usd-1.7000 eur-1.9990 rub-2.2393
Bakı 10°C 5.7 m/s
Son xəbərlər
20-04-2026
18-04-2026
17-04-2026
13-04-2026
09-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ömrüylə gələcək nəsillərə nümunə ola biləcək İNSAN

details

CƏMİYYƏT

21.04.2026, 13:09 Oxunub: 16

21 aprel akademik Hətəm Quliyevin anım günüdür. Oxuculara akademikin xatirəsinə həsr olunmuş “Nyuton binomu” - iz arazda itmədi” - adlanan kitabdan bir parçanı təqdim edirik. Kitab H.Quliyevin 80 illik yubileyi münasibəti ilə BAMF-ın təşəbbüsü ilə hazırlanır. Bu kitab sözün böyük mənasında öz vətəndaş məsuliyyətini dərk edən, bütün  ömrüylə gələcək nəsillərə nümunə  ola biləcək bütöv bir İNSANın  kitabıdır. Bu nəcib və dəyərli təşəbbüsə görə Fondun rəhbəri Ümid Rəhimoğluna ailəmiz adından təşəkkürümü bildirirəm.

 Bir müdrikdən soruşurlar: “Qardaşın necə adamdır?” O deyir: “Yoldaşlıq eləməmişəm”.

1964-cü ilin iyulun 15-də Hətəm ali təhsil almaq üçün Füzulidən yola çıxanda tək deyildi. Bu səfərdə ona orta məktəbi onunla bir sinifdə bitirən, bu gün ictimaiyyətin fizika-riyaziyyat  üzrə fəlsəfə doktoru, professor  kimi tanıdığı Novruz Zeynalov yoldaşlıq edirdi. Amma onların yoldaşlıqları, ümumiyyətlə tanışlıqları məktəbdən başlamamışdı. Təbii ki, aralarındakı münasibətin tarixçəsi haqqında müəyyən qədər eşitdiklərim var idi, amma hər şeyin ən yaxşısını Novruz müəllim bilirdi.

Novruz müəllim deyir ki, bizim tanışlığımızın xüsusi bir səbəbi yox idi. Bir məhlənin  uşaqlarıydıq. Hər ikimiz Füzulinin qərbində, “ruslar məhləsi” deyilən yerdə yaşayırdıq. Kommunist küçəsində. Onların evi küçənin əvvəlində, bizimki isə nisbətən içərilərdəydi və mən nə səbəbdənsə hələ 4-5 yaşlarımdan sonralar da hər dəfə məktəbə gedib-gələndə qarşısından keçdiyim o ev olan həyətə oynamağa gedərdim. Ev indi də gözümün qabağındadır. Üzü cənuba baxırdı, arxa divarı küçəyə. Biz də əlimizə qəpik düşən kimi gedib o divara qəpik vura-vura qəpik-qəpik oynayardıq.

Nə idi qəpik-qəpik? Bu, müharibədən sonra doğulan uşaqların, xüsusən oğlanların sevimli oyunu idi və oyunun əsas  predmeti o günün pul vahidi 5 qəpiklik dəmir pul, uduş ölçüsü isə əlin baş barmaqla çeçələ barmağı arasındakı məsafə - qarış sayılardı.    Bu günün reallığında dilimizdə deyimə çevrilən dərisi 5 qara qəpiyə dəyməz ifadəsindən yola çıxsaq, rəngi həcm və dəyərinə kölgə salan 5 qəpik əslində bazarda müəyyən dəyərə malik olsa da, uşaqları bu oyunun sonunda əldə etdikləri qazanc yox, yaşadıqları qələbə sevinci sevindirərdi. Sonralar da uzun illər məktəb yaşlı oğlanlar xüsusən yayda-yazda oynadıqları bu oyunu  sevimli əyləncələri olaraq məişətlərində yaşatdıqları kimi, yaşlı nəsillər də yaddaşlarından silmədi. Sevdiyimiz oyunlardan biri də futbol idi. Futbol oynayardıq və yaxud rus uşaqlara qoşulub “Köndələnə” balığa gedərdik. Nə isə, uşaqlığımız valideynlərimizin bizə hiss etdirmədiyi kasıblıqdan uzaq əyləncələr arasında keçirdi.

Məktəbə altı yaşımız olanda getdik. Orta təhsil onda da elə indiki kimi 11 il idi, amma bizim vaxtımızda indikindən fərqli olaraq oğlanlarla qızlar eyni məktəbdə oxumurdu. O vaxt  rayonumuzda cəmi üç məktəb fəaliyyət göstərirdi. Onlardan birində Sərdarov adına olan məktəbdə yalnız oğlanlar, Natavan məktəbində isə qızlar oxuyurdu. Rayonda bir də ayrıca bir rus məktəbi var idi. AZzsayda olsa da,     azərbaycanlıların da oxuduğu bu  məktəbdə rus və erməni uşaqları bərabər təhsil alırdılar. O vaxt Füzulidə ermənilərin sayı ruslardan çox olduğuna görə o məktəbdə də çoxluğu ermənilər təşkil edirdi. Mən 1-ci sinfə əvvəlcə Oğlanlar məktəbində getdim. Bu, 1953-54-cü illər idi, amma o vaxt Hətəm bizim sinifdə deyildi. Elə həmən il bu məktəblər birləşdiriləndən sonra mən də təhsilimi Natavan adına məktəbdə davam etdirməli oldum. Hətəm bizim sinifimizə o vaxt gəldi və bundan sonra bütün təhsil  həyatımız demək olar ki, birlikdə keçdi. 

Şübhəsiz, münasibətlərimizin belə  davamlı,  uzunömürlü olmasının  bir səbəbi də üst-üstə düşən elmi maraqlarımız idi. Hər ikimiz riyaziyyatı sevirdik. Allah rəhmət eləsin, çox gözəl bir riyaziyat müəllimimiz vardı. Barat müəllim həm güclü riyaziyyatçı idi, həm də yaxşı müəllim. Yadımdadır, iş saatı bitəndən sonra da evinə tələsməz, bizə çətinlik çəkdiyimiz məsələlərin həllində kömək edərdi. Ruhu şad olsun. Bu gün də xatirəsini böyük hörmətlə andığım o adam elə o vaxtdan yaddaşımda yaxşıların ən gözəl nümunəsi kimi  qalmaqdadı.

Novruz müəllim söhbətinə davam edir. Deyir ki, o vaxt məktəbdə hamı bizi riyaziyyatı yaxşı bilən kimi tanıyırdı. Təkcə məktəbdə yox, bütün ətrafda. Onda Füzulidə Mədəniyyət mərkəzi də fəaliyyət göstərirdi. O mərkəzdə məşhur xanəndə vardı, şuşalı, indi adın xatırlamıram, amma yadıma salıb deyərəm sizə... Nəsə, o, rəhbərlik edirdi, orda çoxlu dərnəklərlə yanaşı, şahmat dərnəyi də var idi.  Biz də o dərnəyin üzvü olduğumuza görə həftənin bəzi günləri dərsdən çıxıb birbaşa ora gedərdik və gedəndə də fizika, riyaziyyat, həndəsə kitablarımızı da vurardıq qoltuğumuza. Məşğələmiz bitəndən sonra kitablarımızı açıb elə o mərkəzdə   triqanametrik məsələlər həll edərdik və bu hal bizə şahmat öyrədən Səfər müəllimin diqqətindən yayınmamışdı.

Səfər müəllim cavan adam idi. İnstitutu təzə bitirib Füzuliyə təyinatla gəlmişdi. Çox savadlı riyaziyyat müəllim idi. Az müddətdə onu da öz maraqlarımıza cəlb etdiyimizə görə elə o dərnəyin istiqamətində sonralar riyaziyyata yönəldə bilmişdik. Füzuliyə o vaxt bir neçə alitəhsilli, gənc mühəndis də gəlib çıxmışdı. Ordan-burdan qulaqları almışdı nədi, iş saatları bitən kimi  bizi izləməkdən ötəri o mərkəzə  gələrdilər. Nəsə əşşi - deyir. Rayona səs salmışdıq, hamı bizdən danışırdı. Söhbətin bu yerində      daha uzun fasilədən sonra yenidən az qala bir əsrin uzaqlığından gələn bir səslə - biz yaxşı oxuyurduq - dedi. Mən gözləməkdəydim. Hiss edirdim ki, düşdüyü xatirələr dünyasından  qopmur, qopmaq istəmir, sükutu  pozmağa tələsmir. Nəhayət, handan-hana fikrini toparlayıb -belə qəbul olunub də - dedi. Əsas   riyaziyyatdı, onu bilənlər üçün bütün əlavə fənlər...  

Şəbəkənin bu biri başında qulaqlarımda öz ədəbiyyat müəllimimdən eşitdiyim qəlbən  ədəbiyyatçı olmayan, incəsənəti sevməyən riyaziyyatçıdan yaxşı riyaziyyatçı çıxmaz sözləri səslənsə də, peşəkarlıq nümayiş etdirərək fikrinə müdaxilə etmədən  hə demək məcburiyyətində qaldığım anda məni vəziyyətdən -  Barat müəllim gözəl qəzəlxan idi, Hətəm də əla tar çalardı - deyən Novruz müəllim özü çıxartdı. Mən ürək dolusu dərslərimizi adətən Hətəmgilin evində hazırlayardıq deyən, onun ailəsindən, xüsusən anasından böyük hörmətlə   danışan, Hətəmin şeir əzbərləməyindən, yaxşı dama və voleybol oynamağından tutmuş bir çox başqa özəlliklərinə qədər hər şeydən, hər şeydən böyük həvəslə   söhbət açan Novruz müəllimi dinləyə-dinləyə evdə Hətəmin bədii düşüncəsinin formalaşmasının, dünyaya münasibətinin fərqliliyinin kökündə duran rəf boyu üst-üstə yığılmış elmi kitablar qədər də bədii kitablara tamaşa eliyir, sağlığında həm yaradıcılığın, həm də şəxsiyyətin çox sevdiyi, yeri gəlmişkən, 80 illik yubileyi təntənəsin saysız sevənlərinə hədiyyə edən xalqımızın böyük yazıçısı, şairi Seyran Səxavətin “Tar” şeirini xatırlayırdım.

Tar üstə xəyala elə daldın ki,

Babamın zilini, pəsini duydum.

Sən elə çaldın, elə çaldın ki,

keçən əsrlərin səsini duydum.

 

Tar ilə insani tarçı mənə bax

dincəltmək də olar, yorma da olar

tarçının ürəyi sinəsində yox,

Tarçının ürəyi barmaqda olar.

Horadizdən yola düşən sərnişin qatarı şəhərə sübh tezdən saat 6 olmamış çatdı. Bütün gecəni ahəngini dəyişmədən dəmir reyslər üstə yürüyən dəmir təkərlərin  laylasında nə vaxt yuxuya getdiklərindən xəbərsiz gənclər qulaqlarının dibində “Biləcəri”, “Biləcəri” deyə az qala qışqıran yol bələdçisinin səsinə oyandılar. Tavanda yanan lampanın közərtisində ortalıqda qara qarışqa kimi qaynaşan qaraltıları görəndə    gözlərinə inanmadılar. İlk dəfə dünən burda, vaqonda rastlaşdıqları, bütün gecəni vaqon boyu düzülən ikimərtəbəli çarpayılarda uyuyan, bir-birinə yad adamların demək olar ki, əksəriyyəti ayaqdaydı. Tutuquşu kimi eyni sözü dəfə-dəfə təkrar edən bələdçinin get-gedə uzaqdan gələn səsi dəhlizin elə o başından  üzü qapıya sarı ağır kisələri sürüşkən döşəmədə sürüyən, danışmayan adamların ayaq səslərinə qarışmışdı. Dəmir sandıqdan tutmuş içində ayaqları köhnə əsgi parçasıyla hörüklənmiş toyuqlar da olan yer-yemiş dolu həsir zənbillərə qədər, şüşə  balonlarla, mis qazanlarla yüklənmiş dar dəhlizdə ayaq basmağa yer yox idi. Birtəhər üstlərinə saldıqları mələfəni yastıq qarışıq  taxtın üstündəki nazik pambıq döşəyə bürmələyib yana sürüşdürəndən sonra meşin üzlüklü taxta yeşikdən içində sənədləriylə bərabər, kitab-dəftər daşıdıqları parça zənbili çıxartdılar. Yarıya qədər endirilmiş pəncərədən yol boyu bir-birini əvəzləyən köhnə anbarlara, təmir sexlərinə, depo yollarına, bom-boz boşluqlara və alaqaranlıqda uzaqdan güclə seçilən tək-tək hündür binaların qaraltısına tamaşa edirdilər. Dünən səhərdən axşama kimi Horadizdə başına gün döyən qatarın kömür kimi qızan dəmir tavanı indi-indi soyumaqdaydı. Vaqondakıların hamısı kimi onlar da boyun- boğazlarında gəzən səhər mehindən xoşhallanır, Biləcəri    stansiyasının qırmızı fasadlı binasından uzaqlaşdıqca onun özünəməxsus dəmir yolu, yağ iyini unudub şəhərin neft qoxulu havasını udurdular. Hər ikisi üzü şəhərə doğru irəlilədikcə artan, torpağın üstündə gah yan-yana, gah da bir-birinə sarılmış uzandıqca uzanan dəmir reyslərə baxırdılar. Mənzərə anbaan dəyişirdi. Cəmi bir neçə dəqiqə sonra stansiyaya daxil olan Horadiz-Bakı qatarı uzun, qalın fitiylə bütün perrondakıları  səksəndirəcəkdi. Əslində qatarın stansiyaya girişini xəbər verən lokomativin bu fitin cəmi beşcə il sonra dayandıqları yol ayrıcında yiyələndikləri peşənin fərqli tərəflərin seçən gənclər həyatlarının müxtəlif məqamlarında yenidən xatırlayacaq, fərqli anlamlarda yozacaqdılar – elm havasına uçduqları səmada havanın yovşan ətrini nöyüt qoxusuna dəyişəndə... yolun nahamarın seçib özlərini təsdiq etməyə cəhd edəndə, dünya neft nəhəngləri AMOKO, BP, Şevron ilə əməkdaşlıq müqavilələri imzalayanda və nəhayət, elmin akademik zirvəsini fəth edəndə... Amma o gün xəyallarına çətir tutan arzulara gedən yolda yaşadıqları həyəcanın adı Bakı idi.

Perronda qələbəlik idi. Gecənin taktakından, nə bilim uğultusundan, gurultusundan sonra düşdükləri bu aləmdə əllərində gül tutan uşaqların şən, qayğısız gülüşləri elə o izdihamın içində də arabasına söykənib hambal, hambal deyə haray salan nimdaş geyimli yük daşıyanların səsinə qarışmışdı. Bu qarışıqlıqda maraqla hansı tərəfə baxacağın bilməyən Novruzdan fərqli olaraq Hətəm nisbətən sakit görünürdü. Bu mənzərə ona tanış idi. Eynən dostunun yaşadığı bu həyəcanı  düz bir il əvvəl Barat müəllimlə  Respublika fənn olimpiadasına  gələndə o da yaşamışdı. O da ömründə ilk dəfə rastlandığı aralarında yaşları az qala yetmişi haqlayan allı-güllü geyimli, qısa saçlı, dikdaban ayaqqabılı qadınlar  görəndə dostu kimi təəccüblənmiş, gözlərinin önünə müharibədən sonrakı illərdən bəri hələ də qara donundan, qara baş yaylığından çıxmayan öz nənəsinin, qonşunun anasının, bir də artıq orta yaşını adlamış qara libasda da qarıyan qızları gətirib öz-özünə kənddən fərqli olaraq şəhər matəmdən çıxıb deyə fikirləşmişdi. O gün basabas yaşanan daş döşənmiş qatar dayanacağında yüklənmiş arabaların dalınca qaçanların iziylə gəlib çatdıqları yer vağzal meydanı idi. Vağzalın düz girişində sırayla düzülmüş Volqaları görəndə necə təəccübləndilərsə, başlarını qaldıranda qaraltılarına yenicə isinişdikləri bir qatar yad adamdan gözlərinə biri də dəymədi. Adam qarışıq səs, küy, gülüş və bəlkə də neçə-neçə təəccüb yüklü maşınlar meydana tərk edəndə arxalarında qoyduqları boşluğun fərqində olmadılar. O gün üz tutacaq bir ünvan, ərk edəcək bir qapı tanımayan cavanlar süpürgələrin laylasında uyuyan şəhərin səssizliyiylə baş-başa qalanda küncdə-bucaqda daldalanan tək- tük nə düşündükləri məlum olmayan adamlarla üz-üzə gəlməmək üçün aralıdan gözəlliyilə gəl-gəl deyən binaya yan alıb işıq gələn tərəfə yollandılar.    

Tiflis vağzalı - 1884-cü ildə şərq və Avropa stilində inşa edilmiş bu tikili keçmiş imperiyanın ən gözəl vağzallarından olmaqla Bakının əsas beynəlxalq qapısı sayılırdı.   Sarımtıl daşdan hörülmüş, hündür tavanlı şərq naxışlı pəncərələriylə sarayı xatırladan bu bina Bakının ən möhtəşəm tarixi abidələrindən olmaqla bu gün də qorunmaqdadır.  Qapıları hər kəsin üzünə açıq olan vağzal bu gün olduğu kimi, onda da sərnişinlərin təkcə səfər üçün  baş vurduğu yer deyildi. Ora həm də düşərgəsi olmayan, işini başa vurub geri dönməyi planlaşdıran istənilən sərnişinin həmin gün növbəti qatarı gözləyə biləcəyi ən uyğun yeri idi. 

Zala daxil olanda hər ikisinin diqqətini ilk çəkən bir-birinin yanına düzülmüş qara, uzun oturacaqlarda çamadanlarını qucaqlayıb yatan adamlar oldu. Hətəmin qulaqlarına atasının səsi gəldi - nə peşə seçirsən seç, sözüm yoxdu, yolun açıq olsun, amma ağlın Füzuliyə getməsin, Bakı qarışıq şəhərdir. Qəribsədi.

O gün oğluna xeyir-dua verən Hidayət həkim müharibədən əvvəl tibbi təhsil almaq üçün Bakıya gəldiyi günü, orda onu qarşılayan böyük qardaşı Şəfayəti  xatırlamışdı. İlk dəfə lap uşaqlıqdan, ataları sinfí düşmən kimi didərgin salınandan, ailələrinin qayğılarıyla yaşayan, ona atalıq edən, müharibədən qayıtmayan Şəfayətdən eşitdiyi bu sözləri dilinə gətirəndə həyəcanlanmışdı. Sonralar hər ataya nəsib olmayan hissi ona yaşadan, fəxrlə Hətəm mənim ağsaqqalımdır deyəcəyi oğluna o an yaşadıqların hiss etdirməmək üçün - özünü qoru deyib qapıdan çıxmışdı.    

Ata haqlıydı, müharibə adamları quduzlaşdırmışdı. Ağıla gəlməyən işlər başa gəlirdi. Adamlarda etibar qalmamamışdı. Bir tərəfdən cəbhədən qayıdan kantuzyalı xəstələr, o biri tərəfdən də maddi korluq ucbatından cinayətə əl atanlar. Qarışıqlıq idi. Belə yerləri nə qədər polislər, drujinaçılar nəzarətdə saxlasalar da, xırda oğurluqların, cibgirliklərin ayağını kəsmək mümkün olmurdu. Belələri xüsusən kənddən rayondan gələnlərin sadəlövhlüyündən istifadə edib onların qəpik-quruşuna göz dikər, adamlara ən yaxşı halda dərin peşmançılıq yaşadardılar.  

Novruz müəllim deyir ki, o səhər biz o zalda çox qalmadıq, küçədə  adamların, maşınların sayı artan kimi, biz də durub düzəldik yola. Düzü, əlimizdəki zənbili  neylədiyimizi bu gün də xatırlaya bilmirəm, amma onu bilirəm ki, gəzməkdən başımız açılanda duyuq düşdük ki, gecə saat 11-i  keçib, özümüzün də yatmağa yerimiz yox. Həmin gecə  qarşımıza Hətəmgilin tanışlarından kimsə çıxdı, çox mehribanlıqla xoş-beş edəndən sonra soruşdu ki, harda qalırsınız. Hətəm də dedi ki, heç harda. Adam bizi götürüb apardı bir yataqxanaya. Sonralar bildik ki, ora APİ-nin S.Vurğunla  Bakıxanovun kəsişdiyi yerdə yerləşən yataqxanasıymış. Nə isə, oğurluq-doğurluq, çox çətinliklə bizi keçirdi içəri. Yay idi deyə tələbələr getmişdilər, otaqlar bomboş idi. Çıxdıq 4-cü mərtəbəyə, orda da otaqlar istiydi deyə yata bilmədik, pəncərəni açanda gördük ki, boy, bu mərtəbənin pəncərəsi açılır 3-cü mərtəbənin damına. Pambıq döşəkləri atdıq dama, özümüz də uzandıq onun üstünə. Dam da maili idi deyə biz uzanan yerdən   şəhər görünürdü. Səhəri orda açdıq. Sonrakı gün tibb işçilərinin təkmilləşdirmə institunun yataqxanası vardı. “Azneft”də yerləşirdi. Elə o da damdaydı, orda birtəhər yer düzəldi və biz imtahanlar qurtarana qədər qaldıq orda. İmtahanlara pioner parkında, indiki filarmoniya parkı var ha, orda skameykaların üstündə hazırlaşırdıq. Naharda da biri 3 qəpikdən ponçik alıb yeyərdik qazlı su ilə, arada da universitetə gedib abituriyent sayıyla-zadla maraqlanırdıq.

O il “mexmat”a, 25 yerə 150 nəfər sənəd vermişdi deyə bir az narahatlığımız var idi. 1-ci imtahanımız riyaziyyatdan yazılı oldu, yaxşı yazmışdıq, amma hər ikimizə 4 yazmışdılar. Hətəm məni də götürdü getdik qəbul komissiyasına şikayətə - gülür - orda bizə dedilər ki, o qədər kəsilən var ki, narahat olmayın, çıxdıq gəldik otağa və belə-belə o biri imtahanlarımızı da müvəffəqiyyətlə verib qəbul olduq universitetə. Dərslərimiz sentyabrda başladı. Sentyabrın 4-də AZ.MK-nın birinci katibi V.Axundov S.M.Kirov adına ADU-nun yeni korpusunun açılışını etdi və biz universiteti bitirənə qədər təhsilimizi o korpusda davam etdirdik.        

K.Cəfərova

Digər xəbərlər