ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Xalqın birliyindən və inamından güc alan Lider
GÜNDƏM
07.11.2025, 15:02 Oxunub: 47Son 200 ildə Cənubi Qafqaz tarixin ən mürəkkəb və ziddiyyətli proseslərinin yaşandığı regionlardan biri olub. Bu, bir həqiqətdir ki, yaşadığımız coğrafiyada əsrlər boyu formalaşmış etnik-mədəni tarazlığın pozulması, xüsusilə XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə bölgəyə köçürülməsi, regionun siyasi xəritəsini də, ictimai nizamını da kökündən dəyişdirdi.
Cənubi Qafqazda geosiyasi marağı olan dövlətlərin planlı şəkildə həyata keçirdiyi bu siyasət regionda təkcə demoqrafik vəziyyəti dəyişmədi, eyni zamanda xalqlar arasında süni qarşıdurmaların yaranmasına, etimadın sarsılmasına və sabitliyin pozulmasına gətirib çıxardı.
XX əsr isə bu proseslərin ən faciəvi nəticələrini Azərbaycan xalqının taleyinə yazdı. Deportasiyalar, qırğınlar, torpaqların işğalı və humanitar fəlakətlər xalqımızın tarixinə qara hərflərlə həkk olundu. Bu hadisələr təkcə keçmişin ağrılı xatirəsi deyil, həm də bu günün geosiyasi reallıqlarını formalaşdıran mühüm tarixi dərslərdir.
Xalqımızın başına gələn bəlaların bir səbəbi ermənilər, xain qonşularımız, əhatəmizdə yerləşən böyük dövlətlər idisə, digər səbəbi də beynəlxaq siyasəti bilən, güclü sərkərdəlik qabiliyyəti olan, xalq tərəfindən sevilən, öz xalqının gücünə arxalanan qətiyyətli bir liderin olmaması idi.
Tanrı İlham Əliyevi 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini yenidən yazmaq üçün bir xilaskar olaraq göndərdi. Ona xilaskar da demək olar, bir millətin arzusunun ifadəçisi də…
Düşmənə qalib gəlmək üçün müasir silahlarla təchiz edilmiş, vahid mərkəzdən idarə olunan ordunun, polad iradə və qətiyyətin olması əsas şərtdir. Eyni zamanda döyüş meydanında qazanılan qələbəni dünya miqyasında qəbul etdirmək üçün güclü diplomatik idarəetmə və zərgər dəqiqliyi ilə ölçülüb-biçilən siyasətin olması çox şeyi həll edir.
Düşmən təkcə sərhədlərimizi keçməmişdi. Bütün siyasi və diplomatik qayda-qanunları pozaraq müvəqqəti qələbə eyforiyasına qapılıb bizə meydan oxuyurdu. İşğal altında saxladığı torpaqlarda keçilməz dəmir-beton istehkamlar qurur, yeraltı tunellər çəkir, beynəlxalq hüquqa məhəl qoymadan məskunlaşma aparır, tarixi adları dəyişdirir, abidələri ya məhv edir, ya da saxtalaşdırırdı. Bunlar azmış kimi babalarımızın at çapıb qılınc oynatdıqları qəhrəmanlıq meydanlarında şənliklər qurub milli heysiyyətimizə toxunurdu. Düşmən o qədər harınlamışdı ki, qarşısındakının əzmini, gücünü və nəyə qadir olduğunu qiymətləndirə bilmirdi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən düşməni həm siyasi, həm də diplomatik meydanda küncə sıxışdırdı. Ordu quruculuğuna ayrılan xərclərin artırılması, modern silahların alınması, hərbi intizamın gücləndirilməsi ilə qarşı tərəfə daim xəbərdarlıq da edirdi: "Əgər Qarabağ problemi sülh yolu ilə həll olunmasa, müharibə qaçılmazdır". "Biz torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyik. Qarabağ Azərbaycandır!" Bu qətiyyətli mövqe artıq müharibənin qaçılmaz olduğundan xəbər verirdi.
Xalqının məsuliyyətini dərk edən lider olmaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Azərbaycanın bəxti onda gətirdi ki, İlham Əliyev kimi rasional hesablama qabiliyyətinə malik, nəyi nə zaman edəcəyini dəqiqliklə bilən praqmatik bir lideri var.
2020-ci il dünya üçün pandemiya ili olsa da, Azərbaycan üçün həm də möhtəşəm Qələbə ili kimi tarixə yazıldı. 2020-ci il həyatımızı zəhərləyən viruskimilərin üzərində çalınan Zəfər ili kimi yaddaşımıza möhürünü vurdu.
Azğınlaşan düşmən 2020-ci ilin isti yay günlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə təcavüz edərək yeni təxribatlara əl atdı. Generalımız, əsgər və zabitlərimiz şəhid oldular. Bu hadisə xalqı ayağa qaldırdı. Gənclər "Ya Qarabağ, ya ölüm!" deyərək hərbi komissarlıqlara axışdı. Ali Baş Komandan öz xalqının qətiyyətini görüb "dəmir yumruğ"unu düyünlədi və düşmənə son mesajını verdi.
2020-ci il sentyabrın 27-də düşmən artilleriyanın gücündən istifadə edərək bütün cəbhə boyu ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutdu. Məqsəd yeni ərazilər zəbt etmək idi. Amma düşmən yanılırdı. İndi qarşılarında 1990-cı illərin nizamsız ordusu yox, müasir, güclü, nizamlı Azərbaycan Ordusu, həm də xalqın birliyindən və inamından güc alan qətiyyətli Ali Baş Komandan var idi.
Prezident xalqa müraciət edərək düşmənin xain hücumu barədə məlumat verdi. Ali Baş Komandan qətiyyətli çıxışı, səmimiyyəti ilə xalqda möhkəm inam yaratdı. Bu inam milləti bir yumruq kimi birləşdirdi. Elə döyüşün ilk saatlarından qazandığımız uğurlar göstərdi ki, ordunun gücləndirilməsi üçün aparılan tədbirlər öz bəhrəsini verir.
Müharibə təkcə döyüş zonasında getmirdi, informasiya və diplomatiya cəbhəsində də vəziyyət olduqca gərginləşmişdi. Ermənipərəst medianın, muzdlu jurnalistlərin ölkəmizə qarşı hücumu səngimək bilmirdi. Dövlətimizin başçısı dəmir məntiqi, sarsılmaz arqumentləri ilə muzdlu jurnalistləri susdurub yerlərində oturtdu. Hətta bəziləri dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qaldılar.
Prezidentin hər çıxışı əsgərlərimizdə ruh yüksəliyi yaradır, ordunun döyüş əzmini daha da artırırdı. Yaralı hərbçilərlə görüşündə dövlətimizin başçısının hər bir əsgərə ata qayğısı ilə yanaşması xalqımızın yaddaşına əbədi yazıldı.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı Vətəni üçün canından keçməyə hazırdır. Biz o günlərdə oğlunun tabutunu çiynində aparan ananı, həyat yoldaşının əsgər formasını geyinib "Təki Vətən sağ olsun" deyən qadını, qardaşının cənazəsinə girən bacını gördük. Yaralı yoldaşını belində daşıyaraq döyüşən igidləri, şəhid olmuş döyüş yoldaşının nəşini kilometrlərlə çiyinlərində aparan mərd oğulları gördük. Bütün bunlar xalqımızın möhkəm, qırılmaz iradəsini, qələbə ruhunu,Vətən sevgisini, bütövlüyünü əks etdirən kefiyyətlər idi.
Bu mübarizə göstərdi ki, Azərbaycan xalqı bir olduqda qarşısında heç bir güc dayana bilməz. İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun yenilməz qəhrəmanlığı və xalqın sarsılmaz birliyi tariximizin ən parlaq səhifəsini yaratdı. Biz bu zəfəri yalnız torpaqlarımızı azad etməklə qazanmadıq, - biz özümüzü, ruhumuzu, milli ləyaqətimizi azad etdik. Şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu Qələbə əbədi dövlətimizin dayağı, millətimizin qüruru, gələcək nəsillərin yol göstəricisi olacaq. Qarabağda ucalan hər bir ev, tikilən hər bir məktəb, açılan hər bir ocaq bu xalqın əzmini, gücünü, birliyini təbliğ edəcək. Azərbaycan 44 gündə təkcə torpaqlarını deyil, həm də gələcəyini qazandı. Bizi gözəl gələcəyə aparan yolun adı Qələbədir!
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər xəbərlər