək harda qurtdanırmış..."
Qonşunun sidik kisəsi tez-tez qızdırırdı, yanpörtü yeriyir, qasığını sıxıb təntiyirdi, elə ki, içdi, tablaşa bilmirdi, topuğun isladırdı... Yeddi qarış aralı iydən adamın ödü ağzına gəlir, qarmaqarışıq cecə arağınnanmı, ya peşovdanmı - bilmək olmurdu...
Hallı idi, qanı coşmuşdu. Çatan kimi, zarafatla: "Bayquş ovçularına eşq olsun!" - dedi və çırtma çalıb, qafiyə tutdu:
- Səən, qadasın aldığım şair Vahidin rübabına bir baax:
"Öz xəlqinə hər kim mey içib, versə əziyyət,
Olsun yeri bayquş kimi, viranələr içrə..."
Baxdı ki, sözləri havada qaldı, duruxdu. Qocanın qanı qara, heç əhvalı yox və günahını yuyurmuş kimi, canıyananlıqla soruşdu:
- Həə, qonşu, nooldu bəəə sənin xozeyinlə söhbətivin axırı, nə qərar verə bildiniz?
- Nə bilim, eeee... - qoca güllə kimi açıldı - elə o gedən itmisən, bilmirəm, sən havaxt yaralı bir barmağa zad eliyəsssən?!
Qonşu gözətçi, elə bil sözə bənd idi, ayaqlarını cütləşdirib, təzim etdi:
- Bəəə çeeeşşşmmm!!! Məəən haaazıır... mən sənin qulluğunda, ağsaqqal, mən ölüüm! Yağlayaq tüfənglərimizi, ataq partapart. Hamını, bütün məhləni bezdirib, yemək-içməyimiz də zəhər, gülləboran eləməsəm, onda içdiyim haram ola...
- Hə dəəəə... Kişi içini çəkib, qonşunun sözünə dəstək, özünə ürək-dirək verdi. - Gərək səbrimizi basıb, yaxşıca güdək onu, axırına çıxaq, andır səsi bit-birə kimi daraşıb canımıza... Çox sırtıq quşdu, gözdüyür, əl-ayaq yığışannan, hamı yatannan sonra, yuxunun şirin vaxtındaca, şonquyub qonur buralara, səsini də atır başına, ağzıyumulmuş, ula ki, ulayasan... Viran qoymasa buraları, bir qismət çörəyimizə bais olmasa, əl çəkən deyil!..
Və dəmiri isti-isti, səbirsiz sözkəsdi elədi:
- Bir şüşə cecən məndə, sən öl!.. Qutaraq ee bu işi, təhər-töhmətdən abrımız getdi...
- Meysiz-badəsiz də düzələr, əmican! Od qonşusuyuq, ayıb dööyüülmü?! Bağladıq söhbəti, amma gərək əvvəlcə, barmağımıza duz basıb əməlli-başlı güdək o şoğəribi...
***
...O günnən qarovulçu bir əlçim şirin yuxuya həsrət qalmışdı, qara-qura fikirlər beynini qarışdırır, qəlbini əzirdi... Elə ki, gözünün hovunu almaq istəyir, rəhmətlik arvadı yuxusuna gəlir, ah-naləsi qulaqlarına dolur, vay-şivənlə, ölüsünü qoyub dirisini ağlayır. "Gəl ay kişi, yalqız qoymusan məni, heç itirib-axtarmırsan, yada salmırsan, yeddi ağac uzaq gəzirsən məndən... Gəl, hardasan?" - deyib fəryad qoparır.
O, dikəlib yatağında çöməldi. Vallah, bayquşun nəfsi, nıfsıdı bu yuxular, başı əzilməlidi, gözü çıxarılmalıdı...
Fikirlər çözələnir, qara-qura xatirələr közərir, cızdağını çıxarırdı.
Qızının, cavan ikən, nifrət elədiyi səfeh bir tayfanın çiy süd əmmişinə qoşulub qaçmağı, elə o gedən, hansı cəhənnəmdəsə itib-batmağı, vəfalı arvadının balasını haylayıb dərdindən azara düşməyi, əriyib çöpə dönməyi və bir gecənin dar vaxtında, ərinin qolları üstündəcə can verməyi... Özünün isə, çölə-bayıra çıxmadan, qırx gün, qırx gecə bayquş kimi ulaması, uşaqların təhər-töhmətinnən sonra, başını qatmaq üçün, dostunun oğlunun istəyilə, onun evinə gözət çəkməyə razılaşması, bağ-bağata dərhal isinişməsi və işlərinin sahmana düşməsi, ali məktəbə qəbul olan oğul nəvəsinin vaxtaşırı ona baş çəkməsi, hər şeyin öz axarına düşməsi bir titrək kölgə kimi gözlərinin qarşısından gəlib keçdi.
Di gəl ki, bayquşun qəfil gəlişi, özü də bu tərəflərə köç salması sahmanı pozdu, hər şeyi zəhrimara döndərdi, zəqqutun elədi...
Hə, necədi, atam balası, di çıx görüm, bu düyünnən?! Dartıb üzərsən, ipin elə yerdən qırılar ki, el yığıla, ilgəh tapılmaz.
***
...O günü nəvəsi babasını yoluxmağa gəlmişdi, əli çatan pay-püşlə. Düzdü, Allah rizası, bağın yiyəsi, urvatlı, mərdanə bir insan idi, qoymazdı bir çətinliyi olsun onun, amma nəvədi, payı da özü kimi şirin... Ancaq budəfəki gəlişi ilə o da bir yandan korladı işləri. Babasının təlx olmuş əhvalının səbəbini biləndən sonra, atası kimi, qırsaqqız olub yapışdı onun yaxasından, elə bil dilotu yemişdi.
"Baba, sən nə danışırsan, güllə nədi, vurub öldürmək nədi?! Köhnə təfəkkürünüzü bir qırağa qoyun?! Bayquşun sizinlə nə işi, öz həyatıdı, yaşayır... Bəy quşudu ee bu, bəy quşu! Necə qıyıb güllə ata bilərsən ona, ay baba?!"
Zalım balası, elə bil, dərs deməyə gəlib bura: bildiklərini, oxuduqlarını hüdüləyir, babasını bu nainsaf yoldan çəkindirmək üçün gözünü qırpmadan danışırdı: "Bilirsən, babacan, dəcəl balaları analarının ağuşuna birdən atlanır deyin, cırnaqları anasının gözünə batıb kor edər, o da müdrik səbirlə dözər, ağrıyıb-acımaz, sevər öz çağalarını... Bax, elə ona görə də miflərdə adına "Ana bayquş" deyirlər."
Qoca özü də uşaq vaxtlarından görürdü ki, hamı bayquşun zəhmindən, naləsindən qorxur, yerindən duran onu lənətləyir, qovur, daşlayır, qarasınca deyinir.
İlahi, binəva quşcuğazın alın yazısımı bu? Yoxsa, belə hədyanlarla gecələrmi əriyəcək, xarabalıqlarmı qeyb olacaq? Ya yazıq quş bayquşluğundanmı çıxacaq?!
Baba dizini uzadıb nıqqıldadı:
- Düzdü, "bayquş necədirsə, şöhrəti də elədir" məsəlini mən də eşitmişəm. Amma a bala, neynəyəsən ki, bayquş xarabalığı seyrangaha dəyişməz, viranəliyə köç salar... Burdan da, bağın yiyəsi dirəşib. Daşlamağınan, qovmağınan gedəndi, ya ağlı olan da bayquşa güllə atar?!
Bu söhbət çıxandan, kişinin yaddaşı təzələnib, dərin dərələrdən yel çəkir, canında simləyirdi. Uşaqlıq çağları, el-obanın yaşam tərzi, inancları, daşlaşmış adət-ənənələr, kənd arvadlarının, heç nə yox, tək elə bu bayquşla bağlı qorxuları, təşvişlə keçən gecələri, "üzü bülöv həşərat!" deyib daşladıqları, çarəsiz qalanda gecələr damların hündür yerinə, bayquşu diksindirib qaçırdan qırmızı parça bağlamaları, qapıların cəftəsindən pişikcırnağı asmaqları, anaların körpələrin döşünə alaqurşaq dağdağan budaqları tikməyi...
Zaman dəyişir, inanc, vərdiş, etiqad və... onu yaradan insanlarsa dəyişmir...
Bayquş da ki, öz bayquşluğunda...
Çox qəribə quşdu, heç bir canlıya qoşulmadan, tək-tənha dolanır və sanki lal sükutun, sirli kainatın və mübhəm gecələrin, özü ilə gizlətdiyi sirlərin keşiyini təkbaşına çəkmək istəyirdi.
"Sən onun ildırım gözlərinə baxmısanmı, baba, gör qaranlıqda necə alışıb-yanır?! - deyir nəvəsi. - Ölü can yeməz, bərk dimdikləriylə təbiəti qurd-quşdan təmizləyər, qaralayıb şığıdığı ovunu-qovunu boşuna buraxmaz... Beyni, qan damarları dayanmadan qaynayar, boynu, fəqərə sümükləri çevik - bədənini bir səmtdə saxlasa da, başını tam bucaq altında fırlada, qaranlığın hər qarışını görüb izləyə bilər. Qulağı, heç bir canlıda olmayan kimi, darı dələr. Eeeee, ay baba, onun adıyla o qədər miflər, nağıl, rəvayətlər var ki... Yormuramsa, qulaq as, bəlkə quşunu oğurlayıb, əlini nahaq qana batırmaqdan qoruya bildim..."
Nəvəsi dil-boğaza qoymur: "Bayquş sizə neyniyib, hə, baba? Onun uğursuzluq, ölüm xəbərçisi olmağı uydurmadı, vallah, inan mənə! Gözləri qaranlıqda parlayır deyə, böcəklər, xırda həşəratlar çaş-baş qalıb onun işığına doğru gedir, ovuna çevrilirlər. Bilirsən, baba, bayquşun müdrikliyi həm də türk şamanlığından gəlir. Şamanlar, hətta papaqlarına bayquş tükü taxarmışlar..."
Baba başı ilə təsdiqləyib, bığaltı gülümsədi: "Vallah, belə baxıram, bu uşaq mənnən ağıllıdı, nəyi düz demir axı... Allaha acıq gedər, ahıl vaxtımda qanamı calayım özümü?! Bu qədər ömür yaşa, axırda da gəl günaha bat, bir bayquşun qanına bais ol? Qanmırlar ki, bayquşun dalınca düşən, xarabalığa gedib çıxar... Neyniyim, haranın daşın salım başıma, öz xoşumla cəhənnəmə gedim? Günahsız bir quşnan nə işim, qarğış yiyəsi eləmə məni, ya Rəbbim! İnsaf ver, uçurt onu buralardan... Hara gedir-getsin, dalınca da qara yellər!.."
Bu düşüncələrlə həyəcanlanıb nəvəsinə könülsüz qulaq asan kişi qeyri-ixtiyari söhbətə qoşuldu:
- Sən düzsən, bala, bilirəm, çoxdu belə rəvayətlər. Mənim rəhmətlik dədəm, sənin ulu baban, danışardı ki, Allahın izniylə, bütün canlıların dilini bilən Süleyman peyğəmbər bayquşu fərasətinə, bacarığına görə mükafatlandırıb, "sən bunnan sonra daha qida axtarmayacaqsan" deyib. Ona görə məsəl var: "Bayquş başın tək istər və qidası ayağına gələr..."
Nəsə... Boş söhbət dananı qurda verər. Kəmhövsələ baba nəvəsiylə söhbəti burdaca tamamlamışdı və o gedəndən sonra, arxasınca bir parç su atıb dua eləmişdi və bir müddət özünə gəlmədən, eşitdiyi ilə gördüyü arasında naəlac qalıb karıxmış, rahatlığı ərşə çəkilmişdi...
***
Qarovulçu, yatağında eşələnib sakitləşmək istəyir, amma nə fayda, qara-qura fikirlər beyninə pərçim olub, əl çəkmir.
Yer üzündə nə qədər həşərat növü varsa, bir o qədər də insan var: barmağının ucundan tutmuş burnunacan - təkrarsız və bənzərsiz. Yazı yazan hamısını fərqli yaradıb: bir-birinə bənzəyən canlı varmı, hərənin öz taleyi, yolu və qisməti. Biri ölür, birini öldürürlər. - Qoca duyğulandı. - Dərdi hərə bir cür çəkər: için-için ölən də, çölün-çölün əriyib sönən də... Hər canlı öz dərdinin daşıyıcısı - sənin yaşadıqların isə başqasına çox uzaq gələr. Dərd - dərd çəkənindir!..
Get naxıra, gəl axura - heyvan ömrüdü, naxırla axur arasında fərqi bilməyənin yaşamasına nə lüzum?! - rəhmətlik atası yaman demişdi. Dörd fəsli, yaxud bir ili fərqsiz, vecsiz yaşayan, ağzının tamını, sözünün zamını bilməyən, rəngləri seçib ayırmayan adamları görəndə, deyərdi ki, beləsi, ömründə bir istiot qırmayıb hələ... İndi bu qabırğası qalınlar yorulmadan, usanmadan vurub yıxır, ovlayır, çapıb-talayır, yeri-göyü uçurur və qan tökür!..
Zəmanə xarab olub, üzü çönüb, bayquş da yalan olub, qaranca elə hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin yeddi qatınnan keçə...
İlanın zəhərindən, qurdun zəhmindən qorxuruq, ayının gücündən, bayquşun səsindən... Hər canlıya bir ayama qoşuruq: at kişnəyir, it hürür, qoyun mələyir, xoruz banlayır, bülbül oxuyur - hərəsinin bir həyat tərzi, dili, səsi və naləsi...
Görəsən, bülbül gecələr gəlib oxusaydı və insanların yuxusuna haram qatsaydı, ona nə ayama qoşardılar?!.
Bayquşun qəmli səsi gecəni başına götürmüşdü, haylanır, hallanır və elə bil etiraz edirdi: məəəəəənnn, mən, ulamıram! Açın qulaqlarınızı eşidin: mən səslənirəm, dünyaya, kainata car çəkirəm, ey dilimi bilən, məni anlayanım, hardasan?..
Cınqırını çəkmədən, səsinin dalındaca gizlənən o qədər canlı var ki!?. Yazını tərsinə oxuyanlar, ayrı düşünüb, özgə hava çalanlar?
İnsan - canına qorxu düşən kimi, min hoqqadan çıxır, nağıl qoşur, mif uydurur, dua edir, nə bilim, cadu qurur.
Qorxu isə... sonda qəddarlaşdırır və ölüm gətirir!..
Gördüyün qorxunun, duyduğun fəlakətin, nə vaxtsa, qabağını alıb dəf edə bilərsən, yaxşı bəs, heç vaxt ağlına gətirmədiyin, gözləmədiyin və qəfil ildırım kimi başına şığıyan qarğışlar, latayır söyüşlər, yellər, fələyin gərdişi və səni qəfil çuğlamış qara talelər - bunların əlindən hara qaça bilərsən?!
Min illərlə məskən saldığı doğma yurdunu, insanların zülümlə qurduğu ev-eşiyini başına necə uçurtmaq olar? Vətən bilmədən, sərhəd görmədən, ədalət gözləmədən...
Bəyəm, bəşər övladı hamısı bir Allahın bəndəsi deyilmi? Niyə müxtəlif dinlər və dillər hamını arzuladığı və istədiyi bir sülhə qovuşdura bilmir?
Eehh, ay qoca, sən belə düşüncələrlə çabala, indi gör bayquş nələr düşünür və necə baxır bizə? Görəsən, onun qaranlığın bağrını dələn şüalı gözlərində necə görünür dünya?
O, canı ilə əlləşirdi elə bil, özünü bayquşun yerinə qoyub, onun dərdinə, duyğularına həmdəm olmaq istəyirdi.
"Yoxsa, qurbanı olduğum, nəfəssiz və hənirsiz bu viranəliyə keşik çəkmək üçünmü xəlq elədi məni, hə?! - Bayquşun hay-küylü səsi sanki özü kimi havalanmışdı - Guya mən, bu xaraba qalmış tikilidən uçub getsəm, səsimi içimdə boğsam, düzələcəkmi bu viranəlik? Niyə bəni-insan ancaq dara düşəndə yada salır məni, səsimnən qorxur, söyüş, nifrin yağdırır, dalımca qarğış töküb, daşlayır və güllə atır?! Bu qara ayamaları kim yazdı mənim taleyimə, ya Rəbbim, kim? Niyə? Nə üçün? Kim anladı mənim naləmi, kim yozdu? Bəlkə mən elə bu faciələrə, dünyanın belə gərdişinə fəryad edirəm? Başa düşməməyiniz bir yana, hələ, məni heç harda görmək belə istəmir, bütün bəlaların səbəbkarı sanırsız... Ətrafımda - bağlarda, həyətlərdə, evlərdə, yollarda və dalanlarda nələr görürəm, "gecə qara, cücə qara", deyib, nə oyunlar, şəbehlər çıxarırlar... Amma mən, bütün qaranlıqları aydın görürəm, pıçıltıları eşidirəm, əyrilikləri, fırıldaqları bilirəm... Kim əyilir, kölgəsindən qorxub gizlənir, kim başqasına torba tikib, darvazalardan xəlvət keçir? Nə yaxşı ki, dil açıb danışa bilmirəm... Bəlkə deyə bilmədiyim sirlərdən qorxub belə hay-həşir qoparırsınız?!"
Zavallı quşcuğaz hikkəsindən odlanıb, çabalayırdı...
"Mənim naləm dərdim oldu, başıma şəbehlər açdı və axırda hamını qaçaq saldı mənnən..."
Bayquş dərindən ah çəkir, dərdini, naləsini, öz dili ilə bax beləcə, oxuyurdu...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!."
Bu qəm naləsi elə bil zindana dönüb, qarovulçunun qulağını çəkiclə döyürdü. Hikkə ilan zəhəri kimi boğazına tıxanıb nəfəsini kəsirdi. Qarğış, nifrin yağdıran, paxıllıqdan və xəbislikdən için-için çürüyən adamlar qarşına çıxanda, işin düz gətirməz, bəduğur tökər, yükün əyər...
Yatmış insanlar, oyaq günahlar: hər şey göz qabağında - ay işığı kimi...
Gecə yatan, gündüz didişən insanlar...
İçindəki xəbisliyə rəvac verən, burnundan qabağı görməyənlər şeytana daş atırlar, bayquşu lənətləyirlər: hər şeyi, bütün günahları kənarda, başqasında axtarırlar...
Belə çıxır ki, gizlinlərə gecələr şahidlik edir, gecələrə də bayquşlar???
Xəfif meh bayquşun ipək xovlu, bəyaz çilli tüklərini yellədikcə, ağappaq və tərtəmiz zılğa əti görünürdü. Yaradan incə bir qələm çəkmişdi ona. Qoşa qanadlarına mor rəngli tünd xallar çiləyib, sanki gecələr üşüməsin deyə, isti bir kürk kimi çiyinlərini örtmüşdü. Qara tüklərini isə, nizamlı bir xətt boyunca, pırpız qaşlarının üstündən aşırıb, ovurd çanaqlarından ta şəkli qulaqlarının dibinəcən fırlamışdı, zərif naxışlı nal kimi cizgiləyib, vücuduna yapışdırmış, yastı-yapalaq canlını yaraşığa mindirmişdi.
Bədirlənmiş Ay hər yeri nura calasa da, güclü caynaqları altında gizlənmiş ölümü, sanki bayquşdan savayı bilən və görən yoxuydu...
Bəy quşu kimi gecənin şahlığını yaşayırdı...
***
...Qəfildən göy guruldadı, şimşək çaxdı, qarovulçunun keşik çəkdiyi otağın pəncərələri taybatay açıldı, şüşələr çilik-çilik olub ətəyinə töküldü.
Aaauuu!!! Aaauuu!!!
Baauuu!!! Baauuu!!!
Aman... Kaftar bir bayquş, qanadlarını çırpıb içəri şığıdı, uzun-uzadı sızladı, qara-qırtıq, qıllı caynaqlarındakı şikarını qəzəblə kişinin ayaqları altına atdı... Qanrılıb baxdı ki, qızıdı, yumağ kimi topuğuna döşənib onun, qan tökür kor bəbəklərindən... Çürük kəfən içində, sarı köpük qusurdu, oğurluq edən dovşan kimi ürkək idi, əyri ayaqlarını qoşulub qaçdığı dərələrin kolu-kosu sürtüb qançır eləmişdi...
"Ay dədə, - deyib zarıdı - günahımnan keçmə mənim, noolar, heç üzümə də baxma... Yazıq anamın o nakam ruhu bağışlamaz, qırx gün, qırx gecə o zavallı qadını dalımca, bayquş kimi ulatdıran, için-için çürüdən mən oldum, mən başıdaşlı!.. Bir binamusun yağlı, şirin vədinə allandım, ata-ana xeyir-duası almadan qoşulub qaçdım... Xeyir çörəyi yeyə bilərmi beləsi?! Axırı çöllərdə qaldım, dərdə-bəlaya düçar oldum, qurd-quş da iylənmiş meyidimə yaxın durmadı... Dalımca gəlmədin, niyə o gülləni götürüb ikimizi də qanına qəltan eləmədin?.. Axı sən, köhnə kişisən, öz üstünnən namus ləkəsini niyə yumadın, ay dədə? Üzünmü çöndü, iyrəndinmi, sıtqındınmı? Bilirəm, yaxşı tanıyıram səni, qəzəbindən belinə, qanına, dölünə söydün. - Onun pərişan saçları sicim kimi boğazına dolaşmışdı. - Nə durmusan, mənim qeyrətli dədəm, nə fikrə qərq olmusan, götür, götür o tüfəngi! Şərəfnən yaşayıb qədrini bilmədiyim günləri qaytar, ləkəmi yu! Qoluna qüvvət, vur, ay dədə, qanım halaldı sənə, öldür məni!.."
O, başı bıçağa gələn quzu kimi mələyib, üzünü ümidsiz göylərə tutub, asi düşdü: "Apar məni, a qara yellər! Gəl, a bayquş, gəl, apar məni, soyxa qoy sümüklərimi!.."
Qızı sanki ilğımlarda uçur... Sən ora bir bax, nə illah eləyirsə, əlindəki yaylığı başına bağlaya bilmir, dəsmalın deşiklərindən qanlı damlalar bayquşun ovcuna tökülür...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!."
Onun qandonduran naləsi sankı son vəsiyyəti idi...
Və çox ağladı, çox sıtqıdı, sonra özü də bayquş kimi qanad çalıb kükrədi və boz yellər kimi burulub, evin çökmüş tavanındanca qeybə çəkildi...
Atasının qolları ixtiyarsız uzandı və barıt qoxusu gələn havadan asılı qaldı: "Səba yellərimi əsdi sənin dalınca, qız, qarğışamı ürcah oldun?! Çoxdan it-bat olmuşdun, nə hayın vardı, nə huyun... Gör neçə ildi heç yuxuma da gəlməzdin... Hardan belə peyda oldun, ay günüqara, hardan?.."
...Kişi dik atıldı, vaayy, bu nə yuxudu belə, yarəb? Əsirdi, bədəni buz kimi tərin içindəydi. Tər basmış yastığını aşırıb, üzüqoylu çevrildi, kürəyini şişlə dağlamışdılar elə bil, boğulurdu. Divara naümid söykənmiş tüfəngə baxdı: "Düz deyirdi, gərək vuraydım... Nəəə? Nəyi vuraydın, ay bədbəxt, nə sayıqlayırsan, ayılsana, yuxudu ee, yuuxuu?!."
Gör neçə gündü zülüm çəkib od ayaqlayır, gecəni diri gözlə açır, bir az mürgüləyən kimi yeddi qəbir qarışır bir-birinə...
Özü də son zamanlar yaman kövrək olmuşdu, kədərli nəsə görən kimi, göz yaşları sellənib-sulanıb gedirdi... Əli işdən soyumuş, bağa-bağata qulluq eləməyə heyi, həvəsi qalmamışdı.
Başına nə çarə qılsın? Bəlkə gedib ev sahibinə desin ki, bu iş mənlik deyil, a bala, qadan ürəyimə, mən uşaqlığımnan ta bu günə kimi, toyuq başı da kəsməmişəm, bir qarışqanı belə tapdamamışam, durduğum yerdə xataya salma məni... Bayquş ovu eşqinə düşənin hansı biri indiyənəcən xeyir tapıb, ay başına dönüm?!
Birdən... o da çönə ayrı söz deyə, bəs onda? İp də getsin, it də?! Bəlkə, yükünü yığıb, siz sağ, mən salamat, üzüsulu çıxıb getsin buralardan?!.
Yooxx, bu yaraşmaz sənə, ağsaqqal kişisən, bəs əhd-peyman, duz-çörək? O, sənin elə günündəcə əl tutub hayan oldu, indi ağzı yumulmuş bir quşcuğaza görə xətir-hörməti yerə vurursan?!
Ayıbı it yeməz, bayquş da dimdikləməz!.
Çörəyin yolu ağırdı, bu yolda duz daşı, düz daşı!
Andır fikirlər dəyirman daşı kimi sallaşır boynunnan: aranı dağa, dağı arana daşıyır. "Qu" desən, qulaq tutulan dərələrdən, sehrli kalafalardan yellənib gələn və min ilin sirrini yaşadan dərdli ağılar, mübhəm ağlaşmalar, vay-şivən, üzü tutqun ölü kölgələri... kimsə bataqlıqda çabalayır, imdad diləyir...
Arı - öz balına batanda, ha dartınır, qurtula bilmir, amma karıxmır, səbirlə çevrilib, dözümlə, aram-aram təmizləyir özünü və sonra da rahatca xilas olub uçur azuqəsinin dalınca. İnsansa, bərkə-boşa düşüncə çaşır, ətrafını da arxasınca sürüyüb aparmaq istəyir...
"Uca Tanrım! İnsanları yanlış verdikləri qərarla fəlakətə sürüklənməkdən qoru!.." - deyə yalvardı qarovulçu. - Duaları da, gərək yerində qılasan, Allahı dara düşəndə, yükün əyəndə axtarmaqla savab qazana bilməzsən!..
Müharibələr və savaşlar nəsə bir qazanc gətirə bilər - ancaq qanın və ölümün çiyinləri üstündə!
İnsan dayanmır: dünyanı məhvərindən çıxarır, yeri-göyü silahla doldurub oda bələyir, ölüm saçır, nahaq qana batırır. Hər gün silah-sursat, bomba, raket, atom, neytron icad edir. Ölüm və qan gətirən kəşfləri ilə öyünür, hələ bu azmış kimi, ödüllər, mükafatlar alır... Allah eləməsin ki, bu kəşflər və sınaqlar yerlə göyün birləşməsinə gətirib çıxara və bir gün bütün canlılar ortada yanıb kül ola - bunumu istəyirik?
Hər səhər bəşər övladı səksəkə içində oyanıb baxır ki, kainat yerindədimi, yer göylə toqquşmayıb hələ!?
Yağışı, quraqlığı, aclığı, toxluğu, istisi, soyuğu ilə dözüm, duruş gətirə bilirmi?!
Fərqli qitələr, yeddi iqlim qurşağı, damarı qaçmış fəsillər və məhvərinnən çıxmış dünya - necə pozuldu sənin intizamın...
Böyük Yaradan isə, xəlq elədiyi bu insan məxluqunun qanlı əməllərinə baxır, baxır... Dözür, səbirlə dözür... Bir də görürsən ki, qəfil bir gündəcə səbir kasası daşır, acığı tutur öz bəndəsinə, fırtına qoparır, zəlzələ, yanğın, qasırğa, nə bilim, nələr, nələr gətirir və əməllicə silkələyir ki, bəlkə ayılıb dayana... Ancaq bəni-insan durmur, düzəlmir. - Qoca fikirləşib qıvrıldı, bürüşüb yumağa döndü. - Dünya qocalır sənin kimi, əsrlər, qərinələr sıralanır, gecə gedir, gündüz gəlir: amma yenə də xarabalıq, dağılmış yurdlar, viran qalmış, közü sönmüş ocaqlar...
Bayquş isə öz taxtında!.. Və minillikdən üzü bəri səslənir, nalə tökür, hay qoparır!..
Qarovulçu xoflanıb, özunə sual edirdi: görəsən, qurbanı olduğum, hər viranəliyə, çox yox, tək bircə bayquş bəxş eləsəydi, sayı-hesabı bilinərdimi və bayquşlar bu kainatı başına götürüb hara aparardı?!
Bəyəm savaşın, tökülən nahaq qanın, bəlanın baiskarı zavallı bayquşlardımı?"
Elə ki, qaranlıq düşür, kainat, canlılar qınına yatıb, yuvasına çəkilir və bu lal səssizliyin içindəcə tənha qalan bayquşlar başlayırlar ələm boyunca səslənməyə... Və hamı - yatan da, oyaq da bayquşu baiskar bilir, qarasınca söyüb söylənir...
Bəlkə, insan, bayquşu lənətləyib susdurmaqla, qovmaqla - öz əllərilə saldığı xarabalığın səsini kəsir ki, xatırlayan və heç yerini bilən də olmasın?!.
Kainatın doğuluşundan, təbiətin yaranışından, taa ölümə kimi - bütün canlılar arasında mübarizə gedir: əzəli, əbədi və qanlı mübarizə...
Qocanın qəmli gözləri uzaq nöqtəyə zillənib yol çəkirdi, su içən toyuq kimi başını qaldırıb udqundu: "Kömək əlini uzat, ya Rəbbim, səxavətini əsirgəmə, qandan, xatadan uzaq elə bizi!.."
Di gəl ki, insansız yurd - özü elə viranəlikdi, xarabalıqdı!.. İnsansız, hənirsiz həyat - ölüdür, ölü: axı, burası da var...
Həyatın gərdişini anlayan insanlar nə çox, əzəli saçlarını töküb təkəmseyrək tükləri qalan qoca dünyayla bir-birinin abrına qısılır, min cür hoqqadan çıxan qaragüruha baxır və çaşqınlıqla, intizarla gözləyirlər...
Bu nədi, nə tilsimdi: həyatın, orası elə, burası belə, ortası da yox. Qızıl ortanı tapmaq və baş açmaq müşkül bir məsələ... Sənin gərdişinnən heç nə anlamadıq, ay gidi dünya!..
Qarovulçu dirsəklənib əl-qolunu yellədi, "əşşi, boşla getsin, şeytan əməlidi bunlar, çıxart getsin başından!.." - deyib qalxdı.
Özünü yormağa, cəfəng düşüncələrlə içini çürütməyə dəyməz. Sənin haqlı bilib düşündüyün bu fikirlərə, bəlkə kimsə etiraz eləyər, fərqli düşünər və ya istehza ilə yanaşıb gülər... sənsə, ay qoca, bağda, öz xudmani otağında şonquyub, köhnə pambıq içi tökürsən, isti çaydan içib filosofluq eləyirsən?! Kimi itirib, nəyi axtarırsan?!
Söz dəyirmandakıdı: sənin alın yazındır bu, əzizim, dolanıb doğanaqdan keçməlisən, odur, küncə söykədiyin, lüləsini, tor tüfəngini götür yağla, darağını doldur, sözünü tut, qonşunun da arağını al və düş ovunun dalınca!..
***
...Aylı gecə səssizliyin ruhuna şellənmişdi...
Bayquş həminki yerində, o xaraba evin tavanında çürümüş millərin kəsiyinə qırtdaq caynaqlarını elə yapışdırmışdı ki, elə bil, döyüşə gedirdi.
Gecəninmi, ya ölümünmü intizarını çəkirdi?..
Ölümün iyini gecənin saf havasında duyurmuş kimi, baş çanağını dayanmadan fırlayır, alışqan gözlərisə bir nöqtədə, tərpənmədən şəraitə nəzarət edirdi. Şəkli qulaqları darı dəlirdi, həvirləşib yaxınlaşan hər iki canlının - ovçunun, hətta təlaşlı ürək döyüntülərini belə eşidə bilirdi...
Həyat isə, gecənin qaranlığında üzücü intizarın ağırlığına dözüb çabalayırdı.
Bayquş qaraltının hər ikisini, süd kimi görürdü. Qoşalülə tüfəng əllərində, kəmər daraqları da ağzınacan dolu...
"Zalım uşağı, elə bil, meşəyə, canavar sürüsü ovlamağa gəliblər. - Bayquş fısıldadı - "Pahh, ovçularıma bax, ee!? Neçə gecədi sərasər buralarda sümsünüb məni güdürlər...Barıtınız özünüzə qismət olsun! Xatanız öz başınızda çatlasın, inşaallah!.."
Qabaqda əhlikef yeriyən kepkasını başına bərk-bərk sıxmışdı. Bayquş, onun papağının altından qıvrılıb çıxan, sallaşıb tökülən yağlı tüklərinə və tez-tez əl dəydiyindən günlüyünə yığılmış bir əlçim kirə-kirsava baxıb, istehzayla qımışdı: "Buna bax, kürkünnən bit ürkən pinti köpəyoğlu, papağın boş qalsın sənin!.."
Onun dalınca naümid gələn qoca isə qıs-qıvraq, özünə baxan idi, ancaq əhvalsız, könülsüz, naümid halda, əlləri və ayaqları sözünə baxmadan, peşmanlıqla yeriyirdi, elə bil ki, ölüm ayağına, cəhənnəm əzabına gedirmiş kimi, can çəkirdi...
Qızının uzun illərdən sonra, elə bayquşun caynaqlarındaca, yuxusuna gəlib haram qatması və ulayıb, tozanaq qaldırıb, nəmli ilğımlar kimi buxarlanması - kişinin yaralı qəlbinin közünü qopartmışdı...
Tüfəng qocanın əlində duruş gətirmirdi, tətiyi çəkməyə belə heyi yoxudu... Qonşu gözətçi onun bu halını görüb, səs çıxarmadan dümsüklədi ki, fikrin hardadı, əmican, ayıl, özünə gəl...
Qəfil bir səs burulğan kimi guruldadı, sanki yaxasından tutub silkələdi gecəni. "Möhkəm ol, a kişi, bu nə haldı, nə duruşdu, sən əməlli-başlı meyid olmusan ki..."
Deyəsən, arvadı idi, kölgəsi boyundan uzun gəlirdi, istədi göy damarı çıxmış əlləri ilə qucaqlasın ərini, ancaq əlləri də sözləri kimi soyuq idi, elə bil, il boyu, qışın sazağından üzübəri donub buz bağlamışdı.
"Bizə, səfada da, cəfada da sənə şükr edən Həzrəti Əyyubun səbrini ver, İlahi!.." - qarovulçunun duasını arvadının kəsik hıçqırıqları boğub soyutdu və boğazınacan nəm çəkmiş divarların kölgəsində yel kimi sovurdu.
Bayquş yastılanıb, dirəyə çökdü, acığından dimdiklərini tənəylə şaqqıldatdı: "Ey yazıq, zavallı məxluq! Bu boyda gen-bol dünyanı, bir belə genişliyi qoyub, bura çathaçatdamı yadına düşdü Allah?! Qəzəbdən kükrəyən caynaqlarımın altında heç yeridimi bu duaların?! - Sənin gecikmiş duyğularının və yalvarışlarının ömrü, mənim bax, bu caynaqlarımın ucuna qədərdi, çox qısadı, çox, ay bədbəxt qoca!.."
Kölgələr dayandı, sakitcə, əl-qol hərəkətləri ilə şərtləşib ayrıldılar: biri vəhşi akasiya kolluğuna girdi, o biri qoşa millərin altına pərçim elədi özünü...
Sonra gecə ilbizləri səs-səsə verdi, sanki qaranlığın lal və dərin sakitliyini özləri ilə çəkib aparmaq istəyirdilər...
...Və qəflətən, bayquş caynaqlarını sıxdı, isti və güclü qanı canına doldu, qüvvətləndi, iri, yekə qanadlarını qəflətən elə çırpdı ki, şaqqıltısınnan gecənin bağrı çatladı...
Aaa - uuu! Baa - uuu! Heeeyyy, heeeyyy!
"Qaram gecə, ovum gecə, naləm gecə,
Aman, aman, bilirəmmi halım necə?!."
...Və güllələr dalbadal açıldı, gecənin lal sükutunu parçalayıb dağıtdı, isti gilizlər nəm divarlara dırmaşıb, siçan kimi civildədi...
Uçuq damın altında çöməlib ağ kəfənə bürünmüş qadının kölgəsi əyildi, sanki göydən yerə qanad saldı, başını qarovulçunun parçalanmış sinəsinə sıxıb, gözünün qorasını tökdü: "Aman!.. Sən neynədin, ay zalım, əlin qurusun!.. Kürəyin hardan deşildi, ay kişi? Ağ kəfənin necə boyandı qanına, ay kişi? Qarğışamı ürcah oldun, günahamı batdın?!" - ölümlə əlləşən qarovulçunun canına, sümüyünə, iliyinəcən yeriyən bu kəsik hıçqırıqlar, vay-şüvən bayquş ulartısına çevrilib gecənin soyuq ruhundaca əriyir, acı göz yaşları qanlı su kimi axıb sellənirdi...
...Zülmət qaranlıq öz canını xoruz banıyla səhərə təslim edirdi...
...Göyün yeddi qatınacan çəkilib, qeyb olmuş bayquşun səsi - üzücü, qandonduran ulartısı dünyanı başına götürmüşdü...
Bayquş, elə bil, qaranlıq bir qəbirdən indicə çıxırdı, səsi çatınca, ünü yetincə hayqırır və al qan içində can verən qarovulçunu, naqəfil açılan güllə ilə əlini nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi özünü, özünü ağlayırdı...