usd-1.7000 eur-1.9814 rub-2.2222
Bakı 10°C 12.89 m/s
Son xəbərlər
07-12-2025
03-12-2025
28-11-2025
26-11-2025
25-11-2025
20-11-2025
16-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Düzbucaq- Kəmalə Mirzəyevanın yeni hekayəsi

details

ƏDƏBİYYAT

08.12.2025, 16:43 Oxunub: 47

1001info.az Kəmalə Mirzəyevanın yeni hekayəsini təqdim edir. 

Düzbucaq

 

Yenə heç nədən qanını qaraltdı:

- Bilmirsən, yumurta belə bişəndə mən yemirəm. Axı nə olan şeydir ki, sən onu da bu iyirmi iki ildə öyrənə bilmədin...

Elə istəyirdi and içsin ki, yumurtanı qaynamağa qoyanda saata baxıb və düz dörd dəqiqənin tamamında götürüb.

Qapı möhkəm çırpıldı. Elə çırpıldı ki, Narın bir anlıq mətbəxin aynalarının qırılıb töküldüyünü düşündü.

Həyətə çıxıb darvazanı bağlamaq istədi. Amma bir-iki addım atıb dayandı. Nar ağacının altında əyləşdi. Adətən, belə vaxtlarda - ürəyi dolanda, ağlayanda Şirin gəlib onu qucaqlayar və güldürənə qədər də əl çəkməzdi:

- Sən ərini tanımırsan, ay mama, axı niyə belə ürəyinə salırsan? Mən gözümü açandan o, hər şeydən narazıdır da...

Bir az susar, sonra gülə-gülə:

- Xoşu gəlir də səni incitməkdən...

Daha sonra anasına yol göstərərdi:

- Sən də gərək bircə dəfə onunla belə rəftar edəydin...Onda başa düşərdi yəqin... Ən yaxşısı sən onu hərdən qorxut daa... De ki, belə eləsən axırda tək qalacaqsan... De ki, baş alıb gedəcəm... Atam evinə qayıdacam.

Adətən, Şirin bunları deyəndə ikisini də gülmək tutardı. Çünki Şirin də, o özü də yaxşı bilirdi ki, bu, mümkünsüzdür. Narın elə bir ailədə tərbiyə almışdı ki, orda ərə getdiyin evdən geriyə dönüş ola bilməzdi. Həm də neçə ildən sonra axı nə deyib qayıdacaq ki?

Xeyli oturdu. Birdən yadına düşdü ki, Şirin yoxdur. Daha doğrusu, çox-çox uzaqlardadır Şirin. Daha belə vaxtlarda onun dadına yetişən, deyən-gülən, onun könlünü açıb güldürən, yaşına uyğun olmayan bir halda anasına "həyat dərsi" verən Şirin də yoxdur.

Telefonun səsinə diksindi. Səhər-səhər kim olar?

- Alo, - deyincə Şirinin səsi gəldi:

- Can, mama, burda da rahatlıq vermirsiz eee mənə. Yuxuda gördüm səni də, papanı da. Amma qarışıq yuxuydu. Heç əməlli-başlı da yadımda qalmayıb.

Üzüntüsünü, kədərini gizlətməyə çalışdı:

- Orda saat neçədir ki, oyanmısan?

- İki saat fərqimizə görə bizdə saatlar 7-ni göstərir. Nə fərqi var e? Əsas de görüm necəsiniz?

- Yaxşıyam, qızım, atan da çox yaxşıdır, - dedi.

- Atam, əlbəttə, yaxşı olar da, yəqin səhər-səhər...

Şirinin sözünün davamını gətirməyə imkan vermədi:

- Sən orda da bizi düşünmə, imtahanlarına hazırlaş.

- Hazırlaşıram, ay ana, hazırlaşıram. Amma bax, birdən qərarını versən, düşünmədən gəl. Qoy bir az da sənsizliyin dadını görsün...

- Elə demə...

- Bax, qaldığım evi, universitetimi, iş yerimi görsən... Hələ şəhərin gözəlliyini demirəm - görsən heç geri qayıtmaq istəməyəcəksən...

- Danışarıq, axşam atanla danışaram...

Bütün günü nə deyəcəyini, necə başlayacağını, onu necə razı salacağını düşündü.

İlk tanışlığında təbəssümünə, xoş davranışına vurulduğu insanla indi bir kəlmə söz danışmaq, nəyisə bölüşmək, onu nəyəsə razı salmaq mümkün deyildi. Evliliklərinin ilk illərində bəh-bəhlə yediyi yeməklər çoxdan, onun təbirincə desək,"zəhər"ə çevrilib.

Axı o, belə deyildi...

Səhərdən qalan süfrəni yığışdıra-yığışdıra qayınanasını xatırladı...

Cəmi bircə dəfə qayınanasına Niyazdan şikayət etdi. Kaş ki deməzdi. Aldığı cavab qəlbini incitdi. Daha bir də kimsəyə nəsə demədi.

- Mənim oğlum ağıllı-başlı adamdır. Əgər səninlə pis davranırsa, demək günah səndədir. Sən onu dəyişmisən, dəli etmisən. Yaxşı qadın özünə qamçı..., yox eee özünə söz dedirtməz!

Sonra günlərlə oturub düşünmüşdü ki, bəlkə doğrudan da, günah elə onun özündədir. Bəlkə doğrudan da, Niyazı qıcıqlandıran nələrsə edir? Şirinin dünyaya gəlişindən sonra bir-birinə daha da möhkəm bağlanmalı olduqları halda hər şey əksinə oldu...

Bəlkə də belə şeylər hər bir ailədə baş verir. Bir çoxu, ola bilər ki, bu "incəliklər"i görməzdən gəlib, qaynanasının təbirincə desək,"udub" yaşayırdı. Amma ona çox çətin idi... Çox şeyi "uda-uda" deyəsən özünə əməlli-başlı ziyan vurmuşdu. Boğazında sanki bir düyün yaranmışdı, udquna bilmirdi. Həkim elə ilk simptomlarını bilən kimi "nevroz" - deyib təəssüf dolu baxışlarla onu süzmüşdü...

- Dərman yazıram, amma yaxşı olar ki, bir müddət mühitini dəyişəsən, səni narahat edən, qıcıqlandıran nə varsa, ondan uzaq olasan.

- Həkim, mümkün deyil, yoldaşımın xasiyyəti elədir ki, harasa çətin gedə bilim.

- Onda çalış işə düzəl, başın qarışsın, yeni insanlarla ünsiyyətdə ol...

Narının susduğunu görüb davam etmişdi:

- Bəlkə təhsilin yoxdur, ona görə iş tapmaqda çətinlik çəkəcəyini düşünürsən. Amma sizə bir şey deyim, indi diplomsuz adama daha çox ehtiyac var.

Həkim resept yaza-yaza nazik, incə manikürlü barmaqlarını göstərərək:

- Baxın, ən gözəl iş budur,vallah, ən çox tələbat indi bunadır. 10-15 gün kursa gedib bir salonda işə də düzələ bilərsiz...

Açı-acı gülümsəmişdi. Evdə yataq otagında şkafın rəfində yatan qırmızı diplomunu xatırlamışdı. Universitetin şərqşünaslıq fakültəsinin ən fəal, ən sevilən tələbələrindən olduğu o illər elə uzaqda qalmışdı ki...

Toydan iki ay sonra - elə diplom müdafiəsinin axşamı aralarındakı söhbət arzularının, istəklərinin üstündən xətt çəksə də, onun əksinə getməmişdi. Evliliyin o qədər şirin çağıydı ki...

- İş deyirsən, səni başa düşürəm, amma evdə də iş az deyil, evimizə kim baxsın?

- Axı mən gecə-gündüz oxumuşam ki...

- Elə bilirsən işləmək asandır? Bilirsən nə qədər stress yaradır adamda... İnan, sənə qıymıram, sənə görə deyirəm.

- Mən...

- Mən yox, biz varıq, - deyib sözünü tamamlamağa qoymamışdı. Narını möhkəm-möhkəm qucaqlayıb elə qucağında fırlada-fırlada da qulağına pıçıldamışdı:

- Sənin işə ehtiyacın yoxdur. Mənim isə ancaq və ancaq sənə ehtiyacım var. Səni elə yaşadacam ki, hamı sənə qibtə edəcək...

Niyaz onu, doğrudan da, ilk illər elə yaşatdı ki, nə diplomu, nə də karyera qurmaq arzuları yadına düşdü... Sonra nə oldu, bilmədi. O, yavaş-yavaş dəyişdi. Niyə dəyişdi, nədən dəyişdi? Sevgi-məhəbbətlə dolu, hər istəyini anındaca yerinə yetirən o gülərüzlü insan getdi, yerinə sanki bir başqası gəldi...

Güzgünün qabağına keçib xeyli özünə baxdı. Gözündəki ifadədən özü də üşəndi. Düşündü ki, görəsən, dünyada onun kimi beləcə güzgüyə baxıb özü-özündən qorxan nə qədər insan var?

Özünə yazığı gəldi. Bu, mən deyiləm bəlkə? Bəlkə Niyazın belə olmasında da günah onun özündədir? Bəlkə, bəlkə...

Sürətlə evdən çıxdı. Elə bil güzgüdəki insandan qorxmuşdu. Dayanmadan gedirdi. Evlərindən bir az aralanmışdı ki, kimsə onu səslədi:

- Narın, nə olub, hara tələsirsən belə?

Başını çevirib onu səsləyən qonşusunu gördü. Leylanın həmişəki kimi üzü-gözü də, paltarı da sanki işıq saçırdı. Əynində arıq, incə vücudunu saran qırmızı paltar vardı.

- Heç...

- Necə heç? Özü də belə havada? Əynin-başın da belə nazik...

- Hə, tələsik çıxdım, geyinə bilmədim, - deyib ondan uzaqlaşmaq istədi. Qonşu qadınların çox da sevmədiyi, həmişə deyib-gülən, ən gözəl geyimlərini nümayiş etdirməkdən xüsusi zövq alan Leyla ilə danışmaq bu dəqiqə onun üçün ən böyük işgəncə ola bilərdi...

Uzaqlaşmaq istəsə də, Leylanın ondan əl çəkmək fikri yox idi.

- Dayan, sən xoşuma gəlmədin, nə olub sənə, - deyən Leyla sualına cavab almayıb tələsik özünü ona yetirdi. Əlini onun çiyninə qoyanda Narını qəhər boğdu, hönkürtü ilə ağlamağa başladı.

Leyla heyrət içindəydi. Kənardan az qala hamının həsəd apardığı bu ailədə görən nələr baş verir?

Narın boğula-boğula ancaq bunu deyə bildi:

- Leyla, mən daha dözə bilmirəm, Niyazla aramızdakı münasibət... Onunla heç nə danışmaq olmur.

- Nə oldu sizə?

Susaraq:

- Elə bilirsən mən kefdəyəm? Hamıda olur da...

- Yox, biz çoxdan... o çoxdan belədir.

- Kişilərin çoxu belədir.

- O, heç məni dinləmir ki..

- Bəzən kişiylə qadın arasında ağlımıza gəlməyən şeylər baş verir.

Sonra dünyada hər şeydən hali olan biri kimi rahat bir şəkildə tövsiyəsini verdi:

- Sən çalış özünə zaman ayır. Qızın da yoxdur burda. Evdə bütün günü oturub neynirsən ki?

- Necə?

- İşə başla, köhnə dostları axtar tap, görüş onlarla, əvvəlki Narını geri qaytar.

O anda dərindən nəfəs alaraq həkimin dediklərini yada salmışdı - uzaqlaşmaq, yeni mühit, yeni insanlar...

Leyla yenə nəsə deyirdi:

- Əsas cəsarətli ol, özünü geri qaytarmaq üçün bir addım at!

- Düz deyirsən, mən o addımı atmalıyam.

Leylanı qucaqlayıb öpdü və qayıdıb evə tərəf getdi.

Narın artıq qərarını vermişdi - gedəcəkdir burdan. Qoy heç Niyaz onun birdəfəlik getdiyini də bilməsin. Elə bilsin ki, qayıdacaq.

Həyəcanla axşamı gözlədi.

 

***

 

Həmişəki kimi axşam Niyaz işdən qayıtdı. Oturub iştahla yeməyini yedi. Gözlədiyindən fərqli olaraq:

- Gəl otur, birlikdə yeyək, - dedi.

Səhərki adam deyildi elə bil. Çay içəndə də əlini uzatdı, onun çoxdan sığal görməyən əllərini sıxdı. Bu gün çox qəribəydi Niyaz. Tərəddüdlə, çəkinə-çəkinə:

- Səninlə söhbət etmək istəyirəm, - dedi.

Bir az susub:

- Şirin hələ uşaqdır. Ondan çox narahatam. Yeri-yurdu necədir, qaldığı şərait necədir? Bilirəm, sən də narahatsan. Bəlkə on günlüyə gedim uşağa baş çəkim?

Bu sözləri deyənə kimi o qədər həyəcan keçirdi ki... Gözləyirdi ki, indi bomba kimi partlayacaq...

Niyaz onu bayaqkı qayğı ilə, mehribanlıqla süzdü:

- Düz deyirsən, mən də narahatam. O desə də, hər şeyi gedib gözünlə görsən yaxşıdır.

- Deməli, gedim?

- Əlbəttə, get.

Qulaqlarına inanmadı...

İstədi qalxıb onu qucaqlasın. Amma xatırladı ki, Niyaz daha belə şeyləri sevmir...

- Allah səndən razı olsun... Elə narahatam ki, nə yeyir, nə içir, kimnən oturub durur?

- Yox, sənə bu həftəyə bilet alaq, elə bu şənbəyə... Mən də gedərdim, amma işi qoyub çıxa bilmirəm.

Narın bu dəfə ürəyində Allaha sonsuz təşəkkür etdi ki, Niyaz işini qoyub onunla getmək istəmədi...

Artıq səfər hazırlığına başlamışdı. Niyaz da bu günlər tamam dəyişmişdi. Lap qəribə olmuşdu. Yeməklərini bəh-bəhlə yeyirdi. Həmin mehriban, istiqanlı Niyaz sanki nədənsə duyuq düşüb geri qayıtmışdı.

Bu söhbətin ardınca Narın:

- Paltarım çoxdur, - deyib təkid etsə də, güclə mağazaya aparıb ona geyimlər almışdı. Qayıdarkən maşını yolüstü qadın gözəllik salonunun qarşısında saxlayıb:

- Get ürəyin istəyəni elə, amma qızımızın yanına qəşəng get, - demişdi.

Narın bu baş verənləri heç cür anlamasa da, o gün saçlarını ən sevdiyi rənglə - açıq qəhvəyi rənglə boyatdırmışdı. Fikir verərdi həmişə - Leyla da saçını bu rənglə boyadırdı.

- Bir az tez gedək. Birdən yollarda tıxac olar.

Axşamdan hazırladığı yeməkləri bir-bir soyuducuya yığan Narın:

- Yeməyin çoxdur. Hazırlamışam, - dedi.

Sakit bir səslə:

- Ac qalma, - dedi və özünə də qəribə gəldi ki, Niyazın yeyəcəyindən-içəcəyindən niyə bu qədər narahatdır. Qəlbən küsdüyü insana bu qədər diqqət, mərhəmət hardandır?

Telefonu zəng çaldı. Şirindi. O da orda narahatdı.

- Hazırıq, elə beş-on dəqiqəyə atan məni aparacaq hava limanına. İnşallah, gecikmə olmaz...

- Gəl, mama, gəl...

Şirinin sözünü birdən yarımçıq kəsdi. Niyazın uzaqda olduğunu görüb pıçıltıyla dedi:

- Tamam yadımdan çıxıb, diplomumu da götürüm.

- Neynirsən axı, ay mama, burda o diplom nəyə yarıyar ki?..

Narın tutuldu. Şirinə hiss etdirməsə də, səsi titrədi:

- Orda boş dura bilmərəm, işləyərəm yəqin...

- İşləmək istəsən, iş taparıq. Sən təki gəl.

Yox, ruhdan düşmək olmaz. Gedəcək, diplomunu da aparacaq. Vaxt gələcək Niyaza da, elə qızına da sübut edəcək ki, o bu diplomu boşuna almayıb.

- Nə oldun? Çıxmırsan? - Niyaz onu səslədi.

Səliqə ilə diplomunu büküb çantasına qoydu. Son dəfə evə nəzər saldı. İllərini verdiyi bu evdə yaşadığı bütün gözəl və acı xatirələr bir-bir gözünün önündə canlandı. Niyazla keçirdiyi anlar, gülüşlər, mübahisələr, kədərlər...

Həyatında yeni bir səhifə açmaq vaxtıdır.

Yol boyunca Niyaz onun əlindən tutdu. O da əlini çəkmədi…

Uçuşdan əvvəl Niyaz onu qucaqladı. Narın o anlarda gözlərini yumdu. Çünki bu gözlərdə sevgiylə yanaşı kədər, küskünlük də vardı…

Artıq hər şeyi geridə buraxmağın, öz yoluna davam etməyin zamanı gəlmişdi.

Canı-ciyəri Şirin, yeni dostlar, yeni həyat onu gözləyirdi… Yeni bir yola çıxmışdı, nəhayət, onu qaranlıqdan azadlığa çıxaran, özünü tapmağa aparan bir yola çıxmışdı…

Uçuşa dəqiqələr qalırdı… Fikirləri qovur, bircə təyyarənin tez havaya qalxmasını istəyirdi. Bəlkə bundan sonra, buludların arasında özünün də anlamadığı o düşüncələrdən xilas ola biləcək.

Stüardessanın səsi gəldi:

- Telefonları söndürün. Kəmərləri bağlayın…

Əlini çantasına atdı. Diplomunun altından telefonu götürüb söndürmək istədi…

Bir səs gəldi. Mesaj idi. Niyazı bu yaxınlarda müayinə edən həkimdəndi. Açmaq istəmədi. Amma söndürmək də istəmədi. Tərəddüd və narahatlıqla açdı…

"Narın, özü bilməsin deyə sənə yazıram, vəziyyət heç də yaxşı deyil. Dilimə gətirmək istəmirəm - ondandır, həm də deyəsən, "bəd"indən… Mütləq sabah gəl, danışaq…

Stüardessanın baxışları altda telefonu söndürməmişdən qızına bir səs ata bildi:

- Şirin, mənə sabaha qayıtmağa bilet al. Gələndə deyərəm ətraflı…

 

Kəmalə Mirzəyeva

Digər xəbərlər