ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Informasiya Texnologiyaları İnstitutunda Azərbaycanın yeni rəqəmsal arxitekturası müzakirə olunub
CƏMİYYƏT
14.02.2026, 18:05 Oxunub: 103Informasiya Texnologiyaları İnstitutunda Azərbaycanın yeni rəqəmsal arxitekturası müzakirə olunub
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının genişləndirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müzakirə olunan məsələlərə münasibət bildirib. Alim tədbirin dövlətimizin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edən mövzuları əhatə etdiyini, toplantıda vahid fəaliyyət planının icrası ilə bağlı qarşıya qoyulan hədəflər, vəzifələr və perspektivlərin geniş şəkildə müzakirə edildiyini bildirib. Cənab Prezidentin çıxışının ölkəmizdə rəqəmsal inkişafın yeni mərhələyə qədəm qoymasını təmin edən əsas istiqamətlərə yönəldiyini vurğulayıb.
“Hazırda müstəqil Azərbaycan dövləti xarici siyasət müstəvisində taleyüklü prioritetlərin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması mərhələsindədir”, – deyən alim ölkədə həyata keçirilən genişmiqyaslı yeniləşmə prosesləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, ümumilikdə bütün istiqamətlər üzrə iqtisadi islahatların dərinləşdirilməsi, yeni dövlət siyasətinin prioritetlərini əks etdirən strategiyaların qəbul edilməsini ölkəmizdə dayanıqlı və sistemli inkişafın göstəricisi kimi qiymətləndirib.
AMEA-nın vitse-prezidenti bu gün IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyini, Cənab Prezident İlham Əliyev tərəfindən son illərdə bu sahədə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın aidiyyəti dövlət qurumları, eləcə də alim və mütəxəssislər qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.
Son zamanlar beynəlxalq hüquqi sənədlərdə süni intellekt və rəqəmsal transformasiya məsələlərinin daha da aktuallaşdırılması ilə bütün dünyada yeni mərhələnin əsasının qoyulduğunu söyləyən alim, bu baxımdan, dövlət başçımızın mövcud qlobal və regional reallıqları dərindən təhlil edərək rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrini dövlət siyasətinin strateji prioritetləri səviyyəsinə yüksəltdiyini, iqtisadi dayanıqlılıq və texnoloji suverenlik kontekstində məqsədyönlü tədbirlər həyata keçirdiyini deyib.
Alim qeyd edib ki, son 20 ildə ölkəmizdə rəqəmsallaşma və informasiyalaşma proseslərinin geniş vüsət almasına, vətəndaşların İKT-dən istifadə imkanlarının genişlənməsinə baxmayaraq, bu sahədə hələ də müəyyən pərakəndəlik müşahidə olunmaqdadır. Yeni rəqəmsal arxitekturanın formalaşdırılmasının əsas hədəfi bu kimi problemlərin aradan qaldırılması, sinxron və harmonik fəaliyyətin təmin olunması, vahid və inteqrasiya olunmuş rəqəmsal mühitin qurulması, nəticə etibarilə, dövlətin kibersuverenliyinin möhkəmləndirilməsidir.
Akademik Rasim Əliquliyevin fikrincə, Cənab Prezidentin 2025-ci ilin yanvar ayında qəbul etdiyi Rəqəmsal inkişaf konsepsiyasını bu gün səsləndirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yanaşmasının məntiqi başlanğıcı hesab etmək olar. Həmin konsepsiya dövlət qurumlarında gedən proseslərin bir mərkəzdən idarə olunmasını, vahid meyarlarla qiymətləndirilməsini, mövcud boşluqların aşkarlanaraq aradan qaldırılmasını və harmonik inkişafın təmin edilməsini nəzərdə tutur: “Rəqəmsal transformasiya korporativ maraqlara deyil, dövlətin uzunmüddətli strateji inkişafına xidmət etməlidir. Bu səbəbdən peşəkarlıq, beynəlxalq standartlara uyğun fəaliyyət, mütəmadi olaraq monitorinq və nəzarət mexanizmlərinin tətbiqi, aşkar olunan boşluqların operativ aradan qaldırılması və bütün bu proseslərin effektiv koordinasiyasının təmin olunması yeni rəqəmsal arxitekturanın əsas prinsipləridir”.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” anlayışının çoxaspektli və konseptual xarakter daşıdığını söyləyən alim onu da bildirib ki, rəqəmsal arxitektura təkcə texnoloji infrastruktur deyil, eyni zamanda texnoloji suverenlik, şəbəkə infrastrukturunun müstəqilliyi və dayanıqlılığı, informasiya təhlükəsizliyi, korporativ sistemlərin inteqrasiyası və idarəetmənin səmərəliliyi kimi kompleks məsələləri özündə ehtiva edir.
Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin enerji təhlükəsizliyi məsələlərinə xüsusi önəm verdiyini vurğulayaraq data mərkəzlərin fəaliyyəti, süni intellekt sistemlərinin inkişafı və böyükhəcmli məlumat bazalarının saxlanılmasının birbaşa enerji resurslarından asılı olduğunu söyləyib. Alimin sözlərinə görə, bu gün kosmosda günəş enerjisindən istifadə edən data mərkəzlərin yaradılması istiqamətində işlərin aparılması da məhz həmin ehtiyacdan irəli gəlir. Böyük həcmi məlumatların emalı və saxlanılması yüksək enerji tutumu tələb etdiyindən, enerji təhlükəsizliyi süni intellektin dayanıqlı inkişafının əsas şərti kimi dəyərləndirilir.
Akademik Rasim Əliquliyev “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul edilməsinin Azərbaycanda tamamilə yeni reallıqlar formalaşdırdığını qeyd edib, bu prosesin mühüm çağırışlarla müşayiət olunduğunu diqqətə çatdırıb. Alimin sözlərinə görə, bu istiqamətdə əsas prioritetlərdən biri süni intellekt sahəsində kadr potensialının formalaşdırılmasıdır. Akademik süni intellektin sürətlə inkişaf edən bir sahə olduğunu bildirərək gələcəkdə bu istiqamətdə yüksəkixtisaslı kadrlara ehtiyacın daha da artacağını vurğulayıb: “Məhz bu səbəbdən, orta məktəblərdə şagirdlərə süni intellektlə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramlarının yenilənməsi vacibdir.
AMEA-nın vitse-prezidenti Dövlət başçısının süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi ilə bağlı mövqeyini xatırladaraq bildirib ki, inkişaf etmiş ölkələrdə artıq süni intellekt agentləri dövlət qurumlarının gündəlik fəaliyyətində istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələrdə həm süni intellekt, həm də enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdırılması bu sahələrin ölkə üçün strateji əhəmiyyət daşıdığını göstərir. Azərbaycanın makroiqtisadi və siyasi sabitliyi ölkəmizi data mərkəzlərin yaradılması üçün əlverişli və etibarlı platformaya çevirən əsas amillərdən biri kimi qiymətləndirilir.
“Ölkəmizdə rəqəmsal arxitekturanın əsas istiqamətlərindən biri müxtəlif sahələr üzrə vahid data ekosisteminin formalaşdırılmasıdır”, – deyə bildirən akademik Rasim Əliquliyev bu məlumatların səmərəli idarə olunması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin mühüm şərt kimi önə çıxdığını vurğulayıb. Artıq data əsaslı proqram mühəndisliyinin yeni elmi-praktiki istiqamət kimi formalaşmaqda olduğunu qeyd edib.
Akademik Rasim Əliquliyev institutun əməkdaşları tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planından irəli gələn məsələlərin dərindən araşdırılmasının, elmi seminarların və müzakirələrin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, rəqəmsal arxitektura ilə bağlı səsləndirilən ideyaların mahiyyəti cəmiyyətə aydın şəkildə çatdırılmalı, alimlər yalnız tədqiqatçı deyil, həm də bu proseslərin aktiv təşviqatçısı və təşkilatçısı rolunu oynamalıdırlar.
İnstitutun baş direktoru həmçinin rəqəmsal arxitekturanın texnoloji, humanitar, siyasi, mədəni və ideoloji səviyyələrdə meydana çıxardığı məsələlərin kompleks yanaşma əsasında araşdırılmasının vacibliyini vurğulayıb. Alimin sözlərinə görə, bu istiqamətdə əsas prioritetlər süni intellekt sahəsində normativ-hüquqi bazanın formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, milli-mənəvi dəyərlər qorunmaqla rəqəmsallaşma proseslərinin həyata keçirilməsi, inklüzivlik prinsiplərinin təmin edilməsi və digər istiqamətləri əhatə edir. Alim vurğulayıb ki, həyata keçirilən bu tədbirlər Azərbaycanın virtual məkanda kiberimmunitetinin gücləndirilməsinə xidmət edir.
Akademik Rasim Əliquliyev çıxışının sonunda alim və mütəxəssisləri dövlətimizin kibersuverenliyinin təmin olunması üçün zəruri olan rəqəmsal arxitekturanın qurulması prosesində fəal iştirak etməyə, prioritet istiqamətlərdə tədqiqatlar aparmağa və ölkənin rəqəmsal inkişafına töhfə verməyə çağırıb. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından Prezident İlham Əliyevə ölkədə rəqəmsal inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə geniş institusional islahatların aparılmasına görə minnətdarlığını bildirib.
Sonra iclasda texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, filologiya elmləri doktoru Hikmət Quliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və doktorant Araz Mustafa çıxış edərək vahid fəaliyyət planının əhəmiyyətini önə çəkiblər, bu istiqamətdə qarşıda duran vəzifə və prioritetlərə dair fikirlərini bölüşüblər. Alim və mütəxəssislər yeni rəqəmsal arxitekturanın müasir texnoloji avadanlıqlar və süni intellekt əsasında qurulmasına dəstək verilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və data mərkəzlər ekosisteminin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Digər xəbərlər