ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Rəqsanədən niyə qəhrəman düzəldirsiniz?
CƏMİYYƏT
12.12.2025, 16:34 Oxunub: 171001info.az Kulis.az-a istinadən Rəna Nevzatın yeni yazısını təqdim edir.
Müğənni Rəqsanə ev dustaqlığına buraxılandan sonra televiziyalarımızın ulduzu olmağa davam edir. Hər gün efirlərdə görünən Rəqsanə xanımı gül-çiçəklə qarşılayan kim, efirində tamaşaçılara “Rəqsanə, Rəqsanə” qışqırdıb hönkürtü vuran kim, Rəqsanədən “xeyriyyəçi kadın” obrazı yaradan kim...
Bəs bu Rəqsanə İsmayılova niyə həbs olunmuşdu?
Bu il avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Daha sonra nə baş verdi?
Bu il noyabrın 19-da Sabunçu rayon Məhkəməsi Rəqsanə İsmayılova ilə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib. Buna səbəb isə dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılıqdır.
Rəqsanə İsmayılova dəyən zərərin bir hissəsini ödəyib, qalan hissəsinin isə 2026-cı ilin mart ayına qədər ödəyəcəyi ilə bağlı yazılı öhdəlik götürüb. Ona görə də onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Yəni, Rəqsanə azad edilməyib, barəsində bəraət qərarı yoxdur, günahsızlığı sübut olunmayıb. Əksinə, adamların etibarından sui-istifadə etdiyini etiraf edib, aldığı məbləğin bir hissəsini ödəyib, qalan hissəsini ödəməsi ilə bağlı vaxt alıb, məhkəmə də zərərçəkmişlərin razılığını, himayəsində iki azyaşlı övladı olmasını, xəstəliyini nəzərə alaraq onun barəsindəki qətimkan tədbirini DƏYİŞDİRİB.
Yəni, əziz həmkarlar, Rəqsanə hələ də həbsdədir. Sadəcə, bu həbsin növü dəyişdirilib.
Rəqsanə hansısa ictimai məsələyə, cəmiyyətin mənafeyi üçün apardığı mübarizəyə görə həbs olunmayıb. Şər və ya böhtana məruz qalmayıb. Əksinə, bu gün cəmiyyət üçün əsas bəlalardan birinə çevrilən dələduzluğa görə həbs olunub, günahını etiraf edib, etdiyi əmələ görə ziyan çəkmiş şəxslərə xeyli məbləğdə ödəmə edib.
Rəqsanəni efirə çıxarıb danışdırmaq olarmı?
Əlbəttə, olar.
O, peşmanlığını ifadə edə bilər. Etdiyi əməlin ağır nəticələrindən, həbsxana həyatının ağırlığı barədə danışa bilər. Etdiyi əməl nəticəsində özünə, ailəsinə, övladlarına necə psixoloji travma yaşatmağının peşmançılığını dilə gətirə bilər. Yəni, nəfsgirliyinin, etdiyi pisliyin özünün və ailəsinin həyatında açdığı dərin yaradan danışıb, başqalarını bundan çəkinməyə çağıra bilər.
İndiyə qədər Rəqsanədən bu məzmuna müəyyən qədər uyğun olan cəmi bir yayım qarşıma çıxıb. Jurnalist Türkan Məmmədlinin Rəqsanə ilə söhbətində belə fraqmentlər var idi.
Rəqsanədən qəhrəman düzəltmək, onu heç nə olmayıbmış kimi təqdim etmək, ondan “xeyriyyəçi qadın” obrazı yaratmaq yanlışdır. Rəqsanənin “xeyriyyəçiliyi”nin motivi ortadadır. Rəqsanənin etdiyi əməl pisdir, yaramazdır, cəmiyyətə ziyan verir.
Dələduzluq təkcə hüquqi cinayət deyil, mənəvi olaraq insanların bir-birinə inamını öldürür, adamların başqalarına qarşı etimadını zədələyir.
İnsan bu cür halla qarşılandan sonra ən doğma bildiyinə də inanmaqda çətinlik çəkir.
Bu cür cinayəti törətməkdə şübhəli bilinən birini necə efirdə “Rəqsanə, Rəqsanə” alqışı ilə qarşılamaq olar? Necə ona evini, var-dövlətini verməyə hazır olanların varlığı barədə fikir yaratmaq olar?
Ağlı başında olan adam anlayır ki, bunlar boş şoudur, ucuz quraşdırmadır. Axı belə adamlar var idisə, Rəqsanənin qızı niyə anasının borcunu ödəmək üçün qəpik-qəpik pul yığdığını açıqlayırdı? Danışıb, göstərdiyinizə özünüz inanırsınız? Sadə tamaşaçını, cəmiyyətin hələ də efirdən eşitdiyinə inanan kəsimini belə manipulyasiya etmək olmaz axı.
Cəmiyyətə nə təşviq edirsiniz? Dələduzluğu adi hala, normaya çevirməklə nə əldə etmək istəyirsiniz? Sabah biri də sizin qapınızı döyəcək axı...
Digər xəbərlər