19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bir yaşlı nəfəsi gəlməyən evdə…- Fuad Biləsuvarlı yazır
ƏDƏBİYYAT
09.06.2026, 23:58 Oxunub: 1157Bir yaşlı nəfəsi gəlməyən evdə…
Əziz Asif babamın əziz xatirəsinə ithaf etdiyim esse-elegiya
Bəzi insanlar ölümü ilə sadəcə bir insanın yoxluğunu yaratmırlar. Onlar gedəndə evlərin havası dəyişir, divarların rəngi solur, qapılar ağır-ağır açılıb bağlanır, stullar belə kimsəsiz görünür. Elə bil bir evdən insan yox, nəfəs gedir, işıq gedir, səs gedir. Hətta zaman da dayanır.
Əziz babam — Asif Əzim oğlu Cəfərovun gedişi bizim evdən bir insanı yox, bir ömrü apardı. O gedəndən sonra evimizin hər küncündə qəribə bir sükut yaşayır. Həmin sükutun içində isə ən çox onun səsi çatmır qulağımıza. İndi anlayıram ki, bir evi ev edən daş-divar deyilmiş. Bir yaşlının nəfəsiymiş. Bir ağsaqqalın varlığıymış. Bir insanın “evdəyəm” demədən evə verdiyi rahatlıq imiş.
Mən bu ağrını yaşayandan sonra öz şeirimin misralarını daha dərindən anladım:
“Əzəldən bu olub doğru, həqiqət,
Böyüksüz evlərdə olmur səadət…”
Həqiqətən də olmurmuş…
Babam sağ olanda biz bunu hiss etmirdik. Elə bilirdik hər şey həmişə belə davam edəcək. Həmişə o süfrənin başında oturacaq. Həmişə asta səslə danışacaq. Həmişə qapıdan girəndə evə qəribə bir rahatlıq dolacaq. İnsan ən böyük nemətlərin qədrini onları itirəndən sonra anlayırmış.
İndi o evdə hər şey yerindədir… Stol da ordadır, kitabları da, eynəyi də, illərlə toxunduğu qapılar da. Amma heç nə əvvəlki kimi deyil. Çünki o nəfəs yoxdur.
“Ən şirin nəğmələr ağıya dönür,
Sönür əbədilik çırağı sönür…”
Babam gedəndən sonra evimizdə həqiqətən də çıraq söndü. Bir vaxtlar qonaqlı-qaralı olan otaqlar indi qəribə səssizliyə bürünüb. Divarlar adamın üstünə gəlir. Pəncərələr belə kədərli görünür. Mən əvvəllər şeirdə “daş divar da can verir, ölür” misrasını yazanda bunun bu qədər ağır həqiqət olduğunu bilmirdim. İndi anlayıram ki, insan öləndə onunla birlikdə ev də ölür.
Əziz babam təkcə ailə başçısı deyildi. O, bir məktəb idi. Bir ocaq idi. 20 ilə yaxın Biləsuvar rayonunun Bağbanlar kəndində Aydın Həsənov adına orta məktəbin direktoru, dil və ədəbiyyat müəllimi kimi çalışmışdı. Amma o, müəllimliyi peşə kimi yaşamırdı. Müəllimlik onun taleyi idi.
Şagirdlərinin adını illərlə unutmayan, kəndin hər uşağının gələcəyini öz övladı kimi düşünən adam idi. Məktəbdə keçirilən bütün ədəbi gecələrin müəllifi o olmuşdu. Ədəbiyyat kabinetini sevə-sevə yaratmışdı. Kitabların tozunu belə ehtiramla silən adamlardan idi. Babam həm şair-jurnalist, həm də toyların, mühüm tədbirlərin aparıcısı idi.
Bəzən düşünürəm… İnsan bir məktəbə bu qədər ömür verər, amma gedəndən sonra bir şəkli belə divardan asılmaz? Bir qərənfil belə qoyulmaz? Bu, adamın içini yandırır. Çünki o məktəbin hər daşında onun izi vardı. Hər dəhlizdə addım səsi vardı. Hər sinifdə nəfəsi vardı.
Babamın ən böyük arzularından biri Birinci Qarabağ müharibəsinin şəhidi olmuş Aydın Həsənovun adını yaşatmaq idi. Bunun üçün çox əziyyət çəkdi. Çox qapılar döydü. Və nəhayət kənd məktəbinə həmin ad verildi. Bu gün insanlar sadəcə bir məktəb adı görürlər. Mən isə o adın arxasında babamın ömrünü görürəm.
Ən ağrılı olan isə budur ki, insan həyatda ən çox yaxşılıq etdiyi adamlardan sınır. Neçə-neçə müəllim bizim evin çörəyini yeyib, süfrəmizin duzunu dadmışdı. Babam öz övladına etmədiyini onlara etmişdi. Amma sonradan həmin insanların diqqətsizliyini görmək çox ağır idi. İnsan qocalanda ən çox unudulmaqdan qorxurmuş…
Babam isə unudulmağı haqq etməyən adamlardan idi.
Çünki o həm də şair idi, yazıçı idi, jurnalist idi, sözə aşiq adam idi. Mən bu gün qələm tutanda elə bilirəm əlimdən onun əli keçir. Hər yazdığım cümlədə onun nəfəsini hiss edirəm. Mən onun təkcə nəvəsi deyiləm… Mən onun davamıyam.
Babam xəstəliklə uzun müddət mübarizə apardı. Hər gün bir az daha əriyirdi. Hər gün bir az daha susurdu. Amma yenə də insanlara qarşı sevgisini itirmədi. Gözlərinin içində qəribə bir yorğunluq vardı. Elə bil artıq bu dünyanın ağrılarından bezmişdi.
Bir gün ona baxanda ilk dəfə qocalığın nə qədər qəddar olduğunu anladım.
“Həmişə qaməti şux olan babam,
Belini belə tez bükülən gördüm…”
İnsan bir vaxt dağ kimi gördüyü adamın asta-asta çökməsini görəndə daxilində nələrsə qırılır. Mənim içimdə də nələrsə qırıldı o günlərdə. Çünki mən babamı heç vaxt zəif təsəvvür etməmişdim. O mənim üçün həmişə uca çinar idi.
“Sən ki, bir çinardın ucadan-uca…”
Amma həyat ən uca çinarları da yıxırmış.
İndi evimizin havası ağırdır. Elə bil zaman dayanıb. Hər kəs danışır, amma heç kim əvvəlki kimi gülmür. Çünki bir yaşlının nəfəsi gəlmir artıq o evdən.
“Həm sükutu ağır, havası ağır,
Hörümçək tor qurur, evi toz basır…”
Bu misraları yazanda mən bəlkə də gələcəyin yasını yazmışam. Öz evimizin gələcək sükutunu yazmışam xəbərsizcə.
Ən ağrılı anlardan biri isə son günlərində bir doğmanı görmək istəməsi və onun gəlib yoluxmaması oldu. İnsan ölüm ayağında kimisə gözləyib də görə bilməyəndə qəlbində necə yara açılır, bunu yalnız yaşayan bilər. Biz o ağrını heç vaxt unutmayacağıq.
İndi Xalidə nənəmin baxışlarında dərin bir boşluq var. Mənim, anamın, qardaşımın, balaca Aylinin göz yaşlarında isə bitməyən bir həsrət. Evimizdə hamı yaşayır, amma elə bil heç kim yaşamır.
Çünki evin ruhu gedib.
Şair Nüsrət Kəsəmənli necə doğru deyib:
“Ölən ölür, can qurtarır,
Mən hər gün ölürəm sənsiz…”
Bəli, biz hər gün ölürük sənsiz, babam…
Sən bu dünyada çox yoruldun. Çox ağrı gördün. Çox susdun. Bəlkə də bu dünya sənin kimi təmiz adamlara görə deyildi. İndi çox sevdiyin valideynlərinə, oğluna, qardaşın Mirzə əmimə qovuşmusan. Bu dünya sənə rahatlıq vermədi. Barı o biri dünyada rahat uyu.
Amma bilirsənmi, babam?..
Sən ölsən də, evimizin divarlarından səsin silinməyəcək. Sən ölsən də, kitablarının arasında nəfəsin qalacaq. Sən ölsən də, mən hər dəfə qələm götürəndə sənin kölgən çiynimdə dayanacaq.
Çünki bəzi insanlar ölmürlər.
Onlar sadəcə bir yaşlı nəfəsi gəlməyən evin sükutuna çevrilirlər…
Gördüm…
Həmişə qaməti şux olan babam!
Belini belə tez bükülən gördüm.
Öyrəşmişdi gözüm qara telinə,
Saçını çox erkən tökülən gördüm.
Sən ki, bir çinardın ucadan-uca,
Məclislər bəzəyi, sözləri qoca.
Xeyirxah olmuşdun yoxsula, aca,
Dostları yanından çəkilən gördüm.
Dərdin mənə gəlsin, çox ağrım-acım!
Sevməkdi babanı nəvəlik borcum.
Yaman fikirlisən, a başda tacım,
Ömür divarını sökülən gördüm…
__________________________
Bir yaşlı nəfəsi gəlməyən evdə
Əzəldən bu olub doğru, həqiqət,
Böyüksüz evlərdə olmur səadət.
Hər şey qaçaq düşür ruzi, bərəkət,
Bir yaşlı nəfəsi gəlməyən evdə.
Ən şirin nəğmələr ağıya dönür,
Sönür əbədilik çırağı sönür.
Cansız daş divar da can verir, ölür,
Bir yaşlı nəfəsi gəlməyən evdə.
Kədərli görünür qapı, pəncərə,
Olmur ev-eşikdə gözəl mənzərə.
Dəymir bir yaxşı şey gözə, nəzərə,
Bir yaşlı nəfəsi gəlməyən evdə.
Həm sükutu ağır, havası ağır,
Hörümçək tor qurur, evi toz basır.
Heç olmur bir şənlik, nə də çal-çağır,
Bir yaşlı nəfəsi gəlməyən evdə.
_____________________________
Baba bizi tərk elədin
Bu korşalan cəmiyyətdə —
Baba, bizi tərk elədin.
Nəfəsinlə qızınırdıq —
Baba, bizi tərk elədin.
Aralıqda qoydun bizi,
Kəsdin bizim dizimizi.
Başsız qoydun evimizi —
Baba, bizi tərk elədin.
Uzaq düşdün el-obadan,
Doğmalardan, yurd-yuvadan.
Yox yerini verən insan,
Baba, bizi tərk elədin.
Əvvəlin baş, sonun zindan,
Hey narahat oldun candan.
Can qurtardın bu cahandan —
Baba, bizi tərk elədin.
Kaş dönəydi əvvəlki çağ,
Sən olaydın yenə gümrah.
Səni rəhmət etsin Allah —
Baba, bizi tərk elədin.
Ruhən bizi yaşatmağa,
Layiq idin yaşamağa,
Ölüb döndün soyuq daşa.
Kişi oldun dost, qardaşa —
Baba, bizi tərk elədin.
Ayrılıqdan betər gücün,
Çox görmüşük ölmün üzün.
Vallah, ölüm hamı üçün —
Baba, bizi tərk elədin.
Heç tapmadın dərdə dəva,
Rəbb vermədi sənə şəfa.
Eşidirsən, eşit, baba —
Baba, bizi tərk elədin.
Mirzə əmi getdi, sən də
Ömür sürdün yaman gündə.
Kaş olmazdın heç çətində —
Baba, bizi tərk elədin.
Doğmalardan öznə hörmət,
Heç görmədin səmimiyyət.
Gördün ögey münasibət —
Baba, bizi tərk elədin.
Asif Əzim oğlu Cəfərov
03.08.1948 — 20.05.2026
Biləsuvar rayonunun Bağbanlar kəndində yerləşən şəhid Aydın Həsənov adına tam orta məktəbdə mərhum Asif Əzim oğlu Cəfərovun təşəbbüsü və zəhməti ilə yaradılmış ədəbiyyat kabineti. Bu kabinet uzun illər ərzində şagirdlərin Azərbaycan ədəbiyyatına, kitab mütaliəsinə və milli-mənəvi dəyərlərə marağının formalaşmasına xidmət edib. Asif müəllimin təhsilə və mədəniyyətə verdiyi töhfələrin dəyərli nümunələrindən biridir.






Şair-jurnalist nəvəsi
Fuad Biləsuvarlıdan babası Asif müəllim Cəfərova son xatirə…
AYB və AJB üzvü,
Prezident və Həsən bəy Zərdabi mükafatçısı.
Mənbə: Odlar.media